"Havaların kəskin soyuması bizim iqlimə adaptasiya olmuş orqanizm üçün müəyyən çətinliklər yaradır".
Bu sözləri Lent.az-a açıqlamasında terapevt Günay Lətifova deyib.
Onun sözlərinə görə, soyuq ölkələrdə yaşayan insanlar artıq belə hava şəraitinə adaptasiya olduqları üçün onların orqanizmləri bunu normal şəkildə qəbul edir:
“Lakin Azərbaycanda stabil hava şəraiti hökm sürdüyü üçün bizim orqanizmimiz buna hazırlıqlı deyil”.
Həkim vurğulayıb ki, xroniki xəstəliyi olan insanlar belə havalarda daha diqqətli olmalıdırlar:
“Geyimlərinizi seçərkən diqqətli olmağınızı məsləhət görürük. Hava şəraiti sizləri yanıltmasın. Həddindən artıq qalın və ya nazik geyinmək belə hava şəraitində xəstəliyə gətirib çıxarır”.
Günay Lətifov bildirib ki, hər hansı bir prosedurdan ( ev şəraitində banka qoymaq, hicama etdirmək və s.) keçənlər öz sağlamlıqlarına daha diqqətli yanaşmalıdırlar.
“Boğaz və ya baş ağrısı, burun axması, öskürək kimi xəstəlik əlamətləri ilə üzbəüz qaldıqda həkimə müraciət etmək vacibdir. Çünki insanlar özlərini müalicə etdiyi zaman təəssüf ki, bakterial xəstəliyi antivirus, və ya virusu bakterial preparatlarla müalicə etdikləri üçün müəyyən əks-göstərişlərə səbəb ola bilirlər”, - deyə terapevt əlavə edib.
Qeyd edək ki, son günlərdə Azərbaycanda havalar kəskin soyuyub. Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, soyuq havaların hələ davam edəcəyi gözlənilir.