Layihənin yekun tədbiri keçirilib
28 aprel 2022 14:39 (UTC +04:00)

Layihənin yekun tədbiri keçirilib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Sosial Rifah” Qaçqın və Məcburi Köçkünlər İctimai Birliyi tərəfindən həyata keçirilən “Böyük Qayıdış proqramına cəlb ediləcək məcburi köçkün qadınlarının vətəndaş təşəbbüslərinin artırılması” layihəsinin yekun tədbiri keçirilib. 

Binəqədi "Binəqədi Gənclər Evi" sosial xidmət müəssisəsinin akt zalında keçirilən tədbirdə çıxış edən birliyin sədri və layihə rəhbəri Leyla Hüseynova bildirib ki, cari ilin fevral-aprel aylarında icra olunan layihənin əsas məqsədi məcburi köçkün ailələrindən olan gənc xanımlar sosial fəallığının artırılması və bununla da onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində yeni təşəbbüslərin həyata keçirilməsinə nail olmaqdan ibarət olub. 

Bu məqsədə çatmaq üçün layihə çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş rayonları təmsil edən qırx üç məcburi köçkün qadınına on aktual və sosial əhəmiyyətli mövzu üzrə silsilə maarifləndirici seminarlar təşkil olunub və bu seminar mövzularına uyğun olaraq ümumi tiraj sayı üç min ədəd olan maarifləndirici buklet nəşr edilib. 

Birlik sədri bildirib ki, seminarların mövzuları məcburi köçkün icma nümayəndələri və maraqlı tərəfləri, xüsusilə Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsini təmsil edən şəxslərlə keçirilən görüşlər zamanı aparılan müzakirələr nəticəsində müəyyən edilib. 

Xüsusilə vurğulanıb ki, layihənin əsas faydalanan qrupunu təşkil edən məcburi köçkün icmalarının nümayəndələrinə qadın hüquqlarının ayrı-ayrı aspektləri barədə məlumat verilib, onların iştirakı ilə ailə planlaşdırılması, insan alveri ilə mübarizənin aparılması, məişət zorakılığının qarşısının alınması və digər aktual məsələlər ətrafında müzakirələr keçirilib. Bununla yanaşı seminar iştirakçılarının məcburi köçkün icmalarında asudə vaxtının təşkil olunması, liderlik keyfiyyətinin artırılması və məşğulluğun təmin edilməsi və digər mövzularda bilik və bacarıqları artırılıb. Yekun tədbirdə bütün dinləyicilərə sertifikatlar və məcburi köçkün icmalarında aktual olan 10 mövzunu əhatə edən maarifləndirici bukletlər verilib.

Layihə ideyasına və onun icrasına münasibət bildirən seminar iştirakçıları müzakirələrin aparılmasından məmnun qaldıqlarını və həmin maarifləndirmə tədbirləri nəticəsində qazandıqları bilikləri təmsil etdikləri icmalarda paylaşacaqlarını qeyd ediblər. Məcburi köçkün qadınları bu kimi maarifləndirici seminarların gələcəkdə daha da dərinləşdirilmiş şəkildə davam etdirilməsinin vacibliyini vurğulayıblar və bu kontekstdə həyata keçiriləcək layihələrin işində məmnunluqla iştirak edəcəklərini bildiriblər. 

Tədbirin sonunda xatirə şəkli çəkilib. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2415
avatar

Oxşar yazılar