İranda müsəlman və şiə olmayan vətəndaşlar təqiblərə məruz qalır, ibadət yerləri dağıdılır.
Lent.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Ermənistan monoetnik, İran isə monoməzhəb dövlətdir: "İran əhalisinin ən azı 15 faizi qeyri-müsəlman və qeyri-şiə məzhəbinə məxsus insanlardır: “Onlar təqiblərə məruz qalırlar. Burada əhli-sünnilərə məxsus məscidlər dağıdılıb. Sözügedən məsələnin hər biri faktlarla öz təsdiqini tapıb. Bütün bunların əksinə Azərbaycan məscidlər tikib, bərpa edib”.
M.Qurbanlı bildirib ki, Azərbaycan müxtəlif dinlərə və məzhəblərə məxsus insanların birgə yaşadığı ölkədir: “Ölkəmizdə tolerantlıq, vəhdət və multikulturalizm prinsipi din siyasətinin əsasını təşkil edir. Azərbaycanı hansısa məzhəbin üstün olduğu bir ölkə kimi göstərmək olmaz”.
Dini Komitənin sədri vurğulayıb ki, İran özünə məxsus siyasiləşmiş şiəlik məzhəbini təbliğ etməklə hər hansı təzyiqlərə və ayrı-seçkiliyə əl atmağa çalışır: “Lakin Azərbaycanda dinlər və məzhəblərarası qardaşlıq, birlik mövcuddur. Biz cəmiyyət olaraq, din və məzhəb ayrı-seçkiliyinə yox demişik. Bundan sonra da bu kimi əməllər törətməyə cəhd edənlərin qarşısı qətiyyətlə alınacaq”.