Yanlış suvarma bitkilərin zəif inkişafına və xəstəliklərin yaranmasına səbəb ola bilər.
Lent.az xarici mediaya istinadən bildirirlər ki, bağbanlar bu problemlərin qarşısını almaq üçün gündəlik səthi suvarmadan imtina edib, kökə yönəlmiş yavaş və dərin suvarma üsuluna üstünlük verməyi tövsiyyə edirlər.
Mütəxəssislər izah edirlər ki, səthi suvarma torpağın yalnız üst qatında qısa müddətli nəmlik yaradır. Nəticədə pomidorun kökləri dayaz və zəif qalır, bitki isə isti havaya və su çatışmazlığına daha həssas olur.
Dərin suvarma isə suyun torpağa təxminən 15–20 santimetr dərinliyə qədər nüfuz etməsinə imkan verir. Bu, köklərin daha dərinə inkişaf etməsini stimullaşdırır və onların daha çox qida maddəsi qəbul etməsinə şərait yaradır. Beləliklə, bitkilər daha davamlı olur və daha aktiv inkişaf edir.
Qeyri-bərabər və ya kifayət qədər olmayan suvarma meyvələrin çatlaması və çiçək ucunun çürüməsi kimi problemlərə səbəb ola bilər. Bu cür hallar məhsulun keyfiyyətini aşağı salmaqla yanaşı, bitkinin ümumi inkişafını da ləngidir.
Nəzarətli və daha dərin suvarma kök sisteminin inkişafına müsbət təsir edir və pomidorun məhsuldarlığını artıra bilər.
Alimlər bildirirlər ki, yaxşı inkişaf etmiş kök sistemi bitkinin suyu və qida maddələrini daha effektiv mənimsəməsinə kömək edir. Nəticədə pomidorlar daha sürətlə böyüyür və daha güclü kollar əmələ gətirir.
Bu üsuldan istifadə edən bağbanlar suvarmanı çox vaxt səhər saatlarında həyata keçirirlər. Bu, günün isti vaxtında suyun buxarlanmasını azaldır və bitkilərin daha uzun müddət nəm qalmasına kömək edir. Bundan əlavə, torpaqda rütubəti saxlamaq və temperaturu sabitləşdirmək üçün bitkinin ətrafına malç qoymaq da tövsiyə olunur.
Ekspertlər xüsusilə yarpaqların suvarılmasından çəkinməyi vurğulayırlar. Yarpaqlarda artıq nəmlik göbələk xəstəliklərinin, xüsusilə fitoftorozun yaranması üçün əlverişli şərait yaradır və bu xəstəlik pomidor bitkilərinə ciddi zərər verə bilər, hətta onları məhv edə bilər.