“Kraliça”nın hekayəti: “Mənim Qızılbarmaq olduğumu o xəbər vermişdi...” – XIX BÖLÜM
03 fevral 2021 20:15 (UTC +04:00)

“Kraliça”nın hekayəti: “Mənim Qızılbarmaq olduğumu o xəbər vermişdi...” – XIX BÖLÜM

Ötən əsrin 50-60-cı illər oğru Bakısının kriminal elitasına daxil olan Əliyeva Fatma Hacıağa qızının (“Balaca Fatma”, “Qızılbarmaq Fatma”) həyat tarixçəsi Lent.az-da...

 

Əvvəli: https://lent.az/xeber/sosial/kralicanin-hekayeti-milisler-meni-suruyur-cita-da-direnib-ki-pulumu-ver-xviii-bolum-394355

 

 

19-cu hissə 

 

Bir sözlə, basdılar mәni maşına, hәmin arvad da mindi. Yolda da dad elәyirdi ki, mənim pulumu bu arvad aparıb. Düzü, Çitanın o һәngamәsindәn sonra milislәr cibә girmәyimә o qәdәr dә inanmırdılar. Amma bәrayi-eһtiyat, şöbəyə aparmaq qәrarına gәlmişdilər. 

Nə isə, gəlib çıxdıq mənzil başına. Orda məni dindirәndә bacımın adını verdim. Yazıq qız Әli Bayramov kombinatında әmәk qabaqcılı idi, az qalmışdı Lenin ordeni ala. Adını da dedim, ünvanını da. Bir dәqiqәnin içindә yoxladılar, gördülәr ki, tәrtәmizdi. Bir az ürәklәndim, başladım ki, ay bala,  mәn oğru deyilәm, bu həyasızlıq salan arvadın özü şәrləməyə adam axtarır, elə bilir hərifəm, düşmüşəm əlinə. Bunları avtomat kimi deyirdim, amma ürәyim yarpaq kimi әsirdi, fikirləşirdim ki, Allaһ elәmәmiş, mәni üzdәn tanıyan olar, evim yıxılar. Bircә şeydә arxayınçılığım vardı ki, bu boyda Sumqayıtda mәnim Qızılbarmaq Fatma olduğumu yalnız Asyagil bilirdi…

Oturtdular məni otaqda, sağ-solumda da “postovoy”lar. Gördüm, gədələr yaman marıtlayıblar məni. Deyәsәn, gözlәri düşmüşdü, elə bilirdilər doğrudan fahişəyəm. Biri soruşdu ki, ay qız, sən neçәyә gedirsәn? Mәn dә gözümü süzdürüb könülsüz dillәndim: “Azı, əlli manata. Amma sәn gül kimi oğlansan, sәninlә lap, iyirmiyә dә gedәrәm, intəhası, gərək ayağımda ayaqqabım ola...” Mәni mağazadan maşına sürüyәndә tәzә “bezzadnik”lәrim ayaqlarımdan çıxmışdı, һeç götürә dә bilmәmişdim. Dedim: “Əgər, istәyirsәnsə ki, axşam görüşәk, onda burax mәni gedim”. Oğlan yazıq-yazıq dillәndi ki, axı sәni rəisin yanına aparmalıdılar, necә buraxım?

Bir dә gördüm, bayırdan Çitanın sәsi gәlir, cırır özünü: “Ağız, mәnim iyirmibeşliyimi qaytar!” - deyib dad elәyir. Mәn dә “postovoy”a and-aman elədim ki, vallaһ, onun iyirmibeşliyi siz mәni tutanda yerә düşdü, qovun o gәdәni rədd olsun, üzündә çivzələr var, zәһlәmgetmişin.

Bu dәm “uqolovnik”lәrin komandiri gәlib çıxdı. Vid-fasonuma, geyim-kecimimә baxan kimi, inandı ki, һәrifә çıxanlardanam. Dedim, ay rәis, özüm fabrikdә işləyirəm, şәnbә-bazar da bir az pul qazanmaq üçün çıxıram, yoxsa, dolanmaq olmur. Bakıda elәyә bilmәrәm axı, tanıyarlar, biyabır olaram. Amma Sumqayıt qıraqdı, burda kim tanıyacaq mәni?.. İnandı. Qaldırdılar mәni rәisin yanına. Onun üçün dә bir az basıb-bağladım. Dedim ki, köpәyin qızı adımı çibgir qoyub, biabır elәdi məni Sumqayıtın içindә, indi daһa kim aparacaq mәni?.. Nə isә, bunu da əməllicə inandırdım, hәlә görüş də verdi mәnә, otuz manat ayaqqabı pulumu da aldım. Axırda mәnә dedilәr ki. azadsan, gedә bilәrsәn. Dedim, yox, һara gedirәm, dəliyəm bəyəm, o qapının ağzında 25 manat deyib, dad elәyәn sırtıq gәdәni görmürsüz? Onun başını qatın ki, mәn çıxanda, duyuq duşmәsin, yoxsa siz verәn otuz manatın iyirmi beşini ona qaytarmalıyam. Rәis “postovoy”lara tapşırdı ki, elә elәyin, bu qız raһat çıxıb getsin.

Polis idarəsindən çıxanda, özümü birinci mikrorayona necә yetirdim, bilmәdim. Asya yazıq mәni görәn kimi, ağappaq oldu. Qonşusunda bir işverәn vardı, sәn demә, mәnim cibgir Qızılbarmaq Fatma olduğumu milislәrә xәbәr elәyibmiş. Bunu mənə deyən kimi, heç dizimi qatlayıb oturmadım da, qaçdım nә qaçdım... yaxşı ki, aradan çıxmışam, elә mәni milisdən buraxan kimi, dalımca adam yollayıbmışlar. 

 

Bu һadisәdәn sonra anladım ki, daһa Sumqayıtda da at oynada bilmәyәcәyәm, balaca şəhərdi, һamı tanımışdı mәni. Yazıq Çita da elә bu һadisədən sonra “srok”a getdi - milisi aldatmağına görə ilişdilәr ona. Oğlan neçә dәnә “srok” almışdısa, elә poqonlularla dava-dalaşın üstündә almışdı. Yüz qram vurub, çıxırdı şәһәrә, milis ilişәn kimi də şillә-yumruq davası başlayırdı. 

Nә isә, Sumqayıt sәrgüzәştlәrim belә qurtardı. İki-üç gün Әlәkbәrgildә gizlәndim, ara sakitlәşәn kimi şәһәrdәn çıxdım. Amma qalmağa yerim yox idi, Bakıda da üzüqara idim, Sumqayıtda da. Yasamalda bir Molla Zәrifә vardı, elә özü dә cavanlığında cibә-zada girәrdi, başladım onlarda yaşamağa. Zərifə özü neçә illәr Qazaxıstanda adlı oğrularla oturub-durmuşdu, sonralar nә һadisә olmuşdusa, qayıtmışdı Azәrbaycana.

Bir-iki һәftә sәһәrlәr Asya gәlirdi dalımca, şəhərə çıxıb, işləyirdik. İntәһası, o “xodovoy” yerlәrdәn - Torqovıdan, Telefonnıdan, Bazanıdan uzaq gəzirdik. Nə edim, prokurordan qorxurdum da. Elә qıraq-bucaqda dolanırdıq. Bu minvalla bir az işlәdim, sonra başa düşdüm ki, daha Bakıda xeyir-bәrәkәt yoxdu mәnә. Başladım qastrola, nə başladım. Krasnovodskdan tutmuş, Buxara, Sәmәrqәnd, Aşqabad, Xivә, Alma-Ata... O başdan, bu başa, bu başdan o başa... 

 

Fatmanın gözləri yol çəkdi. Deyəsən, xəyalı o yerlərdə dolaşırdı. Fikirdən ayırmaq istəmirdim onu. Masanın üstündəki çaydana əl atdım, buz kimi olmuşdu. 

- Bir dənə çay qoyum, gəlirəm – dedi, qalxıb, mətbəxə keçdi.

Qəribə sənət seçmişdi özünə - cibgirlik. Fikirləşdim ki, görəsən zövq ala bilir cibgirlikdən? Sözündən-söhbətindən ötən günlərinin xiffətini eləyənə oxşayırdı, amma anlaya bildirdim ki, nəyin xiffətini çəkir – gəzdiyi oylaqlar düşür yadına, yoxsa ahıl yaşında daşını atdığı sənəti... Çətin işdi, vallah. Oğurluq edən çoxdu həyatda. Kimi vaqon-vaqon çırpışdırır, ilişəndə də, çalıb-çapdığından bir qismini verib canını qurtarır, olur tərtəmiz. Nə dil bilir, nə dodaq. O qədər kişi var ki, dövlətdən vəzifəni elə oğurlamaq üçün alır. Səhərlər bəzənib, xidməti maşınında işinə gedəndə, kənardan baxanlar deyir ki, bəs, kişi işə gedir, xalqın dərdinə yarayıb, balalarına çörəkpulu gətirəcək. Qonşuları onunla məmnuniyyətlə salamlaşır – hörmətli, hökumət adamıdı axı. Əgər tutulmasa, kimsə bilməyəcək oğru olduğunu. Məclisə, adam arasına çıxanda da, elə bilərsən, alçaq dağları bu yaradıb. Ətrafına elə təşəxxüslə baxır ki, gəl görəsən. Ona yarınmaq istəyənlərin sayı-hesabı olmur. Onunla göz-gözə gəlib, salam vermək üçün sinov gedirlər. Elə bilir ki, hamının onu borcu var. 

Camaat da qəribədir ha! Sizcə, ehtiram göstərdikləri, tanışlıqlarından qürur duyduqları belə adamların bəsit oğru, rüşvətxor olduqlarını bilmirlər? Əlbəttə bilirlər, onu bilməmək olar?

Yadıma bir əhvalat düşdü – Bakının icra başçısı danışmışdı mənə. Deyirdi ki, bir dəfə onu Finlandiyanın paytaxtı Helsinkiyə, Avropa ölkələrinin paytaxt merlərinin yığıncağına çağırıbmışlar. Tədbirdən sonra bizim merlə dostluq edən Helsinki meri onu fin saunasına dəvət edir, bu da məmnuniyyətlə razılıq verir. Saunada onun beş-altı yaxın dostu da varmış. Yaxşıca yeyib-içirlər, araq əməlli-başlı kəllələrinə vurur, uşaq kimi zarafatlaşmağa, şitlik eləməyə başlayırlar. Elə bu dəm bizim merin dostunu qəflətən ağlamaq tutur. Yoldaşları ha çalışırsa, onu toxtada bilmirlər. Bir xeyli sonra sakitləşir. Yoldaşları ondan ağlamağının səbəbini soruşanda, qayıdır ki, mən bu seçkidə daha mer seçilməyəcəm. Soruşurlar ki, niyə? deyir: Məni hərif tapmısınız? Qoltuğuma qarpız verib, seçdirmisiniz, məvacibin ümidinə qalmışam. Amma, siz pul qazanırsınız. Bu dəfə, başınıza çarə qılın, kim istəyir, seçilsin, mənlik deyil... Bizim mer danışırdı ki, bu əhvalatı hansı məmurumuza nəql etdimsə, inanmadı. Amma mən inandım, çünki inkişaf etmiş ölkələrdə məmurlar biznesmenlərdən həmişə az qazanır, çünki dövlət məvacibi adətən, daha az olur...

Cibgirlər isə, tamam başqa şeydir. Onlar hər gün işə çıxanda, cəzalarını göz önünə alırlar. Natəmiz məmurun bircə günə qazandığını, cibgir heç ömrü boyu qazana bilmir, tutulanda da nə ağlayır, nə sıtqayır, verilən cəzanı da minnətdarlıqla qəbul edir. Onların hansının daha böyük oğru olduğunu, cəmiyyətə hansının daha çox ziyan verdiyini təbii ki, hamı bilir – cibgir rüşvətxorla heç bir müqayisəyə gəlməz. Üstəlik, bizdə cibgirlərin sayı rüşvətxorlardan qat-qat azdır. Hə, belə-belə işlər...  

 

Fatma əlində çaydanla bir boşqab, otağa qayıtdı.

- Darıxmadın?.. Sənə peraşki də gətirdim, acarsan yəqin. 

Başımı tərpədib, əlimi uzatdım, bir dənəsini götürüb, çayımı süzənə kimi, bir dişləm aldım – dadlı idi.

- Ətim yox idi, kələm qovurmuşam yağ-soğanla, dadlı olmalıdı...

- Əladı, Fatma... – ağzımdakı loxmanı udar-udmaz çoxdan maraqlandığım bir şeyi soruşdum ondan.

- Cibgirlik asan işdir?

Gülümsədi. Əlini əlinin üstünə qoyub, oturmuşdu. Bir xeyli dinmədi, sonra qəflətən bəbəkləri parladı, elə bil, gözündə cinlər oynayırdı. Soruşdu:

- Nədir, qaranoy, bəlkə sənətini dəyişirsən?

- Yox e-e, maraqlıdı mənə.

- İndi deyəcəm çətindi, fikirləşəcəksən ki, başını aldadıram... Amma Həzrət Abbas haqqı, çətin işdi. Bizim sahədə “kradun” çoxdu, “karmannik” tək-tük. Əsl sənətkarlar ölüb-gedib. Amma adamlar olub, ha!.. İndi camaata iş də yoxdu. Qabaq heç olmasa, balasını dolandırmaq üçün, oxumasa da, zavodda, fabrikdə işləyirdi. İndikilər, inan ki, ancaq çarəsizlikdən oğru olur. Heç fikirləşən yox ki, bu bədbəxt balasını necə dolandıracaq... Adam da, pulsuzluğa çox dözə bilmir – evdə balalarının ac olması dəhşətdi. Ana yazıq, trasa çıxmayacaq ki... Hər adam bunu özünə sığışdırmaz. Odur ki, bacardı-bacarmadı, gedib, oğurluq edir... Yaxşısı budu, sənə daha vacib şeydən danışım, roman yazacaqsansa, faydası olsun. 

Oğrular az aşın duzu deyillər, amma onlardan qorunmağın sadə yolları var. Düzdür, hərdən onlardan qorunmaq üçün işlədilən üsulları özləri daha yaxşı bilir, hələ üstəlik, cibə girməyə çıxanda, hansı vəziyyətlərdə hansı fəndlərdən istifadə edəcəklərini də, əvvəlcədən seçirlər. Adamlar təhlükəli yerlərdə diqqətli olsalar, cibgirin istifadə edəcəyi bütün üsullar boşa çıxacaq. Amma ümumiyyətlə, üstünüzdəki pulu təhlükəsiz gəzdirmək müşkül işdir. Təcrübəli cibgir o pulu hardan olsa, oğurlayacaq - istər cibində olsun, istərsə də, lap corabının içində...

Təəccübdən gözlərim böyüdü, inamsızlığımı deyəsən, baxışlarımdan oxudu.

- Nədi, inanmadın? Corab məsələsini zarafat eləyirəm, amma ciblərini-zadı lümlüt eləyərlər. Lap düzünü bilmək istəyirsənsə, heç coraba da etibar yoxdu, vallah.

- Yaxşı, bəs pulları yanında olan yazıq nə etsin ki, evinə salamat çatsın?

- Əliniz üzülməsin, bədgüman olma, necə deyərlər, bir ölümə çarə yoxdur. Qorunmaq üçün bir etibarlı variant var: pullarını, ya da digər qiymətli kağız-kuğuzu pulqabının içinə qoyub, boğazınızdan assan, rahat ola bilərsiniz. Çünki, belədə pulqabı köynəyin altında qalır, yolun ortasında hansı cibgir səni soyundura bilər? Amma pullarının yerini bilməsinlər deyə, boynundan asdığın pulqabıya dəqiqəbaşı əl uzatmayasan gərək. Ən yaxşısı, cibinə, qadınsansa, çantana bir az xırda pul qoy. Əmin ol ki, pulunun yerini bilsələr, nəinki cibgirlər, hətta başqaları da sizinlə maraqlanacaq, başına problem açarsan...

 

(Ardı var)

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 36627
avatar

İlqar Əlfi

Oxşar yazılar