Kişilər niyə qadınlardan daha çox  qazanır? - Elmi izahı
23 fevral 2026 14:28 (UTC +04:00)

Kişilər niyə qadınlardan daha çox qazanır? - Elmi izahı

0

Ana olmaq kişi və qadınlar arasındakı maaş fərqinin formalaşmasına ciddi təsir göstərir.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, araşdırmalar göstərir ki, doğum və uşaqların tərbiyəsi amili nəzərə alınmadıqda, gender əsaslı gəlir fərqi demək olar ki, tamamilə aradan qalxır.

Yeni elmi araşdırmanı London İqtisadiyyat Məktəbinin alimləri Kamil Landaizin rəhbərliyi ilə aparıb. Nəticələr Harvard Universitetinin alimi, 2023-cü ildə Nobel mükafatı laureatı olmuş Klaudiya Qoldinin əvvəlki qənaətlərini də təsdiqləyir.

Uzunmüddətli müşahidələr göstərib ki, kişi və qadınların maaşları arasındakı əsas fərq analıqla bağlıdır. Klaudiya Qoldin sübut edib ki, gəlir fərqinin böyük hissəsi məhz uşağın doğulması və ona qulluqla əlaqədardır.

Yeni tədqiqat İsveç, Danimarka və Norveç üzrə məlumatlara əsaslanıb. Alimlər qadınların tibbi kartlarını onların gəlir məlumatları ilə birləşdirərək ana olmuş qadınlarla övladı olmayan qadınların maaşlarını müqayisə ediblər. Xüsusilə süni mayalanma (IVF) prosedurundan keçən qadınların məlumatları da araşdırmaya daxil edilib.

Karyeranın ilkin mərhələlərində analar əhəmiyyətli dərəcədə daha az qazanıblar. Lakin 10–15 ildən sonra gəlir fərqi azalıb, bəzi hallarda isə analar hətta kiçik “maaş üstünlüyü” əldə ediblər.

Ayrı bir araşdırma Mayer-Rokitanski-Küster-Hauser (MRKH) sindromu olan qadınlara həsr olunub. Bu qadınlar uşaqlıq olmadan doğulur və uşağa sahib ola bilməyəcəklərini erkən yaşdan bilirlər. Araşdırma göstərib ki, həyatın ilkin mərhələlərində onların gəlirləri kişilərin və MRKH olmayan qadınların gəlirləri ilə demək olar ki, eyni olub. 30–40 yaş aralığında, adi qadınlarda kişilərlə maaş fərqi yaranmağa başladığı dövrdə, MRKH sindromlu qadınların gəlir trayektoriyası isə demək olar ki, kişilərlə eyni istiqamətdə davam edib.

Araşdırmanın nəticəsi aydındır: analıq və uşağın gözlənilməsi ilə bağlı qərarlar nəzərə alınmadıqda, gender əsaslı maaş fərqi faktiki olaraq yox səviyyəsinə enir. Bu isə göstərir ki, qeyri-bərabərliyin əsas səbəbi qadınların bacarıqları və ya təhsil səviyyəsi deyil, məhz uşağın doğulması və tərbiyəsidir.

Landaiz və həmkarlarının araşdırması analığın digər xüsusiyyətlərdən ayrılaraq gəlirə təsirinin ayrıca qiymətləndirilməsi üçün aydın metodoloji yanaşma təqdim edir və müasir iqtisadi şəraitdə bu təsirin miqyasını göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 260

Oxşar yazılar