Kommunal xidmətlərin YENİ QİYMƏTLƏRİ  - SİYAHI
06 yanvar 2025 15:57 (UTC +04:00)

Kommunal xidmətlərin YENİ QİYMƏTLƏRİ - SİYAHI

Yeni ilə yeni qiymətlərlə daxil olduq. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi, “Azəristiliktəchizat” ASC, SOCAR, “Azenerji” ASC-dən daxil olmuş müraciətlər əsasında Tarif Şurasının iclasında bir sıra kommunal xidmətlərin qiyməti tənzimlənib.

Lent.az 2025-ci ildə kommunal xidmətlərə görə ödəyəcəyiniz məbləğləri sizə təqdim edir:

Su təchizatı və tullantı sularının axıdılması sisteminə qoşulma xidmətinə görə tariflər:

Əhali abonentləri üçün Bakı, Sumqayıt, Xırdalan şəhərləri, Abşeron rayonu üzrə su təchizatı şəbəkəsinə qoşulmanın birdəfəlik tarifi 200 manat, digər inzibati ərazi vahidləri üzrə isə 170 manat müəyyən edilib. Tullantı sularının axıdılması şəbəkəsinə qoşulma üzrə tariflər Bakı, Sumqayıt, Xırdalan şəhərləri, Abşeron rayonu üzrə 345 manat, digər inzibati ərazi vahidləri üzrə isə 290 manat səviyyəsində təsdiq edilib.

Sutka ərzində tələb olunan buraxılış həcmi 100 kubmetrə qədər olan tikinti obyektləri üçün su təchizatı şəbəkəsinə qoşulmanın birdəfəlik tarifi borunun diametrinden asılı olaraq 995 manat və ya 1015 manat, tullantı sularının axıdılması şəbəkəsinə qoşulmaya görə 1635 manat məbləğində müəyyən edilib. 

İstilik təchizatı xidmətinin tarifi:

Hazırda “Azəristiliktəchizat” ASC üzrə 1 m² sahə üçün istilik təchizatı xidmətinin maya dəyəri 1,10 manat təşkil edir. Lakin 2011-ci ildən bu sahə üzrə ödənişlər 1 m² sahə üçün 15 qəpikdir. Aradakı qiymət fərqi dövlət büdcəsindən ayrılan subsidiya hesabına qarşılanır. Bu sahədə yumşaq tarif siyasəti həyata keçirilməklə optimal tarifin müəyyənləşdirilməsi qərara alınıb. Belə ki, “Azəristiliktəchizat” ASC tərəfindən əhali istehlakçı qrupuna göstərilən istilik xidmətinin tarifi sayğac quraşdırılmadığı halda aylıq 1 m2 üçün 30 qəpik səviyyəsində təsdiq edilib. Sayğac quraşdırıldıqda isə 1 Qkal üçün (təqribən 40-50 m² sahə üçün) 14,6 manat həddində müəyyənləşdirilib.

Təbii qaz tarifləri:

Dövlətin sosial siyasəti və enerji resurslarından səmərəli isfadənin təşviqi məqsədilə istilik təchizatı üçün çoxmənzilli binaların mərkəzləşdirilmiş qazanxanalarına verilən 1 kub metr təbii qazın tarifi dəyişdirilməyib.

Əhali üzrə illik istehlak həcmi:

1200 kub metr olan hissə üçün 1 kub metr təbii qazın tarifi 0,5 qəpik (yarım qəpik, 4,2%) artırılaraq 12 qəpikdən 12,5 qəpik həddində 1200 kub metrdən 2500 kub metrədək olan hissə üçün 2 qəpik (10%) artırılaraq 20 qəpikdən 22 qəpik, 2500 kub metrdən çox olan hissə üçün 5 qəpik (20%) artırılaraq 25 qəpikdən 30 qəpik məbləğində təsdiqlənib.

1 kub metr təbii qaz üzrə orta tarifəhali üzrə 1,3 qəpik (8,7%) artırılıb.

Tarif dəyişikliyindən sonra əhali abonentlərinin orta aylıq xərcinin aşağıdakı kimi artması gözlənilir. 48% abonent üzrə - 32 qəpik, 39% abonent üzrə - 1 manat 43 qəpik, 13% abonent (daha çox istehlak edən) üzrə - 7 manat 46 qəpik təşkil edəcək.

Göründüyü kimi, əhalinin 48%-i üçün 1 kub metr təbii qazın tarifi maksimum aşağı səviyyədə - 0,5 qəpik (yarım qəpik, 4,2%) artırılıb.

Elektrik enerjisi tarifləri:

Əhali üzrə aylıq istehlak həcmi 200 kVts olan hissə üçün 1 kilovatt saat elektrik enerjisinin tarifi 0,4 qəpik (5%) artırılaraq 8 qəpikdən 8,4 qəpiyə, 200 kilovatt saatdan 300 kilovatt saatadək olan hissə üçün 1 qəpik (11,1%) artırılaraq 9 qəpikdən 10 qəpiyə, 300 kilovatt saatdan çox olan hissə üçün 2 qəpik (15,4%) artırılaraq 13 qəpikdən 15 qəpiyə dəyişdirilib.

1 kilovatt saat elektrik enerjisinin orta tarifi əhali üzrə – 0,7 qəpik (7,8%) artırılıb.

Tarif dəyisikliyindən sonra əhali abonentlərin orta aylıq xərcinin aşağıdakı kimi artacagı gözlənilir. Belə ki, 65% abonent üzrə - 45 qəpik, 20% abonent üzrə - 1 manat 33 qəpik, 15% abonent (daha çox istehlak edən) üzrə - 5 manat 61 qəpik olacaq.

Elektrik doldurma məntəqələrinə verilən 1 kilovatt saat elektrik enerjisinin tarifləri 1,5 qəpik (13,6%) artırılaraq 11 qəpikdən 12,5 qəpik səviyyəsində təsdiq edilib. Elektrik doldurma məntəqələri tərəfindən göstərilən xidmətin qiyməti isə sahibkarlar tərəfindən rəqabət şəraitində sərbəst olaraq müəyyənləşdiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 45825
avatar

Ləman Sərraf

Oxşar yazılar