Hər Quran oxuyandan molla olmaz : Bunun üçün nə lazımdır?- İmam AÇIQLAYIR
21 sentyabr 2021 16:19 (UTC +04:00)

Hər Quran oxuyandan molla olmaz: Bunun üçün nə lazımdır?- İmam AÇIQLAYIR

Həmin qocanı xatırladım. Aylar öncə Qusarın ucqar dağ kəndində qarşılaşdığım kəndin mollası Cavanşir babanı. Həzrə kəndinin ağsaqqalı Cavanşir Beyovun 82 yaşı var. Ömrünün 43 ilini müəllimliklə məşğul olub. Ahıl yaşında isə kəndin mollası kimi fəaliyyət göstərməyə başlayıb. Cəmi üç ildir ki, kənddəki yas məclislərini idarə etmək ona tapşırılır. Qocadır. Ayaq üstə güclə durur. Ağır eşidir. Səsi də zəif eşidilir. Amma yas məclislərini yaxşı idarə edə bildiyini demişdi mənə. Bəs, niyə ömrünün bu çağında mollalıq edir? Müəllimlikdən mollalığa keçid etmək çox çətin olmayıbmı? O da belə nəql etmişdi.

“Mən atam, anam o vaxt mədrəsədə dərs alıb, qızım. Mollalıq edirdilər. Quranı oxumuşdular. Ərəb dilini gözəl bilirdilər. Mən də onlardan öyrənmişdim. Quran oxuyub, dualar edirdim. Kənddə mənim kimisi demək olar ki, yoxdur. Ölü öləndə onu yerdən kim götürsün? Məni gəlib aparırlar. Hə, gəzə bilmirəm. Bu ağac parçasından asılıyam (əlindəki əsanı göstərir). Amma məclisi yaxşı idarə edirəm. Allah hamının öləninə rəhmət eləsin. Onlara dua oxumaq savabdır”.

Hə, Həzrə kəndində təhsil alan, necə deyərlər, əlində sənədi olan molla yoxdur. Təkcə Həzrədəmi? Əlbəttə, yox. Həzrə kimi bir çox kəndlərimizdə Quran oxuyub, namaz qılan, dua edə bilən insanları kənd camaatı molla olaraq seçir və yas məclislərini ona həvalə edirlər.

Gəldik maraqlı bir məqama; Quran oxuyub, dua edə bilən hər kəs molla ola bilərmi? Ümumiyyətlə, mollaların hər hansı sənədi olmalıdırmı? Və nəhayət, mollalar vergi verirmi?

Suallarımızı Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı, Heydər məscidinin imamı Hacı Ağasəid Yaqubov cavablandırdı. Hacı Lent.az-a açıqlamasında bildirdi ki, Azərbaycanda mollalıq deyəndə din ayinlərini icra edən şəxs nəzərdə tutulur:

- Bugünkü günümüzdə Quran oxuyana da, cümə günü Cümə məscidinə gedib cümə namazı qılanlara da cəmiyyət olaraq molla gözü ilə baxırıq. Mollalığın özü zaman-zaman müəyyən təhriflərə uğrayıb. Yəni Sovet dövründə başqa cür formalaşdırılıb, ondan əvvəl mollalar daha yüksək rütbəli adamlar olub. Onlar gedib xaricdə, xüsusilə Səmərqənddə təhsil alıb daha sonra kənd məscidlərində mədrəsə formasında dərslər keçiblər. Dini dərslərdən əlavə dünyəvi elmlər də tədris ediblər. Onlar da molla olublar. Daha sonra Sovet dövrü başladı. Sovet dönəmində hər birimizə məlumdur ki, öndə olan din xadimləri, cəmiyyətin içində sayılıb-seçilən ağsaqqal və ziyalı olan şəxslər repressiyaya uğradı, cəmiyyətin arasından sıxışdırılıb çıxarıldı. Mollalıq sinfinin gücü, savadı azaldı. Bundan sonra adi insanlar başladı mollalıq etməyə. Sovet dövründə demək olar ki, müəyyən işlərdən yayınan, savadı olmayan, Quran oxumağı bacaran adamı molla kimi təqdim edirdilər. Ya da bir balaca səsi olan və mərsiyə deməyi bacaranı məclislərə “yaxşı molla” adı ilə dəvət edirdilər. Ona görə də bu gün molla deyəndə  bizim beynimizdə Sovet dövrünün mollaları canlanır.

Hacı Ağasəidin sözlərinə görə, müstəqillik əldə etdikdən sonra vəziyyət dəyişib:

“Qafqaz Müsəlmanları İdarəsinin səyi nəticəsində universitet fəaliyyətə başladı, mədrəsələr işlədi və orada təhsil alanlar üçün xaricə də getmə şəraiti yaradıldı. Onlar xaricdə təhsil alıb qayıdandan sonra mollalıq sinfində öz işlərini icra etməyə başladılar”.

Bəs, indi molla statusu necə müəyyənləşdirilir? Bunun üçün xüsusi sənəd varmı? İmam bu sualımıza maraqlı cavab verdi:

- Son dönəmlərdə artıq ali savadlı, əlində diplomu olan və ya hansısa mollanın yanında təhsil alan şəxs molla adını qazanıbsa, QMİ-də təyin olunmuş attestasiyadan keçir, orda savadı bəlli olur, onun edə biləcəyi işlər müəyyənləşdirilir və status verilir. Yəni vəsiqə verilir. Onun üçün də bugünkü gündə din xadimi həm molla, həm də məsciddə imam adı rəsmi olaraq keçməkdədir. Təbii ki, qəbiristanlıqlarda, məscidlərdə Quran oxuyub başına araqçın qoyanlar özlərini molla kimi təqdim etsələr də, QMİ-nin attestasiyadan keçib vəsiqə almırlarsa, onlar molla hesab olunmurlar. Məscidlərdə yüksək rütbəli din xadimləri hətta imam adını almaq üçün məscid icmaları tərəfindən təsdiq olunmuş sənədlərini təqdim edir və QMİ onun imam olub-olmamasına qərar verir. İndi rəsmi olaraq molla deyil, imam adı keçir”.

Hacı Ağasəid bildirdi ki, mollalar heç bir vergi də vermirlər:

- Ölkəmizdə milli dəyərlərə dəstək fondu var. O fonddan din xadimləri üçün məvacib ayrılır. Bu maaş yox, yardım hesab olunur. Aldıqları yardımdan da hər hansı vergi tutulması olunmur. Din dövlətdən ayrı prinsipi ilə yanaşanda dini ayinlər ya da dini mərasimlərdə, məscidlərdə təşkil olunan məclislərdə toplanan ianələrdən vergi tutulmur. Çünki bunlar da yardım məqsədi ilə toplanır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4425
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar