Müəllimlərin sertifikasiyası: Maaş artımı, ya bilik sınağı? - ARAŞDIRMA
22 may 2024 14:49 (UTC +04:00)

Müəllimlərin sertifikasiyası: Maaş artımı, ya bilik sınağı? - ARAŞDIRMA

Hər bir ölkənin təhsilinin keyfiyyət səviyyəsini ölçən meyarlar var. Bu meyarlardan biri də pedaqoji işçilərin sertifikasiyaya cəlb edilməsidir. 

Lent.az xəbər verir ki, APA Azərbaycan təhsil sistemi üçün yeni təcrübə olan müəllimlərin sertifikasiyası haqda araşdırma aparıb.

Zaqatala rayonu Aşağı Tala kənd Ramiz Şabanov adına 3№-li tam orta məktəbin ibtidai sinif müəllimi 55 yaşlı Südabə Qaziyeva ötən il müəllimlərin sertifikasiyasında iştirak edib və 59 bal toplayıb.

Onun sözlərinə görə, müəllimlərin sertifikasiyası ilə bağlı qərar ilk zamanlar müəllimlər arasında səs-küyə səbəb olub:

“Bəzi fikirlər var idi ki, müəllimləri imtahana çəkməyə nə ehtiyac var? Mən də düşündüm ki, suallar çətin olacaq. İmtahandan əvvəl bir ay biliklərimi təzələdim. Əsasən, kurrikulum ilə bağlı terminləri bir daha nəzərdən keçirdim. Mənim üçün imtahanda çətin sual yox idi. Sadəcə, sualların formatı dəyişik idi. Məntiqi təfəkkür tələb edən suallar çox idi. Yəni suala birbaşa cavab yox idi. Cavabdakı rəqəmlərin hasili, yaxud cəmi ilə suala cavab verirdik. Suallar asandan çətinə doğru olmaqla müxtəlif səviyyədə idi”.

Südabə Qaziyeva repetitor yanına gedərək sertifikasiya imtahanına hazırlaşan müəllimlərlə bağlı qeyd edib ki, gündəlik sinfə girib dərs deyən müəllim üçün əlavə hazırlığa ehtiyac yoxdur:

“Müəllim öz üzərində daim çalışmalıdır. Mən 1990-cı ildə ali məktəbi bitirmişəm. Ali məktəbi bitirdiyim ildəki biliklərim ilə mən bu gün sinfə girə bilmərəm. Çünki elm və texnika inkişaf edib. Müasir təhsilin əsas prinsipi özünütəhsildir. Sertifikasiyada suallar sırf mənim tədris etdiyim mövzulardan idi”.

 

Elm və təhsil naziri Emin Əmrullayevin sözlərinə görə, bir ibtidai sinif müəllimi orta hesabla hər 4 ildən bir 20 şagird hazırlayır:

“Müəllimin hazırlıq səviyyəsi nə qədər yüksəkdirsə, sistem də o qədər güclüdür. Bu baxımdan müəllimlərin bacarıq səviyyəsini artırmalıyıq. Bizim 4 müəllimimizdən biri sertifikatlaşdırmadan keçəndə öz əməkhaqqına 35 faiz əlavə alır, digərlərinin əməkhaqqına isə 10 faiz əlavə tətbiq edilir. Bu prosesdə 90 faiz müəllim sertifikatlaşdırmadan uğur əldə edir. Bununla yanaşı, sertifikatlaşdırmadan iki dəfə kəsilən müəllimin işinə xitam verilir”.

Nazir əlavə edib ki, həmin müəllim 20 illik fəaliyyəti dövründə 5 sinif təhvil verirsə, bu, 100 uşaq deməkdir: “1000 belə adam 100 min adamı hazırlayır. 100 min uşağa keyfiyyətli müəllim verə bilmiriksə, deməli, onların hüququnu pozur, gələcəyini əllərindən alırıq. Buna etiraz edənlərin də bu mənada heç bir haqqı yoxdur. Buna görə biz bu məsələdə israrlıyıq və hesab edirik ki, etdiyimiz də düzgündür”.

Yeni təcrübə, güzəştlər, qaydalar, təkliflər

Təhsil eksperti Elşən Qafarov mövzu ilə bağlı bildirib ki, Azərbaycan müstəqilliyinin 33-cü ilində olsa da, bu illər ərzində Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində cəmi bir dəfə müəllimlərin peşəkarlığını ölçən attestasiya keçirilib:

“1994-cü ildə keçirilən bu attestasiya formal xarakterli idi. 2014-2017-ci ildə dövlət ümumi təhsil məktəblərində diaqnostik qiymətləndirmə keçirildi. Bu qiymətləndirmə əslində müəllimlərin sertifikasiyasına hazırlıq mərhələsi idi. Sertifikasiya prosesi 2023-cü ildə ibtidai sinif müəllimləri ilə başladı. Sonra tədris dili və ədəbiyyat müəllimləri sertifikatlaşdırıldı. Bu il isə xarici dil və riyaziyyat müəllimləri sertifikasiyadan keçəcək. 2026-cı ilə qədər bu proses başa çatacaq”.

Təhsil ekspertinin sözlərinə görə, sertifikatlaşmanın əsas məqsədi hazırda dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin peşə yararlılığını və peşəkarlıq səviyyəsini ölçməkdir:

“Sertifikasiya Azərbaycanın təhsil sistemi üçün yeni bir prosesdir, buna görə də bəzi güzəştlər var. Dünyada bir çox inkişaf etmiş və inkişafda olan ölkələrin təhsil sisteminə baxdıqda müəllim peşəkarlığının yoxlanılması ən vacib məsələdir. Bu da təhsilin inkişafı və mövcud vəziyyətin müəyyən edilməsi, dövlət standartlarının keyfiyyətlə həyata keçirilməsi üçün əsas şərtdir. Sertifikatlaşdırmada iştirak etmək hər bir müəllimin vəzifəsidir. Bu Təhsil haqqında Qanunda da öz əksini tapıb. Sertifikatlaşmadan uğurla keçən müəllimlərin əmək haqqına 10%, 51+ bal topladıqda isə 35% əlavə olunur. Bu da ümumilikdə müəllimlərin əməyinin stimullaşdırılması məqsədi daşıyır. Sertifikasiyadan uğurla keçən müəllimlər həm də rəhbər vəzifələrə irəli çəkilir”.

Sertifikatlaşdırma müəllimləri davamlı peşəkar inkişafa təşviq edir

Müəllimlərin sertifikasiyası ilə bağlı həmsöhbət olduğumuz şəxslərdən biri də Azərbaycan Dövlət Pedaqoji Universitetinin strateji inkişaf məsələləri üzrə prorektoru, Qabaqcıl təhsil işçisi Könül Pirverdiyevadır. Onun sözlərinə görə, sertifikatlaşdırma müəllimləri davamlı peşəkar inkişafa təşviq edərək tədris etdikləri fənlərə dair aktual olan təhsil tədqiqatlarını, çağdaş metodologiyaları bilmələrini zəruri edir:

“Bu davamlı öyrənmə prosesi müəllimlərə yeni təhsil texnologiyalarına və strategiyalarına uyğunlaşmağa kömək edir, təhsil ictimaiyyətində ömür boyu öyrənmə mədəniyyətini inkişaf etdirir. Peşəkar öyrənmə icmaları (PLC) davamlı inkişafı dəstəkləyən, müəllimlər arasında əməkdaşlıq təcrübələrini və paylaşılan pedaqoji liderliyi təşviq edən üsullardan biridir”.

ADPU-nun prorektoru Könül Pirverdiyeva əlavə edib ki, müəllimlərin sertifikasiyası ilə şagird nailiyyətləri arasında müsbət korrelyasiyanın olduğu tədqiqatlardan da görünür: “Ümumiyyətlə, müəllimlərin sertifikatlaşdırılması təhsilin keyfiyyətinin yüksəldilməsində, pedaqoq-müəllimlər arasında peşəkar yüksəlişin dəstəklənməsində və şagirdlərin nəticələrinin yaxşılaşdırılmasında mühüm rol oynayır”.

Məktəbəqədər və Ümumi Təhsil Üzrə Dövlət Agentliyinin əməkdaşı Muxtar Hacıyev deyir ki, 2022-ci ildə ilk dəfə təşkil olunan sertifikatlaşdırma prosesinə 11 590 təhsilverən cəlb olunub:

“Onlardan 11 211 ibtidai sinif müəllimi iştirak edib və prosesdə 96,7 faiz davamiyyət qeydə alınıb. Prosesi uğurla tamamlayan 3 163 müəllimin əməkhaqqına 2022-ci ilin sentyabr ayından 35 faiz, 5 624 müəllimin əməkhaqqına isə 10 faiz əlavə olunub. 2023-cü ildə təşkil olunan sertifikatlaşdırma prosesində 29 951 ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimi iştirak edib və prosesdə 97,7 faiz davamiyyət qeydə alınıb. Qeyd edək ki, sertifikatlaşdırmadan keçmiş 5 246 təhsilverənin vəzifə maaşına 35 faiz, 17 914 təhsilverənə isə 10 faiz artım tətbiq olunub. 24 iyul 2023-cü il tarixli Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında edilmiş dəyişikliyə əsasən pedaqoji staj üzrə tələb 5 ildən 3 ilə endirilib, eyni zamanda, 60 və daha yuxarı yaşda olan təhsilverənlərin sertifikatlaşdırma prosesində iştirakı könüllü şəkildə olub”.

Təhsil eksperti Elşən Qafarov əlavə edib ki, Nazirlər Kabinetinin 2020-ci il 30 aprel tarixli 155 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nda dəyişiklik edilməsi haqqında qərara görə sertifikatlaşma prosesi hər beş ildən bir keçirilir:

“Proses yeni olduğu üçün hələlik güzəştlər var. Lakin gələcəkdə sertifikatlaşma prosesinin üç ildən bir keçirilməsi daha effektiv olardı. Çünki dünyanın tədris sistemində müəllim peşəkarlığının yoxlanılması hər tədris ili üçün olur. Beş il kifayət qədər böyük bir zamandır. Amma indiyə qədər bizdə olmayıb deyə ilkin sertifikatlaşma prosesinin beş ildən bir götürülməsi müsbət addımdır. Növbəti sertifikatlaşma prosesinin üç ildən bir keçirilməsi ilə bağlı qanunvericilikdə dəyişiklik edilməsi üçün zərurət var”.

Sertifikasiyanın keçirilmə müddəti ilə bağlı təklifə münasibət bildirən Könül Pirverdiyeva deyib ki, dünyanın müxtəlif ölkələrində bu müddət 2 ildən 7 ilə qədər dəyişir:

“Sertifikasiyanın keçirilməsi müddətindən daha önəmli məqam universitetlərdə müəllim hazırlığı proqramlarının məzmun keyfiyyətinin artırılması və bu proqramların yenilənməsinin çevikliyinin sürətləndirilməsidir. Tələbələrin təhsil dövründə pedaqoji təcrübə müddətinin uzadılması, eyni zamanda, bu təcrübənin effektivliyinin və səmərəliliyinin artırılması da xüsusi əhəmiyyət kəsb edir. Bundan əlavə, ixtisas üzrə proqram akkreditasiyalarının həyata keçirilməsi də bu işə müsbət təsir göstərə bilər. Bu yanaşma müəllimlərin təlim ehtiyaclarına uyğun olaraq onların peşəkar inkişaf təlim və proqramlara yönəldilməsi intensivliyinin artırılması ilə müşayiət olunmalıdır. Bu sıraya ixtisasartırma proqramlarının yenidən nəzərdən keçirilməsi və onların keyfiyyətinin artırılması da əlavə olunmalıdır”.

Təhsil eksperti Elşən Qafarov vurğulayıb ki, sertifikatlaşma qaydalarında göstərilir ki, birinci mərhələdə test imtahanı keçirilir. Hər müəllimə tədris etdiyi fənn üzrə 60 sual təqdim edilir. Bu suallar metodik bacarıqları, həmin fənnin tədrisi ilə bağlı müasir yanaşmaları və s. əhatə etməlidir:

“Hazırda bizdə bu 60 sualın 50-si sırf müəllimin tədris etdiyi fəndə olan suallardır. Əslində, həmin suallar şagirdlər üçün nəzərdə tutulub. Abituriyentlər də eyni suallara cavab verirlər, müəllimlər də... Bu, güzəştli yanaşmadır. Müəllimlərin də böyük əksəriyyəti sertifikatlaşmadan keçirlər. Düşünürəm ki, növbəti sertifikasiya zamanı metodik suallara üstünlük veriləcək. İlk sertifikasiya olduğu üçün bu, qəbulediləndir”.

MÜTDA-nın nümayəndəsi Muxtar Hacıyev qeyd edib ki, 2024-cü ildə təşkil olunacaq sertifikatlaşdırma prosesinə riyaziyyat və xarici dillər üzrə fənləri tədris edən təhsilverənlərin cəlb olunması nəzərdə tutulur. O deyib ki, riyaziyyat və xarici dillər üzrə fənlərin seçilməsi müəllimlərin say çoxluğu və bu fənlərin buraxılış imtahanları proqramına daxil olması ilə bağlıdır.

Ötən il sertifikatlaşdırmanın test mərhələsindən keçib, müsahibə mərhələsindən kəsilmiş müəllimlərin təkrar sertifikasiyaya hansı formada cəlb olunması ilə bağlı sualımıza cavab verən Muxtar Hacıyev qeyd edib ki, həmin müəllimlər birbaşa müsahibə mərhələsinə cəlb olunur. Müsahibə mərhələsi bu meyarlar əsasında maksimum 40 balla qiymətləndirilir:

- proqram üzrə mövzunu təqdimetmə bacarığı;

- təhsilalanları qiymətləndirmə bacarığı;

- özünü təqdimetmə bacarığı;

- pedaqoji prosesi təşkiletmə bacarığı;

- ünsiyyət bacarığı.

Hər bir meyar 4 ballıq şkala əsasında ölçülür.

Fəxri ad almış müəllimlərin sertifikasiyadan azad edilməsi ilə bağlı məsələyə gəldikdə isə MÜTDA-nın nümayəndəsi deyib ki, dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası”nda qeyd olunan istiqamət üzrə hər hansı imtiyaz nəzərdə tutulmayıb.

Hər üç müəllimdən ən azı bir nəfəri özü sertifikasiyaya hazırlaşmaq üçün repetitor yanına gedir

Təhsil eksperti Elşən Qafarov bildirib ki, sertifikasiyada 60 sualdan 30-na düzgün cavab verən artıq sertifikasiyadan keçmiş hesab olunur. Keçə bilməyənlərə isə bir il zaman verilir və onlar şans imtahanına cəlb olunurlar:

“Eyni zamanda, az qala hər üç müəllimdən ən azı bir nəfəri özü sertifikasiyaya hazırlaşmaq üçün repetitor yanına gedir, bu, qəbuledilməzdir. Amma qazanan yenə də təhsil sistemidir. Onlar öyrəndiklərini sonunda sinifdə tətbiq edəcəklər, heç bir əlavə təhsilin bacara bilmədiyi bir nəticə alınacaq”.

Təhsil ekspertinin toxunduğu daha bir məqam isə xarici dil müəllimlərinin sertifikasiyası ilə bağlıdır:

“Bu il xarici dil müəllimləri də sertifikasiya olunurlar. Ölkədə 150 minə yaxın dövlət ümumi təhsil müəssisəsində çalışan müəllimlərimiz var. Onlardan təxminən 30 mini xarici dil müəllimidir. Təhsil haqqında Qanunun 19-cu maddəsi, Ümumi təhsil haqqında Qanunun 13-cü maddəsində konkret göstərilir ki, tam orta təhsil səviyyəsini bitirən hər bir məzun bir və ya bir neçə dildə ünsiyyət saxlamağı bacarmalıdır. Bizim 30 minə yaxın xarici dil müəllimimizin əksəriyyəti tədris etdiyi fənn üzrə ünsiyyət saxlamağı bacarmırlar. Bacarmadıqlarına görə də məzunlara o bacarıqları ötürə bilmirlər. Düşünürəm ki, xarici dil müəllimlərinin sertifikasiyasının müsahibə mərhələsi tədris etdiyi dildə olmalıdır. Onların dil bacarıqlarının ölçülməsi üçün müsahibə mərhələsi digər müəllimlər üçün 20 dəqiqə olduğu halda, onlar üçün 10 dəqiqə artıq olmalıdır”.

Diferensiallaşdırılmış əmək haqqı sisteminə keçməliyik

Elşən Qafarovun sözlərinə görə, yüksək nəticə göstərən müəllimlərin əmək haqqına 35% əlavə edilir. Lakin burada diferensial əməkhaqqı prinsipi tətbiq edilə bilər:

“30 baldan 50 bal da daxil olmaqla nəticə toplayan müəllimin isə əməkhaqqı 10 faiz artırılır. Təklif edirik ki, əmək haqqı 30-40 bal arasında 10%, 41-50 bal arasında 20%, 51-60 bal arasında 35% artımla verilsin və 30-50 bal toplayanlara hər il könüllülük prinsipinə əsaslanmaqla nəticələrini yaxşılaşdırmaq üçün şans verilsin. Məsələn, Qazaxıstanda bu təcrübə var. Biz diferensiallaşdırılmış əmək haqqı sisteminə keçməliyik. Bu, təhsilin inkişafı üzrə dövlət strategiyasında da göstərilib. Müəllimin nəticələrinə təkcə sertifikasiyada olan göstəriciləri aid deyil. Şagirdlərinin buraxılış imtahanlarındakı, “Sabahın alimləri”, “Texnofest” və digər müsabiqələrdə iştirakının nəticələrinə görə müəllimin əmək haqqına əlavələr olmalıdır”.

Pedaqoji Universitetinin prorektoru Könül Pirverdiyeva sertifikatlaşdırma prosesinin yalnız imtahanla məhdudlaşması əvəzinə müəllimlərin karyeraları boyu müntəzəm olaraq davamlı peşəkar inkişaf proqramlarında iştirak etməyə təşviq edilməsini daha məqsədəuyğun hesab edir:

“Məsələn, ABŞ-də Pedaqoqun Peşəkar Standartları üzrə Milli Şura müəllimlərin peşəkar inkişafını daim dəstəkləyir və müxtəlif sertifikatlar təklif edir. Həmçinin müəllimlərin bir araya gəldiyi, təcrübələrini bölüşdüyü və birlikdə öyrənmək imkanlarının olduğu peşəkar öyrənmə icmalarının yaradılması da effektiv ola bilər. Sinqapurda müəllimlər təcrübə mübadiləsi və ümumi problemlərə həll yolları yaratmaq üçün müntəzəm olaraq peşəkar öyrənmə icmalarında bir araya gəlirlər”.

Könül Pirverdiyevanın sözlərinə görə, sertifikatlaşdırma prosesinə təkcə test və müsahibə mərhələsinin nəticələri deyil, həm də sinifdaxili müşahidələr, portfolio qiymətləndirmələri və müəllimlərin layihələri kimi çoxölçülü qiymətləndirmə üsulları daxil edilə bilər.

Təhsil eksperti Elşən Qafarov daha bir məqama da toxunub. O, əlavə edib ki, bəzi müəllimlər ixtisası üzrə deyil, tədris etdiyi fənn üzrə sertifikasiyadan keçməli olduğunu düşünür:

“İllərlə müəllimlərin işə qəbulu məsələsində böyük nöqsanlara yol verilib. Ümumi təhsil məktəblərinin idarə edilməsində çox böyük problemlər yaranıb. Bu gün də o problemlər qalmaqdadır. Şəxsin müəllim işləmək hüququ onun bu sahədə aldığı dövlət nömrəli sənəd ilə təsdiqlənir. Yəni diplom ilə. Diplomda riyaziyyat müəllimi yazılıbsa, şəxs riyaziyyat müəllimi kimi fəaliyyət göstərə bilər. İndiyə kimi riyaziyyat dərsi deməyib, ibtidai sinif müəllimi kimi işləyibsə, bunlar sertifikasiyaya təsir etmir. Müəllim ixtisası üzrə sertifikasiyaya cəlb olunur. İki ixtisaslı diplomu olan müəllimlərə gəldikdə isə, məsələn, fizika-riyaziyyat ixtisası olan müəllim sertifikasiya zamanı həm riyaziyyat, həm də fizika müəllimləri üçün keçirilən sertifikasiyada iştirak edə bilər. İki ixtisaslı diplom buna imkan verir”.

Prorektor Könül Pirverdiyeva Azərbaycan Dövlət Pedaqoji Universitetində dövlətin bakalavr ixtisasları üzrə təsnifatında mövcud olan bütün müəllimlik ixtisasları üzrə kadr hazırlığının həyata keçirildiyini bildirib:

“Bunların sırasında ikili ixtisas diplomu verən 6 ixtisas mövcuddur. Bunlar Azərbaycan dili və ədəbiyyat müəllimliyi, Rus dili və ədəbiyyat müəllimliyi, Türk dili və ədəbiyyat müəllimliyi, Riyaziyyat və informatika müəllimliyi, Tarix və coğrafiya müəllimliyi, Kimya və biologiya müəllimliyi ixtisaslarıdır. Bu ixtisaslarda təhsil 5 illik bir müddəti əhatə edir. İkili ixtisasa sahib olanların hansı fənn/ixtisasdan sertifikasiya cəlb olunacaqları isə müəllimin hansı fənn üzrə dərs yükü miqdarının çox olmasından asılıdır. Bununla bağlı yerli idarələrdən məlumatlar alınır. Müəllimlərimizin hansı fəndən dərs saatı çoxdursa, aydın məsələdir ki, artıq o fənn üzrə peşəkarlaşmış olur. Amma saatlar bərabərdirsə və ya fərq o qədər də böyük deyilsə, seçim müəllimin ixtiyarına buraxıla bilər”.

Təhsil eksperti Elşən Qafarov xatırladıb ki, bu gün ümumi təhsil məktəblərində pedaqoji təhsili olmayan çox sayda kadrlar var:

“Nazirlər Kabinetinin 30 aprel 2020-ci il tarixli 156 saylı qərarına görə, 59 adda ixtisas var ki, pedaqoji sahəyə daxil olmasa da ixtisas sahiblərinə pedaqoji sahədə işləməyə icazə verilir. Halbuki 60 minə yaxın pedaqoji təhsilli şəxs bu gün işsizdir”.

MÜTDA-nın rəsmisi Muxtar Hacıyev bildirib ki, Nazirlər Kabinetinin Qərarına əsasən, hər il müəllimlərin işə qəbulu üzrə müsabiqəyə buraxılacaq ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların siyahısı “Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”nın əlavəsində qeyd olunan ixtisaslara uyğun olaraq Elm və Təhsil Nazirliyi tərəfindən elan edilir. Müsabiqədə iştirakı nəzərdə tutulan pedaqoji təhsili olmayan ali təhsilli mütəxəssislər işə qəbul olunduqdan sonra müvafiq təlim kurslarına cəlb olunur.

“Rəngkarlıq, instrumental ifaçılıq, solo oxuma, dirijorluq, bəstəkarlıq, musiqişünaslıq, xalq çalğı alətləri ifaçılığı, estrada sənəti, qrafika, dizayn ixtisaslarına tələbat çox böyükdür? Yəni, bu ixtisaslar üzrə qeyri-pedaqoji ixtisaslı kadrların işə alınması hansı zərurətdən irəli gəlir?” sualına cavab olaraq isə MÜTDA-nın rəsmisi bildirib ki, dövlət ümumi təhsil müəssisələrində kadr çatışmazlığı olduqda “Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası”na əsasən pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ olan şəxslərin dövlət ümumi təhsil müəssisələrinə qəbulu həyata keçirilir.

Direktor və direktor müavinlərinə də şərait yaradılmalıdır ki, fənn müəllimi kimi sertifikasiyadan keçsinlər

Təhsil eksperti Elşən Qafarov əlavə edib ki, sertifikasiya qaydalarına görə, təhsilverənlər və idarəedicilər sertifikasiyadan keçməlidir:

“Buraya direktor, müavin, çağırışaqədər hazırlıq rəhbəri, psixoloq və s. aiddir. Proses yeni olduğu üçün hazırda mərhələli şəkildə həyata keçirilir. Düşünürəm ki, müəllimlərin sertifikasiyası başa çatan kimi rəhbər işçilərin sertifikasiyası keçiriləcək”.

“Hazırda direktor və direktor müavinləri həm də fənn üzrə tədris aparırlar”, - deyə qeyd edən təhsil eksperti hesab edir ki, onlar fənn üzrə sertifikasiyaya buraxılmırlar:

“Direktor və direktor müavinlərinə də şərait yaradılmalıdır ki, fənn müəllimi kimi sertifikasiyadan keçsinlər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4131
avatar

Oxşar yazılar