Məktəbdə ayaqyolunun olmamasına etiraz edən müəllim İŞDƏN ÇIXARILDI
18 sentyabr 2024 12:50 (UTC +04:00)

Məktəbdə ayaqyolunun olmamasına etiraz edən müəllim İŞDƏN ÇIXARILDI

Sosial şəbəkələrdə dərs ilinin ilk günü İmişli rayonu Aranlı kənd tam orta məktəbinin həyətində dərs keçən müəllimin videosu yayılmışdı. Belə ki, ibtidai sinif müəllimi Leyla Nəcəfquliyeva və şagirdlər bu formada etirazlarını bildiriblər.

Lent.az xəbər verir ki, Mil-Muğan Regional Təhsil İdarəsi sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı açıqlama yayıb. 

Bildirilir ki, sosial şəbəkələrdə İmişli rayonu Aranlı kənd Y. Sadatxanov adına 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəlliminin məktəbin giriş qapısının qarşısında şagirdləri yerdən əyləşdirərək onları təhsildən yayındırması ilə əlaqədar yayılan videolarla bağlı Mil-Muğan Regional Təhsil İdarəsi tərəfindən araşdırma aparılıb. 

"İmişli rayonu Aranlı kənd Y. Sadatxanov adına 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Leyla Nəcəfquliyeva məktəb rəhbərliyinin sentyabrın 16-da məktəbdə tədrisin İmişli rayon Aranlı kənd N. Əsədov adına 2 nömrəli tam orta məktəbdə təşkil olunacağı ilə bağlı verdiyi tapşırıqlara məhəl qoymadan, həmin gün saat 8 radələrində sinif rəhbəri olduğu III-b sinif şagirdlərinin bir qismini təhsildən yayındırıb.

Müəllim qeyd olunanlarla kifayətlənməyərək, bu prosesi özünün TikTok sosial şəbəkə hesabından canlı videogörüntü paylaşıb və şəxsi mənafeyi naminə şagirdlərdən alət kimi istifadə edib. Bununla da təhsilalanların sağlam və təhlükəsiz şəraitdə təhsil almaq hüquqlarını, həmçinin “Təhsilverənlərin etik davranış Qaydaları”nı kobud şəkildə pozub.

Bununla əlaqədar məktəb rəhbərliyi tərəfindən məktəbin ilk həmkarlar təşkilatının rəyi nəzərə alınaraq, Leyla Nəcəfquliyeva ilə bağlanmış əmək müqaviləsinə əmək qanunvericiliyinin müvafiq tələblərinə uyğun olaraq sentyabrın 17-də xitam verilib".

Xatırladaq ki, Leyla Nəcəfquliyeva ötən il sözügedən məktəbdə ayaqyolu olmaması ilə bağlı video çəkib sosial şəbəkələrdə paylaşıb.

Qeyd edək ki, müəllim son görüntülərə görə deyil, məhz ötən il məktəbdə ayaqyolu olmaması ilə bağlı video çəkib paylaşdığına görə vəzifəsindən azad edildiyini iddia edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8220
avatar

Arzu Qurbanlı

Oxşar yazılar