İnsanı damla-damla əridən içkilər: Bizi necə düşkün edirlər?  - VİDEO
16 aprel 2022 19:56 (UTC +04:00)

İnsanı damla-damla əridən içkilər: Bizi necə düşkün edirlər? - VİDEO

Qarşıdan yay gəlir, havalar isindikcə, sərinləşdirici içkilərə ehtiyacımız da artır. Məlum səbəblərdən rəngli, şirin sulardan daha çox istifadə edirik.

Lent.az APATV-yə istinadən xəbər verir ki, lakin mütəxəssislərin fikrincə, rəngli içkilərin tərkibində istifadə olunan fosfor turşusunun orqanizmə inanılmaz dərəcədə mənfi təsirləri var:

““Kola” da başda olmaqla, rəngli və qazlı içkilərdən fosfor turşusundan istifadə olunur ki, bu da suyun ph-nı aşağı salır. Belə içkilərin bizə heç bir faydası yoxdur. “Kola” da başda olmaqla bu rəngli içkilərin əksərinin tərkibində kofein var. Bu da ürək qan-damar sisteminə mənfi təsir göstərir. Ürək çırpıntıları artır və bəzi narahatlıqlara gətirib çıxardır“.

Ekspertlər düşünür ki, hazırda sərinləşdirici içkilər sırasında liderliyi “Coca-Cola” edir. Amma bu liderlik qətiyyən onun insana faydası ilə bağlı deyil. Əsas güc reklamdadır. Şirkət reklam işində insan psixologiyasına aid ən xırda detalları belə diqqətdən qaçırmır və bundan məharətlə istifadə edir. Bu cür detallardan biri də reklamın mental dəyərlər üstündə qurulmasıdır.

Məsələn, bir reklam çarxında ana ağ ayı qorxmuş balasına “Kola” verib, onu sakitləşdirir. Bala ayı şüşəni görən kimi xoşbəxt olur. Mütəxəssislər düşünür ki, bu çarx böyüklərdən çox uşaqlara hesablanıb. Uşaqların dünyası fərqlidir və özlərini oyuncaqların, heyvanların yerinə qoyur, onların başına gələnləri öz başlarına gəlmiş kimi qarşılayırlar. Sözügedən reklam çarxında da məhz bu psixoloji məqam nəzərə alınıb. Beləcə, “Kola” sevdası hələ körpəlikdən ustalıqla beynimizin alt qatına yeridilir, böyüdükdə isə nostalji hisslər sözügedən içkini bizim üçün doğmalaşdırır: 

“Bu tipli reklam çarxlarında “Kola” markanı deyil, insanların birliyini, ailə dəyərlərini önə çıxardır. Burada o əslində bildirir ki, mən Novruz bayramında da, Yeni ildə də sizinləyəm. Bir sözlə, ailənizlə keçirdiyiniz xoş vaxtlarda həmişə “Kola” sizinlədir. Daha çox bu şəkildə öz marka dəyərini qaldırır“.

Ekspertin fikrincə, müxtəlif xəstəliklərin törədicisi, tərkibinin bilinməməsi, narkotik qarışdırılması, İslama qarşı olması kimi haqqında çox sayda anti-reklam kampaniyalarının aparılmasına baxmayaraq “Coca-Cola” məhz reklam işindəki psixoloji ustalığına görə ən çox içilən alkoqolsuz içkidir. Elə vətəndaşlar arasında apardığımız sorğu zamanı da buna şahid olduq: 

“Rəhmətlik anam içərdi, şaiyələr oldu, dəmir əriyir-filan... ondan sonra içmədim“.

“Bədənimiz bunu tələb edir, “Fanta”ya, “Sprite”a öyrəşməmişəm“.

“Bilirəm ki, ziyanlıdır uşaqlar içmir, amma böyüklər içir“.

“Ən çox içdiyim “Kola”dır, zərərlərini eşitmişəm, deyirlər pas açır”.

Bəli, özünüz də eşitdiniz ki, bu içkinin mənfi tərəfləri ilə yanaşı, faydaları da var. Məsələn, “Coca-Cola” təmizləyici vasitə kimi çox işə yarayır. “Coca-Cola” ilə çaynikin ərpini və ya unitazı asanlıqla təmizləyə bilərsiniz. Həmçinin bu içkidən maşın təkərini qaraldan zaman da istifadə olunur. Hətta pas atmış vintin üzərinə “Coca-Cola” tökməklə onu asanlıqla açmaq olar.

Qastroenteroloq Fərrux Nağıyev düşünür ki, bu cür içkilərin saymaqla bitməyəcək qədər zərərləri var. Uzun müddətli istifadə isə insanda asılılıq yaradır: “Bu qazlı içkilər orqanizmə kifayət qədər zərər vura bilir. Mineralların itirilməsi səbəbindən üzdə qırışlara səbəb olur. Mədə turşuluğunu qaldırır, azyaşlılarda hətta həzm pozğunluqlarına səbəb ola bilir. Qanda yüksək şəkər tələb etdiyinə görə, bu da “obezite” dediyimiz kökəlməyə səbəb olur“.

Qastroenteroloqun sözlərinə görə, bu kimi içkilərin günlük qida rasionunda olmamağı məsləhətdir. Əks halda ən azından qastrit yaranacaq. Həmçinin immun sistemi zəiflyəcək və orqanizm xəstəliklərlə mübarizə aparmaq gücünü itirəcək. Tərkibindəki zərərli elementlər dişlərin çürümə prosesini sürətləndirəcək.

Fərrux Nağıyev xüsusilə vurğuladı ki, bu cür içkilər insan ömrünü 4-6 il qısalda, həmçinin bəd xassəli şişlərin yaranmasına təkan verə bilir: “Uzun müddətli daimi istifadə tükənməz əlavə təsirlərə yol açır. Bunlardan biri də bəd xassəli şişlərin yaranmasıdır. Az öncə qeyd etdiyimiz kimi, kökəlməyə də səbəb olur. Qanda şəkərin miqdarı qalxır və həmin insanlar rəngli içkilərdən asılı vəziyyətə düşürlər“.

Ən diqqətçəkən məqamlardan biri də budur ki, tərkibi guya sirli inqridentlərdən ibarət olan bu qara su mineral sularla eyni, bəzi hallarda isə daha yüksək qiymətə satılır. Buna nail olmaq üçünsə uzun iqtisadi araşdırmaya ehtiyac qalmır. Əvvəl informasiya ilə beynimizi, sonra “Kola” adlı təmizləyici ilə ciblərimizi yuyurlar.

Sonda... Unutmayaq ki, sümüklərimizin 22, beynimizin 70, qanımızın isə 92 faizi sudan ibarətdir, “Kola” kimi içkilərdən deyil. Daha ucuz, daha əlçatan olan su həyat, pul verib, baha qiymətə aldığımız sərinləşdirici, rəngli içkilərsə xəstəlik mənbəyidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3009
avatar

Oxşar yazılar