Tailandın Trat əyalətində bir sadə balıqçının tapdığı maddə onun həyatını dəyişib.
Lent.az-ın məlumatına görə, balıqçı okean sahilindən 3,4 kq boz ənbər (müşk) tapıb. Məlumata görə, balinanın bağırsağında yaranan bu maddə qızıldan daha qiymətlidir. Çünki ətriyyat sənayesində bu maddə olmadan yüksək keyfiyyətli məhsul hazırlamaq mümkün deyil.
Ekspertlərin fikrincə, tapılan ənbərin qiyməti 150 min dollara yaxındır. Tarixən məlumdur ki, ənbər xoş qoxulu qırmızı-qonur maddədir. Onu həm okean və ya dənizin dibindən yığmaq mümkündür, həm də quruda yaşayan bəzi maralkimilərdən alınır.
Adıçəkilən maddə mumvarı olur. Vaxtilə bu maddə İranda, Hindistanda, ərəb ölkələrində daha çox yayılmışdı. Hətta orta əsrlərdə onu ləl-cəvahirat qiymətinə satırdılar.
Balinalarla məsələ məlum. Marallardan danışaq. Müşk, ənbər marallarının qarnında xüsusi vəzilər var. Bu vəzilər kəskin iyli qəhvəyi-qonur rəngli müşklə doludur. Yetkin erkək maralların bir vəzisində 10-20 q müşk olur. Maralın ayrıca növü olan “müşk maralı”dan əldə olunan müşk xüsusilə qiymətlidir. Maralların vəzlərindəki ətir güclü olduğundan, hətta uzaq məsafədən də hiss edilir.
Dünyada müşkün insanlara təsir göstərən cazibə xüsusiyyəti barədə əfsanələr danışılır. Bu barədə qədim ərəblər və yəhudilər də bilirdilər. Hələ Musa peyğəmbərin dövründən insanlar müşkdən xəbərdar idilər. Müşk sözü Quranda da bir neçə dəfə istifadə olunub.
Mütəxəssislərin bildirdiyinə görə, heyvanların müşk vəzisi il ərzində bir neçə dəyişmə mərhələsindən keçir. Müşk heyvanın vəzində əvvəlcə süd rəngli maye şəklində olur. Sonra tədricən bərkiyərək, lobya toxumu boyda dənələrə çevrilir. Əgər quruyubsa, dənəni gümüş mala ilə vəzin xarici axarının ağzından ehtiyatla qaşıyaraq götürmək olar. Malanı 2,5 santimetrdən dərinə daxil etmək olmaz. Bundan başqa, müşkü maye halında olduğu yaz və payız fəsillərində də əldə etmək mümkündür. Müasir şprislər bunu daha ziyansız formada etməyə imkan verir.
Müşkdən qədim Şərq təbiblərinin müxtəlif xəstəlikləri sağaltmaq (daxili qanaxma, qanazlığı, əsəb pozuntusu, ürəkkeçmə) məqsədilə istifadə etmişlər. Bu maddədən qıcolma zamanı və ürək əzələsi tonusuna tez təsir göstərən dərman kimi də istifadə ediblər. Məsələn, müşkü az miqdarda içdikdə insanın ürəyində olan ciddi döyüntülər azalırdı. Məşhur həkim və filosof İbn Sina öz dövrünün əksər dərmanlarının hazırlanmasında müşkdən istifadə edildiyini yazır. Bir sözlə, qiymətli ətir və dərman kimi istifadə edilən bu maddə qızıla bərabər tutulurdu.
Deyilənlərə görə, bir kiloqram müşk əldə etmək üçün 200 erkək maral ovlanır. Müşk maralı olmayan yerlərdə, bu maddəni almaq üçün qunduzlardan istifadə edirlər. Müşk maralı ilə müqayisədə qunduzdan alınan bu maddə o qədər də güclü deyil.
Azərbaycana gəlincə, Azərbaycanda müşk o qədər də geniş yayılmayıb. Çünki sovet hakimiyyəti qurulandan sonra xalq təbabətinə qarşı təzyiqlər artdığından Şərqdə istifadə olunan təbabətə aid maddələr yığışdırılaraq müasir dərman preparatları ilə əvəz edildi. Tibb Tarixçiləri İctimai Birliyinin rəhbəri, mərhum Fərid Ələkbərli müsahibələrinin birində deyirdi ki,bu maddəni keçmişdə Azərbaycana və digər Şərq ölkələrinə Çindən, daha doğrusu, Çinin şimalında uyğurların yaşadığı Xotan və Uyğurustan vilayətlərindən gətirirdilər. Vaxtilə Azərbaycanda ənbər satılan əttar dükanları olub. Sovet hakimiyyəti qurulandan sonra bu dükanlar ləğv edilib”.
Yeri gəlmişkən, neçə vaxtdır həbsdə olan Şəmkir rayonun keçmiş icra başçısı Alimpaşa Məmmədovun da xüsusi maral ferması olduğu heç kimə sirr deyil. Bəzi mənbələrin dediyinə görə, həmin marallar da məhz müşk, ənbər hazırlanması üçün nəzərdə tutulubmuş.