Liseydəki insidentə APARAN YOL:  valideyn-müəllim münasibəti, smartfonlar...
07 fevral 2026 18:27 (UTC +04:00)

Liseydəki insidentə APARAN YOL: valideyn-müəllim münasibəti, smartfonlar...

0

Dünən “İdrak” liseyində baş verən hadisə bir daha cəmiyyəti düşündürdü. Hadisəyə bir neçə aspektən yanaşılsa da, əsas problemi intizamsızlıq, valideyn məsuliyyətsizli və erkən yaşlardan nəzarətsiz telefon işlətməkdə görürlər.

Bəs görəsən, bu kimi mənfi hadisələrin qarşısını almaq üçün nə edilməlidir?

Təhsil eksperti Elçin Əfəndi (Əfəndiyev) bildirib ki, bu cür hadisələrin yaranmasının səbəblərindən biri uşaqların kiçik yaşlardan telefon istifadə etməsindən qaynaqlanır:

“Dünən baş verən xoşagəlməz insident təəssüf ki, ağrı-acılı vəziyyət formalaşdırdı. Birinci növbədə məsələ liseyin təhlükəsiz mühitdə təhsili düzgün təmin etməməsi ilə bağlıdır. Özəl liseylər adətən bir-birləri ilə rəqabət aparırlar və illik təhsil haqlarını da buna uyğun formalaşdırırlar. Rəqabət məsələsində öz xidmətlərini təklif edərək, bir növ müştəri cəlb edirlər. Yekunda görünən ondan ibarətdir ki, heç də bəzi liseylər təhlükəsiz təhsil mühiti formalaşdıra bilmirmiş.

Şagirddə hər hansısa deviant davranış hiss olunurdusa, onunla bağlı tədbirlər görülməli, valideynləri dəvət olunmalı, psixoloqlarla seanslar aparılmalı idi. Görünən ondan ibarətdir ki, lisey bunlara maraqlı olmayıb.

Liseydən əlavə. valideyn məsuliyyətsizliyi də var. Əgər evdə qanuni hər hansısa silah saxlanılırsa, uşaqlar və yeniyetmələr bundan xəbərdar olmamalı idilər. Yox, əgər uşaqlar həmin silahı görüblərsə, o zaman əlçatan yerdə saxlanılmamalı idi. Yəni uşaq istədiyi vaxt silahı götürüb, içərisini doldurub evdən çıxa bilməməlidir. Bundan başqa, çantaya qoyulan silahdan da valideynin xəbəri olmayıb, məsuliyyətsiz yanaşıb.

Ümumiyyətlə, valideyn məsuliyyətsizliyi son dövrlər daha geniş vüsət alıb. 3-4-cü siniflərdəki uşaqlara 3-5 minlik dəyəri olan telefon alıb verirlər. Uşaqlar isə müxtəlif sosial şəbəkələrə daxil olur, təhlükəli oyunlar oynayırlar. Ağıllı telefonu uşağa verməklə iş bitmir, onda valideyn nəzarət mexanizmini açıq qoymaq lazımdır. İctimaiyyət tez-tez bu məsələ ilə bağlı maarifləndirilsə də, bəzi valideynlər təəssüf ki, hələ də buna məhəl qoymurlar.

Digər məsuliyyətsiz davranış isə valideynlərin müəllimlərə yanaşmasından irəli gəlir. Bunun yaranma səbəbini təhsildə görürəm. Məktəblərdə imtahanlarla bağlı elə mühit yaranıb ki, valideyn övladını bir növ robot kimi böyüdür. Valideynlə övlad arasında ünsiyyət qurmağa vaxt qalmır. Finlandiya, Sinqapur təhsilindən danışırıq. O ölkələrdə şagird valideyni ilə asudə vaxtını keçirə bilir, rahat yaşayır, özünə vaxt ayırır. Amma bizdə uşaq yalnız imtahana hazırlaşır. Sanki bu missiyanı tamamlamaq üçün yaşayır. Bu missiya üçün də valideyn məcburən uşağı repetitor yanına qoyur. Beləcə, valideynlə müəllim arasında maliyyə asılılığı yaranır. Təəssüf ki, bu asılılığa görə də uşaqlar müəllimin dediklərini ciddiyə almırlar. Mənim ailəmin pulu ilə yaşayırsan və s. tipli sözlərlə müəllimə qarşı çıxırlar. Bu asılılığın nəticəsində də müəllim nüfuzu sarsılır”.

Qeyd edək ki, son illərdə bir çox xarici ölkələr psixoloji sağlamlıq, onlayn zorakılıq, asılılıq və şəxsi məlumatların təhlükəsizliyi kimi risklərə görə sərt qərarlar qəbul ediblər.

Məsələn, Avropa İttifaqında yeniyetmələrin onlayn mühitdə qorunması əsas prioritetlərdən biridir. Rəqəmsal Xidmətlər Aktı çərçivəsində sosial media platformalarına uşaqlar və yeniyetmələr üçün daha təhlükəsiz mühit yaratmaq öhdəliyi qoyulub. Bu qaydalara görə, platformalar zərərli kontenti məhdudlaşdırmalı, alqoritmlərin psixoloji təsirini azaltmalı və yaşa uyğun filtrasiya mexanizmləri tətbiq etməlidirlər. Bir çox Aİ ölkəsində 13–16 yaş arası istifadəçilər üçün valideyn razılığı faktiki olaraq məcburi hala gəlib.

Böyük Britaniya qəbul edilən Onlayn Təhlükəsizlik Qanunu platformaları azyaşlılara zərər verə biləcək məzmunu aradan qaldırmağa məcbur edir. Qanuna əsasən, sosial şəbəkələr yaş təsdiqi sistemləri qurmalıdırlar, əks halda yüksək maliyyə cərimələri ilə üzləşəcəklər. Məqsəd təkcə qadağa yox, həm də texnologiya şirkətlərinin məsuliyyətini artırmaqdır.

Avstraliya isə daha radikal addımların müzakirə edildiyi ölkələrdən biridir. Burada 16 yaşdan aşağı yeniyetmələrin sosial mediaya girişinin tam qadağan edilməsi ideyası ictimai debatlara səbəb olub. Hökumət hesab edir ki, sosial media yeniyetmələrin psixoloji inkişafına mənfi təsir göstərir və bu təsiri minimuma endirmək üçün sərt mexanizmlər lazımdır. Hələlik qadağa tam qüvvəyə minməsə də, yaş təsdiqi və valideyn nəzarəti sistemlərinin genişləndirilməsi planlaşdırılır.

İspaniyada isə daha balanslı yanaşma seçilib. Burada əsas diqqət yeniyetmələrin maarifləndirilməsinə və valideyn nəzarətinin gücləndirilməsinə yönəlib. 14 yaşdan aşağı uşaqların sosial mediadan istifadəsi üçün valideyn razılığı tələb olunur. Eyni zamanda məktəblərdə rəqəmsal savadlılıq dərsləri genişləndirilir ki, yeniyetmələr onlayn riskləri daha yaxşı dərk etsinlər.

Fransa, Norveç, Kanada və ABŞ-ın bəzi ştatlarında da oxşar məhdudiyyətlər tətbiq olunur.

Lakin bəzi mütəxəssislər bu məsələdə iki yerə ayrılıblar. Bəziləri hesab edir ki, sərt qadağalar yeniyetmələri qorumağın yeganə yoludur. Digərləri isə düşünür ki, problem təkcə sosial mediada deyil, onun necə və nə qədər istifadə olunmasındadır. Onların fikrincə, maarifləndirmə və sağlam rəqəmsal vərdişlərin formalaşdırılması uzunmüddətli həll yoludur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 336

Oxşar yazılar