Maştağadan Moskvaya, "Quli"dən tapşırıq, toya qadağa - BİR HƏBSİN TARİXÇƏSİ
15 sentyabr 2021 16:01 (UTC +04:00)

Maştağadan Moskvaya, "Quli"dən tapşırıq, toya qadağa - BİR HƏBSİN TARİXÇƏSİ

Bu gün Şimali Qafqazın kurort şəhərində, Mineralnıe vodı da azərbaycanlı “qanuni oğru” Taleh Dağlyev saxlanıldı.

Lent.az xəbər verir ki, kriminal aləmdə “Tolik Noqinski” kimi tanınan Dağlıyev ilkin dindirmə zamanı polisə bildirdi ki, o, şəhərə müalicə olunmaq məqsədiylə gəlibmiş. Amma polis onun üzərindən heroin tapdı. Bu isə artıq həbs deməkdi. Bəlkə də uzun müddətli. 

Əslində, bu onun ilk həbsi də deyil. Taleh Dağlıyev zaman-zaman saxlanılıb. Və ən maraqlısı odur ki, bir dəfə də onun üzərindən məhz narkotik tapılmışdı. 2016-cı il sentyabrın 26-da Moskvadakı “Naş dvor” restoranında Rusiya DİN-in Baş Cinayət Axtarışı İdarəsinin əməliyyatçıları tərəfindən həbs olunan 32 yaşlı Taleh Dağlıyevin üzərindən xalq arasında "spays" kimi tanınan narkotik aşkarlanmışdı. Narkotik maddənin şəxsi istifadə miqdarından artıq olduğu üçün bu maddə ilə Toliki 3 ildən 10 ilə qədər həbs cəzası gözləyirdi. O, 3 il müddətinə azadlıqdan məhrum edilir. Yeri gəlmişkən,  Moskvanın 1905-ci il küçəsində yerləşən “Naş dvor” restoranı əsasən “vor zakon”ların məskəni kimi tanınır. 

***

Taleh Dağlıyev azadlıqda olan azsaylı azərbaycanlı “qanuni oğru”lardın biriydi.  O, 24 noyabr 1983-cü ildə Maştağada Qəribxan kişinin ailəsində dünyaya gəlib. Kriminal aləmdə “Noqinski” ləqəbiylə tanınmasının səbəbi isə Rusiyaa ilk gəldiyi şəhər, Moskva  vilayətinin Noqinsk şəhəri ilə bağlıdır. 
O, 31 yaşında taclandırılıb. 2014-cü il sentyabrın 11-də Türkiyədə, “Maks Pioner” və “Vlad Şarap”la birgə. Vladimir Barkalov (“Blondin”), Aleksey Zabavin (“Zabava”), Georgi Sorokin (“Jora Taşkentski”), Nadir Səlifov (“Lotu Quli”), Vladimr Jurakovski (“Vova Puxlı”), Andrey Torkunov (“Turok”), Oleq Piroqov (“Sirkaç”), Namiq Səlifov, Niko Dqebuadze (“Nika Qaqrinski”) və Merabi Mzarelua (“Duyke”) tərəfindən onlara  “qanuni oğru” adı verilib. 

***

O, ilk dəfə 2014-cü ilin dekabrın 30-da saxlanılır. Polis ona xəbərdarlıq edir və buraxır. 2015-ci il aprelin 16-da isə Dağlıyev yenidən saxlanılır. Bu dəfə onun üstündən tapança tapılır. Ona bir il şərti cəza verilir. Elə həmin il “Tolik Noqinski” Ukraynadan deportasiya edilir. Rusiya KİV-in məlumatına görə, 32 yaşlı Dağlıyev Kiyevə toya gəlibmiş. Amma paytaxtın "Borispol” aeroportunda saxlanılan "oğru” başqa təyyarəyə ilə Minskə yola salınır. Kiyev polisinə daxil olan məlumata görə, “Noqinski” toydan sonra hansısa "sxodka”da iştirak edəcəkmiş. 

Yuxarıda qeyd etdiyimiz kimi o, növbəti dəfə 2016-cı ildə “Naş dvor”da saxlanılır. O, ilkin dindirmədən sonra dərhal Moskvanın məşhur “Matrosskaya tişina” həbsxanasına göndərilir. Bu həbsxanada həmin vaxt tanınmış “qanuni oğru” Serqey Asatryan (“Osetrina”) da cəza çəkirdi. “Osetrina” Dağlıyevi “qanuni oğru” kimi tanımır. Və bu barədə bütün həbsxanaya məlumat ötürülür. Asatryan xəbər yayır ki, “hörmətli dustaqlar” karserlərdə zülm çəkir, amma Dağlıyev rifah içində yaşayır. 
Həbsxanada sərbəst gəzmək imkanına malik “Osetrina” bir gün Dağlıeyevin kamerasına gəlib onu söhbətə çağırır. Tolik onunla söhbətə getmir. Daha doğrusu rədd edir. Məhkəmə isə Dağlıyevi 3 il müddətinə azadlıqdan məhrum edir və o, cəzasını çəkmək üçün Rostova göndərilir. 2018-ci ildə “Noqinski” Rusiyanın ən məşhur həbsxanası “Vladimirski sentral” da cəza çəkməyə başlayır. 28 mart 2019-cu ildə isə oradan azadlığa buraxılır. Həmin vaxtdan isə bir sıra avtoritetlərin dəstəyi ilə Noqinsk şəhərinin “smotryayuşi” təyin edilir. 

***

Deyilənə görə,“Tolik Noqinski”  nüfuzlu avtoritetlərin, xüsusilə də Qulinin tapşırığıyla Belarus və Ukrayna paytaxtlarında olub, orada kriminal qruplaşmalar arasında koordinasiya yaradıb. Hə, “Noqinski” bir dəfə də polis tərəifndən saxlanılıb. Keçən il avqustun 20-də Gəlincik şəhərində  saxlanılsa da, onunla profilaktik söhbət aparılıb və iki saatdan sonra azad olunub. Onun budəfəki həbsi nə ilə nəticələnəcək, bax, buna artıq az sonra qərar veriləcək.
 

# 13869
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar