Maşından "Holland üsulu" ilə  düşmək lazımdır: qəzalara görə
16 may 2026 19:44 (UTC +04:00)

Maşından "Holland üsulu" ilə düşmək lazımdır: qəzalara görə

0

Yol hərəkəti təhlükəsizliyi üzrə mütəxəssislər sürücüləri avtomobildən çıxarkən daha diqqətli olmağa çağırırlar. Çünki qapının açıldığı an bəzən təhlükəli vəziyyətlər yaranır. Məhz bu zaman velosipedçilərin, motosiklet sürücülərinin və elektrik skuteri istifadəçilərinin iştirakı ilə qəzalar baş verir. Belə halların sayını azaltmaq üçün sürücülərə “Holland üsulu” texnikasından istifadə etmək tövsiyə olunur.

Lent.az xəbər verir ki, bu metod Niderlandda yaranıb və avtomobildən düşərkən qapının fərqli üsulla açılmasını nəzərdə tutur. Sürücüyə qapını yaxın əllə deyil, uzaq əllə açmaq məsləhət görülür. Yəni sol əl əvəzinə sağ əldən istifadə edilməlidir.

Mütəxəssislərin sözlərinə görə, bu hərəkət insanı avtomatik olaraq bədənini qapıya tərəf çevirməyə, həmçinin yan güzgüyə və pəncərəyə baxmağa məcbur edir. Bunun sayəsində sürücünün park edilmiş avtomobilin yanında hərəkət edən velosipedçini, motosikletçini və ya digər nəqliyyat vasitəsini görmək ehtimalı artır.

Ekspertlər bildirirlər ki, bir çox qəza məhz “dooring” adlanan hadisələrlə bağlı olur. Bu termin qəfil açılan avtomobil qapısı ilə toqquşmanı ifadə edir.

“Holland üsulu” artıq bir sıra Avropa ölkələrində sürücülərin təlim proqramına daxil edilib. Xüsusilə Niderland, Danimarka və Birləşmiş Krallıqda bu metod sürücülük hazırlığı proqramlarında yer alır. Bundan əlavə, həmin ölkələrdə avtomobildən təhlükəsiz çıxış qaydalarını xatırladan maarifləndirici kampaniyalar da mütəmadi keçirilir.

Birləşmiş Krallıqda avtomobil qapısının təhlükəli şəkildə açılmasına görə 1000 funt sterlinqədək cərimə nəzərdə tutulur. Bu məbləğ təxminən 1350 ABŞ dollarına bərabərdir.

Mütəxəssislər xatırladırlar ki, sürücü qapını açmazdan əvvəl avtomobildən çıxmağın təhlükəsiz olduğuna əmin olmalıdır. Əgər qəza vəziyyəti yaranarsa və ya toqquşma baş verərsə, məsuliyyət adətən qapını açan şəxsin üzərinə düşür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 184

Oxşar yazılar