Mediasiya Şurasında mediasiya xidmətlərinin keyfiyyətinin qiymətləndirilməsi və keyfiyyətə nəzarət üzrə Komitə yaradılır.
Lent.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov qeyd edib.
O bildirib ki, artıq mediasiya xidmətlərinin göstərilməsi üzrə təcrübə yaranıb, müxtəlif təhlillər aparılıb və xidmət keyfiyyətinin artırılması üçün tənzimləmələrə zərurət var.
Nadir Adilov qeyd edib ki, mediasiya prosesləri ölkəmiz üçün yeni olduğuna görə istər mediasiya təşkilatları, istərsə də mediatorlar mediasiya xidmətlərinin göstərilməsi sahəsində bilik və bacarıqları mövcud praktikadan formalaşdırıblar:
“Bu sahədə kifayət qədər maneələrin olmasına baxmayaraq, bizim çox uğurlu nəticələrimiz və təcrübəmiz formalaşıb”.
Nadir Adilov Mediasiya Şurasının mediasiya xidmətlərinin göstərilməsi sahəsində tənzimləyici və qiymətləndirici qurum olmasına diqqət çəkib və bildirib ki, bu sahədə keyfiyyətə daha ciddi nəzarətə və qiymətləndirməyə ehtiyac yaranıb:
”Biz hazırda keyfiyyətli mediasiya xidmətlərinin göstərilməsi üçün iş aparırıq. Məsələn, bir mediatorun ayda icraatında olan 30-dan çox iş arasından heç bir barışıq sazişi yoxdursa, bu heç bir nəticə əldə edə bilməməsi deməkdir. Bu keyfiyyətsiz nəticəyə təsir edən amillər mütləq öyrənilməli və qeyd edilən Komitə tərəfindən bu cür mediatorların fəaliyyətinə ciddi qiymət verilməlidir. Əgər bu mediatorların işində intizam pozuntusu varsa, əbəttə ki, həmin mediatorlarla bağlı keyfiyyətin araşdırılması üzrə başlanılan icraat İntizam Komissiyası ilə birgə davam etdirilməlidir. Mediatorun əlavə kurslara, təlimlərə ehtiyacı varsa, bu ehtiyaclar öyrənilməlidir. Bütün hallarda bizim növbəti mərhələdə qarşıya qoyduğumuz məqsəd ondan ibarətdir ki, hər bir özünə hörmət edən peşədə olduğu kimi biz də öz fəaliyyətimizi monitorinq edək və qiymətləndirək”.
Nadir Adilov qeyd edib ki, bütün mediasiya təşkilatları mediatorların fəaliyyətinin qiymətləndirilməsini rübdə bir dəfə həyata keçirərək, Mediasiya Şurasına təqdim edir:
“Mediatorların qiymətləndirilməsi üçün baza qaydaları və baza sənədləri mövcuddur. Təqdim edilmiş bu qiymətləndirmə nəticələri Şurada yeni yaranan Mediasiya xidmətlərinin keyfiyyətinin qiymətləndirilməsi və keyfiyyətə nəzarət üzrə Komitə tərəfindən tam təhlil edilib, real nəticələrlə müqayisəli şəkildə qiymətləndiriləcək. Komitə eyni zamanda mediasiya təşkilatlarının da fəaliyyətini, onların keyfiyyətli mediasiya xidmətləri üzrə gördükləri işi qiymətləndirəcək. Əlbəttə ki, Komitə tərəfindən qiymətləndirmə qaydaları hazırlanacaq, bu qaydalara mediatorların ictimai nüfuzundan tutmuş, onların mediasiya sahəsində vermiş olduğu töhfələr, təbliğat işləri, əldə etdikləri barışıq sazişləri, təqdim etdikləri arayışların sayı, bir sözlə, mediator ekosistemini əhatə edən bütün fəaliyyət nəzərdən keçirilməklə, real rejimdə qiymətləndiriləcək.
Eyni zamanda bildiyiniz kimi, biz hər ay mediasiya təşkilatlarının və bu mediasiya təşkilatları ilə müqavilə imzalamış mediatorların adları qeyd edilməklə adlı siyahını bütün ölkə ictimaiyyətinə media vasitəsi ilə təqdim edirik. Burada əsas məqsəd eyni zamanda ictimai qiymətləndirməni həyata keçirmək, istər mediasiya təşkilatları və mediatorların, istərsə də Mediasiya Şurasının üzərində ictimai qiymətləndirməni və ictimai nəzarəti həyata keçirməkdən ibarətdir. Yəni biz qiymətləndirmə meyarlarımızı hər ay açıqladığımız hesabatların nəticələrini də əlavə edəcəyik. Bizim üçün əlbəttə ki, ən böyük qiymətləndirmə nəticələri mediasiya təşkilatlarının və mediatorların əldə etdikləri real barışıq nəticələridir”.
Şura sədrinin sözlərinə görə, Mediasiya xidmətlərinin keyfiyyətinin qiymətləndirilməsi və keyfiyyətə nəzarət üzrə Komitənin yaradılması və formalaşdırılması İdarə Heyəti tərəfindən peşəkar mediator Şamil Paşayevə həvalə edilib:
“Şamil Paşayev Komitənin əsasnaməsini və Komitə üzvlərinin say tərkibi və namizədlərlə bağlı təkliflərini Şuranın İdarə Heyəti sədrinə təqdim edəcək”.
Nadir Adilov bildirib ki, günbəgün əhalinin mediasiya xidmətlərinə etibarı artmaqla yanaşı, barışıq sazişlərinin artımında da ciddi fərq müşahidə edilir: “Biz xidmət keyfiyyətimizin artırılması sahəsində “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunda və Nazirlər Kabinetinin qərarlarında nəzərdə tutulan bütün addımları qeyd şərtsiz icra edəcəyik”.