İsmət Səttarov: "Sosial şəbəkələrdə tənqid olunan proqramlar..." - MÜSAHİBƏ
29 dekabr 2023 18:13 (UTC +04:00)

İsmət Səttarov: "Sosial şəbəkələrdə tənqid olunan proqramlar..." - MÜSAHİBƏ

Lent.az AZƏRTAC-a istinadən Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarovun  müsahibəsini təqdim edir.

- İsmət müəllim, xahiş edirik əvvəlcə Şuranın il ərzində gördüyü işlərlə bağlı məlumat verin...

- Yola saldığımız 2023-cü il ərzində Şura öz səlahiyyətləri çərçivəsində işləri həyata keçirməyə davam edib. Bu fəaliyyəti bir çox istiqamətlərə bölmək olar: ümumölkə yerüstü televiziya və radio yayımçılarının mütəmadi, digər yayımçıların vətəndaş şikayətləri əsasında monitorinqi; ümumölkə yerüstü televiziya kanallarının məzmununun təhlili və statistikası üzrə fəaliyyət; qanun pozuntularına qarşı müvafiq fəaliyyət (tövsiyə, xəbərdarlıq, yayımın dayandırılması sanksiyası); yeni audiovizual media subyektlərinə lisenziyaların verilməsi sahəsində iş; Bakı şəhəri və Abşeron yarımadasının ərazisində ödənişli retranslyasiya fəaliyyəti üçün 2 radiotezlik üzrə müsabiqənin keçirilməsi; operatorluq fəaliyyətilə məşğul olan subyektlərə “Media haqqında” qanuna uyğun olaraq keçmiş MTRŞ-in verdiyi lisenziyaların yeni lisenziyalarla əvəzlənməsi prosesi; DAB+ standartlı rəqəmsal radio yayımına keçidlə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə koordinasiyalı iş; ümumölkə yerüstü radio yayımçılarının proqramlarının ölkə ərazisində tam yayımına nail olunması sahəsində iş, bu məqsədlə maliyyə yardımının ayrılması ilə bağlı dövlətimizin başçısının Sərəncamının icrası istiqamətində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə fəaliyyət; rəqəmsal televiziya yayımının DVB-T standartından DVB-T2 standartına keçirilməsi üzrə ilkin araşdırma-təhlil işlərinin aparılması, bu istiqamətdə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə koordinasiya; lokal antiterror tədbirlərindən sonra Qarabağda televiziya və radio yayımının yenidən təşkili üzrə fəaliyyət və sairə istiqamətlər.

- Bu il Şura televiziya və radio yayımçılarına neçə xəbərdarlıq, cərimə kəsilməsi və yayımın dayandırılması cəzası tətbiq edib?

- İl ərzində Audiovizual Şura bir sıra yayımçılara xəbərdarlıq, bir sıra yayımçılara qarşı isə yayımın dayandırılması sanksiyasını tətbiq edib. Bu hallara misal olaraq qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadan şəxsin təqsirli olması haqqında məlumatların yayımlanmasına görə il ərzində “MTV” və “Space” TV kanallarına xəbərdarlıq olunub, süni mayalanma ilə bağlı tibbi xidmətin reklamına görə “Xəzər” TV, “ATV”, “ARB” və “Dünya” TV-yə xəbərdarlıq edilib, bu hadisədən sonra yenə həmin pozuntuya görə “Media FM” radio kanalının yayımı 1 saatlıq dayandırılıb. Reklam materialının xarici dildə yayımlanmasına görə “ARB”, “ATV”, “Xəzər” TV və “Space” TV-yə xəbərdarlıq olunub. Qeyri-dəqiq reklam materialının yayımlanmasına görə “ARB” televiziya kanalının, bir saatda yayımlanan reklam həcminin aşılmasına görə “Kanal S”in, əxlaqdankənar leksik ifadələrin yayımlanmasına görə “Space” TV-nin yayımı 3 saatlıq dayandırılıb. Həmçinin də ən son iclasda digər yayımçının materiallarından icazəsiz və istinadsız istifadəsinə görə “Space” TV-yə xəbərdarlıq edilib.

Təbii ki, bu faktlar il ərzində baş vermiş pozuntuların hamısını əhatə etmir. Bir çox pozuntu baş verir ki, onların əsas səbəbi texniki qüsur və ya problemlər olur. Reklam və sponsor təqdimatlarının həcminin aşılması, texniki səbəbdən gündəlik proqramın əvvəlində Dövlət Himninin səsləndirilməməsi və sair pozuntular texniki problemlər səbəbindən baş verdiyindən kanallara zəruri bildirişlər göndərilir.

Bir məsələni də qeyd etmək istərdim ki, Audiovizual Şuranın həyata keçirdiyi mütəmadi maarifləndirmə tədbirləri və görüşlər, yayımçılara zəruri tövsiyələrin verilməsi, habelə yayımçılar tərəfindən yol verilən qanun pozuntularının, əsasən də reklam sahəsində qanun pozuntularının sayı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ilə birgə maarifləndirmə fəaliyyətinin aparılması nəticəsində xeyli dərəcədə azalıb.

-  Belə çıxır ki, cəza və xəbərdarlıqlar yaxşı səmərə verir...

- Pozuntulara qarşı sərt sanksiyaların tətbiqi həmişə tam səmərəli olmur. Bu səbəbdən texniki qüsurlar üzündən baş vermiş pozuntulara görə bildiriş göndərilir, vəziyyət ciddiləşəndə isə Şura xəbərdarlıq edir, pozuntu sistematik hal almağa başlayanda və ya həmin pozuntu çox ciddi olanda, yayımın dayandırılması sanksiyası, yaxud maliyyə sanksiyası tətbiq edilir. Zəruri maarifləndirmə və müvafiq sanksiyaların tətbiqi işləri birgə aparıldıqda səmərəsi çox olur. Odur ki, Şura bu iki istiqaməti də diqqətdə saxlayır və hər ikisini müvafiq dərəcədə tətbiq edir.

- İsmət müəllim, televiziyalarda və radiolarda Azərbaycan dilindən istifadə vəziyyəti necədir? Dil qüsurları artıb, azalıb, yoxsa sabit qalıb?

-  Dövlət dili normalarına əməl edilməsi istiqamətində vəziyyətin necə olmasını daha çox Dövlət Dil Komissiyasının yanında fəaliyyət göstərən Monitorinq Mərkəzinin hesabatları dəqiq göstərə bilər. Amma Şura olaraq biz də bu məsələni daim diqqətdə saxlayırıq. Qeyd olunmalıdır ki, Şura dövlət dili normalarına əməl olunması istiqamətində hazırki mərhələdə ciddi sanksiyaların tətbiq olunmasını təqdir etmir. Bu məsələ çox uzunmüddətli hazırlıq, maarifləndirmə işlərinin həyata keçirilməsindən, ümumən jurnalistlərin peşə hazırlığının artırılmasına nail olunmasından sonra daha səmərəli ola bilər. Hazırda bu istiqamətdə işlər görülür.

Müsbət hal kimi deyə bilərəm ki, Medianın İnkişafı Agentliyinin telekanallarda xəbər aparıcıları ilə təşkil etdiyi təlimlər, zəngin təcrübəyə malik televiziya və radio mütəxəssislərinin (diktor, aparıcı, şoumen və s.) hazırda fəaliyyət göstərən əməkdaşlara ustad dərsləri keçməsi, həmçinin Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin həyata keçirdiyi məlumatlandırma və maarifləndirmə tədbirləri, Teleradio Akademiyasının fəaliyyəti nəticəsində bu sahədə vəziyyət daha yaxşıya doğru sabitləşməkdədir. Ümid edirəm ki, adını çəkdiyim qurumlarla qarşılıqlı fəaliyyətimiz nəticəsində yayımda ədəbi dil normalarına riayət edilməsinə nail olacağıq.

- Son illər Azərbaycan televiziyalarında nümayiş etdirilən milli serialların sayı artıb. Həmin seriallar Şuranı qane edirmi?

- 2011-ci və 2013-cü illərdə Azərbaycanda yerli televiziya seriallarının çəkilməsinə dövlət büdcəsindən vəsait ayrılmışdı. O dövrün mənfi hallarına baxmayaraq, bu vəsaitin ayrılması həmin vaxt ölkədə mövcud olmayan yerli televiziya serialları sənayesinin yaradılmasına imkan verib. Həmin dəstəkdən sonra keçən 10 il ərzində kommersiya (özəl) telekanalları və “İTV” - İctimai Televiziya kanalı yerli serialları öz vəsaitləri hesabına sifariş edib və sifariş etməyə davam edirlər. Sevindirici haldır ki, ötən il ərzində “AzTV” kanalı da bir serial istehsal edib və ekranlarda nümayiş olunub. Bütün bu işlər göstərir ki, ölkə daxilində rəqabətli seriallar çəkilir və baxılır.

Lakin beynəlxalq səviyyədə, həm texniki keyfiyyət, həm də məzmun cəhətdən rəqabətədavamlı serial istehsalı üçün dövlətin maliyyə dəstəyi davam etməlidir. Digər ölkələrin (məsələn, Qazaxıstanın və Özbəkistanın) də təcrübəsi göstərir ki, yerli serial sənayesinin inkişaf etməsi üçün mütləq dövlətin daimi maliyyə yardımı mexanizmi qurulmalı və proses uzunmüddətli olmalıdır.

- Bəs xarici film və serial seçimi necə?

- Yayımlanan xarici film və serial seçimi televiziya kanallarının özlərinin səlahiyyətindədir. Bu prosesə Şura müdaxilə etmir. Şura xarici serialların yayımına yenidən icazə verəndən sonra (2020-ci ilin sentyabr ayından) bəzi suallar yarandı. Yerli seriallar xarici seriallar qarşısında rəqabətə davamlı olacaqmı? Baxılacaqmı? Amma zaman göstərdi ki, yerli seriallar nəinki azaldı, əksinə artdı.

- Sosial şəbəkələrdə bəzi proqramlar, aparıcılar tənqid edilir. Bunu necə qarşılayırsınız? Bəziləri deyir ki, televiziya və radio kanalları uyğun olmayan, məişət səviyyəli proqramlar yayır. Televiziya kanalları isə bunun reytinq xətrinə edildiyini, əks halda azərbaycanlı tamaşaçıların xarici televiziyalara üz tutacaqlarını bildirir. Sizin fikrinizcə, televiziya və radio kanalları üçün “qızıl orta” hansıdır? Həm baxımlı, həm də ciddi proqram necə olmalıdır?

- Təbii ki, sosial şəbəkələr artıq həyatımızın bütün sahələrinə təsir edir, müxtəlif baxışların toqquşması özünü sosial şəbəkələrdə daha aydın büruzə verir. Amma Şura rəsmi tənzimləyici qurum olaraq sosial şəbəkələrdəki müzakirələrə istinad edə bilməz. Şura qanunvericiliyə riayət olunması prizmasından proqramların monitorinqini aparır. Bu səbəbdən deyə bilərəm ki, sosial şəbəkələrdə proqramların tənqidi bir sıra hallarda haqlı olsa da, bir çox hallarda həmin məlumatları paylaşanların subyektiv fikrinə əsaslanır və heç də həmişə qanunvericiliyin tələbləri ilə üst-üstə düşmür.

Bundan başqa, qeyd etmək istərdim ki, sosial şəbəkələrdə daha çox tirajlanan və tənqid olunan proqramlar ümumölkə yerüstü televiziya yayımında, yəni açıq yayımda heç də böyük paya sahib deyil. Baxın, cari ilin oktyabr və noyabr aylarının yekunlarına görə televiziya proqramlarının janr (məzmun) üzrə təhlili aparılıb və dərc olunub. Bütün kanallar üzrə ən çox tənqid olunan həmin sosial proqramların həcmi oktyabrda 5,3 faiz, noyabrda 5,7 faiz təşkil edib. Növbəti ilin əvvəlində dekabr ayının da statistikası olacaq. Amma ümumi müşahidələr göstərir ki, bu rəqəmlər çox da dəyişməyəcək. Eyni zamanda, bütün kanallar üzrə informasiya-analitik proqramların həcmi 25-26 faiz, mədəni-maarif proqramlarının həcmi 9,7-11 faiz arası dəyişib, musiqi-əyləncə proqramlarının həcmi isə 12,1 faiz olub. Yəni, həmin tənqid olunan sosial xarakterli proqramlar 5,7 faiz həcmlə sosial şəbəkələrdə daha çox müzakirə olunur və buna görə də elə təəssürat yaranır ki, kanallarımız yalnız o cür kontent nümayiş etdirir.

Bilirsiniz, televiziya da, radio da cəmiyyətin bir parçası olduğundan onlar da daim inkişafdadır, axtarışdadır. Təbii ki, hər bir inkişaf prosesində tənqidlər də olacaq, narazılıqlar da. Şura olaraq vəzifəmiz Azərbaycanda rəqabətədavamlı, müasir çağırışlara cavab verən, digər tərəfdən də dövlətimizin ali məqsədlərinə və ictimaiyyətin maraqlarına xidmət edən audiovizual media mühitinin yaradılmasıdır. Yayımçıların fəaliyyətinə gəlincə, son illər baş verən hadisələr (COVID-19 pandemiyası, Vətən müharibəsi, postmüharibə reallıqları və s.) onlara ciddi təsir göstərib. Təbii ki, çatışmazlıqlar var və ümumən, media sahəsində rəqabət artdıqca, cəmiyyətin media istehlakı üzrə bilikləri və savadlılığı çoxaldıqca, daha keyfiyyətli kontent də olacaq, texniki cəhətdən yayım keyfiyyəti də artacaq.

- Azərbaycanda izləyicilərin təxminən neçə faizi xarici yayımçılara üz tutur?

- Son araşdırmalar göstərir ki, Azərbaycan əhalisinin 2 faizi ümumiyyətlə televiziyanı izləmir. 3 faizi isə Azərbaycan kanallarına heç tamaşa etmir. Beləliklə, əhalinin 95 faizi müxtəlif aktivlik dərəcəsi ilə televiziya kanallarımızı izləyir, eyni zamanda, onların böyük əksəriyyətinin texniki baxımdan xarici kanalları izləmək imkanı var. Bu isə ona gətirib çıxarıb ki, həm cəmiyyətdə, həm mediada “Azərbaycan kanallarına baxan yoxdur, hamı xarici kanallara üz tutur” fikri yaranıb. Lakin 2022-ci ildən başlayaraq ölkəmizdə aparılan çox dəqiq və beynəlxalq standartlara uyğun televiziya auditoriyasının izlənilməsi üzrə araşdırmalar bu fikrin tam yanlış olmasını göstərdi. Gündəlik reytinqlərdən məlum olub ki, xarici (Türkiyə, Rusiya) televiziya kanallarına baxış sayı yerli kanallara baxış sayından xeyli aşağıdır.

- Bəzi qonşu ölkələrin radio kanallarının Azərbaycan efirinə qeyri-qanuni daxil olması ilə bağlı durum necədir? Bununla bağlı hansı tədbirlər görülür?

- Siz çox geniş bir mövzuya toxundunuz. Düşünürəm ki, bu mövzunu yalnız bir müsahibə daxilində tam əhatə etmək qeyri-mümkündür. Amma sualınıza qısa cavab vermək istərdim. Bizi narahat edən əsas məqamlardan biri milli radiotezliklərə müdaxilələrin olmasıdır. Təbii ki, müdaxilələr də yerli efirlərdə boşluqlar olduğu zaman baş verir. Narahatedici bir məqam da bəzi regionlarımızda cəmi 2-3 radio kanalının yayımlanmasıdır.

Bu məsələ dövlətimizin başçısının daim diqqət mərkəzindədir. Məhz bu problemin tam həllinə nail olmaq üçün dövlətimizin başçısının 2023-cü il 24 iyul tarixli Sərəncamı ilə ölkəmizdə radio yayımının əhatə dairəsinin genişləndirilməsi məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə 13,7 milyon manat maliyyə vəsaiti ayrılıb. Qeyd olunmalıdır ki, belə bir dəstəyin göstərilməsi Azərbaycan radio yayımı tarixində bir ilkdir və çox böyükmiqyaslı bir layihədir. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi bu istiqamətdə Şura ilə birlikdə fəaliyyət göstərir. Həmin Sərəncamın tam yerinə yetirilməsindən sonra Azərbaycanda lisenziya alaraq fəaliyyət göstərən ümumölkə radio kanallarının hamısı bütün bölgələrdə yayımlanacaq və əhalinin həmin kanallara əlçatanlığı tam təmin olunacaq. 15-16 ümumölkə radio kanalına əlçatanlıq təmin olunduqdan sonra qonşu ölkələrin radio kanalları ilə bağlı yaranan xoşagəlməz durum öz əhəmiyyətini itirmiş olacaq.

- Bəzən insanlar sosial şəbəkələrdə müəyyən kabel yayımçılarından şikayət edir. Şuraya bununla bağlı müraciətlər daxil olurmu?

- Şuraya daxil olan müraciətlər arasında bəzən platforma operatorlarının göstərdikləri xidmətdən narazı qalan vətəndaş şikayətləri də olur. Təbii ki, bütün bu müraciətlər qeydiyyata alınır və nəzarətdə saxlanılır. Lakin əksər belə müraciətlərin həlli Şuranın səlahiyyətindən kənar olur. Belə ki, operatorla abunəçi arasında müqavilə mövcuddur və bütün narazılıqlar həmin müqavilənin tələblərinə və təbii ki, Azərbaycan qanunvericiliyinə uyğun həll olunmalıdır. Belə hallarda, yəni abunəçinin (istifadəçinin) hüquqları həqiqətən də operator tərəfindən pozulursa məhkəmə instansiyalarına müraciət etməyi tövsiyə edirik.

- İşğaldan azad olunmuş ərazilərimizdə teleradio yayımı ilə bağlı durum necədir? Hazırda Xankəndidə yayım varmı?

- İşğaldan azad olunmuş ərazilərdə televiziya və radio yayımının həyata keçirilməsi üçün ilk növbədə bu sahədə tam dağıdılmış və ya yararsız hala salınmış infrastruktur yenidən qurulmalıdır. Şuşa şəhəri və ətraf ərazilərdə, Xocavənd, Füzuli, Cəbrayıl, Zəngilan rayonlarının ərazilərində ümumölkə televiziya kanallarının açıq yayımı və habelə, 5–8 ümumölkə yerüstü radio yayımçısının proqramlarının yayımı tam təmin olunub. Laçın, Qubadlı, Kəlbəcər rayonlarının sərt relyefini nəzərə alaraq orada hazırda yayım təşkili ilə bağlı işlər gedir. Bu xüsusda, Laçın şəhərində televiziya və radio yayımının təşkili işini qeyd edərdim ki, bu prosesin yaxın zamanlarda yekunlaşacağı gözlənilir. Bundan başqa, sırf həmin regionda yayım aparan “CBC FM” radiosu da mövcuddur. Şuranın qərarı ilə lisenziya alan və müxtəlif dillərdə yayım aparan “Beynəlxalq radio”nun da ilk yayımı hazırda Qarabağ iqtisadi rayonu ərazisində həyata keçirilir.

Xüsusi vurğulamaq istədiyim bir məqam isə lokal antiterror tədbirlərindən sonra suverenliyimizin bütün ərazilərimizdə bərpası nəticəsində yaşadığımız qürur və sevinc hissi ilə bağlıdır. Dövlətimizin başçısının qətiyyəti və müdrik siyasəti, ordumuzun rəşadəti və peşəkarlığı nəticəsində azad olunan Xankəndi, Xocalı, Ağdərə və Qarabağımızın digər yaşayış məntəqələrindəki televiziya və radio yayımına gəlincə qeyd olunmalıdır ki, Şuşa radio-televiziya yayım stansiyasından və Xocavənd rayonunda yerləşən Şahyeri RTYS-dən aparılan yayımlar həmin yaşayış məntəqələrini (o cümlədən Xankəndi şəhərini də) əhatə edir və bütün ölkə kanalları orada yayımlanır.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “Teleradio” İstehsalat Birliyi tərəfindən sürətlə həyata keçirilən həmin bölgə üzrə radio və televiziya yayım infrastrukturunun ölkə yayım infrastrukturuna inteqrasiyası prosesi tamamlandıqca yerli televiziya və radio kanallarının bütün Qarabağ və Şərqi Zəngəzur bölgəsində yayımı təmin olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4344
avatar

Oxşar yazılar