Namiq Abbasov
28 mart 2024 11:58 (UTC +04:00)

Namiq Abbasov

Jurnalist necə “çekist” oldu? - Namiq Abbasovun DOSYESİ

Xəbər verdiyimiz kimi Azərbaycanın keçmiş milli təhlükəsizlik  naziri Namiq Abbasov ötən gecə 84 yaşında vəfat edib.

Lent.az ömrü sirr pərdəsi arxasında keçən keçmiş "çekist" haqqında məlumatları təqdim edir:

Namiq Abbasov 1940-cı il fevralın 22-də Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində anadan olub.

O, 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirdikdən sonra 1962-1976-cı illərdə "Abşeron" qəzetində Baş redaktor vəzifəsində çalışmağa başlayıb. 1970-ci ildən partiya işinə keçib, Abşeron rayonda o zaman hakim və yeganə partiya olan “Kommunist” Partiyasının ikinci katibi vəzifəsində çalışıb. 

8 illik jurnalistika fəaliyyətindən sonra Namiq Abbasov 1977-ci ildə təhlükəsizlik orqanlarında fəaliyyətə başlayır. Bunun üçün ikinci ali təhsilə başlayan Namiq Abbasov 1979-cu ildə SSRİ DTK-nın Ali Məktəbini bitirir. Bundan sonra onun həyatında sürətli karyera yüksəlişi başlayır.

Namiq Abbasov ilk əvvəllər SSR Dövlət Təhlükəsizlik Komitəsinin rayon şöbələrindən birində rəis müavini, şöbə rəisi, sonralar isə Dövlət Təhlükəsizlik Komitəsi sədrinin müavini kimi vəzifələrdə işləyib.

O, 1992-ci ildə Azərbaycan Milli Təhlükəsizlik nazirinin müavini təyin edilib. Daha sonra nazirin birinci müavini vəzifəsinə irəli çəkilib.

Heydər Əliyev hakimiyyətə gəldikdən sonra 1995-ci ilin mart ayında general Namiq Abbasov sabiq nazir Nəriman İmranovun yerinə Milli Təhlükəsizlik naziri təyin edilib.

O, 1995-ci ilin martından 2004-cü ilin iyulunadək milli təhlükəsizlik naziri vəzifəsində çalışıb, general-polkovnik hərbi rütbəsinə qədər yüksəlib.

Namiq Abbasov nazir postundan azad ediləndən sonra, 2004-cü il dekabrın 16-dan 2012-ci il oktyabrın 31-ə kimi Azərbaycanın Özbəkistanda fövqəladə və səlahiyyətli səfiri postunda çalışıb.

Səfir vəzifəsini tərk edəndən sonra təqaüdə çıxıb. 2012-ci il oktyabrın 31-də Prezident İlham Əliyev Azərbaycanın Özbəkistanda fövqəladə və səlahiyyətli səfiri Namiq Abbasovun vəzifəsindən geri çağırılması barədə sərəncam imzalayıb.

Səfir vəzifəsini tərk edəndən sonra təqaüdə çıxan Namiq Abbasov Bakıda yaşamağa başlayıb.  O, vaxtını bağ evində əkib-becərdiyi çiçəklərə, güllərə, ağaclara qulluq etməklə keçirirdi. 

Ailəli idi, 2 övladı var.

84 yaşında vəfat edən sabiq nazir bu gün  Bakının Nardaran qəsəbəsində torpağa tapşırılıb.

# 5937
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar