Lent.az-ın "Bir sual, bir cavab" rubrikasının bu günə olan mövzusu sərtləşdirilmiş karantin dövründə avtomobillərin texniki baxışdan keçirilməsi ilə əlaqədardır.
Məsələnin əsas tərəfi insanların SMS icazə vasitəsilə evlərini tərk etdiyi bir zamanda texniki baxış müddəti ötən nəqliyyat vasitələrinin sürücülərinə hansısa güzəştlərin olunub olunmaması ilə bağlıdır.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Lent.az-a bildirib ki, texniki baxış müddəti keçən maşınların sürücülərinə güzəşt nəzərdə tutulmayıb:
"Sürücülər idarə etdikləri avtomobilləri texniki baxışdan keçirtmək üçün SMS vasitəsilə icazə aldıqdan sonra olduqları yerə yaxın DYP-nin texniki baxış mərkəzlərinə getməli və avtomobillərini müvafiq qaydada texniki baxışdan keçirtməlidirlər.
Əgər texniki baxış zamanı SMS icazənin vaxtı bitərsə, avtomobil texniki baxışdan keçirildikdən sonra həmin şəxsin yaşayış yerinə qayıtması üçün əlavə 2 saat vaxt veriləcək. Bu 2 saatlıq icazə isə SMS icazə sisteminə yerləşdiriləcək".