Uzun iş saatları təkcə xroniki yorğunluq və stress yaratmır, eyni zamanda ölümcül ürək-damar xəstəliklərinin riskini əhəmiyyətli dərəcədə artırır.
Lent.az xəbər verir ki, bu barədə mütəxəssislər bir sıra tibbi araşdırmaların nəticələrinə istinad edərək məlumat veriblər.
Həkimlər bildirir ki, ürək və damar xəstəlikləri hələ də dünyada əsas ölüm səbəblərindən biri olaraq qalır. Risk faktorları geniş şəkildə məlumdur: siqaret çəkmə, alkoqoldan sui-istifadə, artıq çəki və xolesterinin yüksək səviyyəsi. Lakin son illərdə aparılan tədqiqatlar göstərir ki, uzun iş günü də bu siyahıya ciddi risk amili kimi əlavə olunmalıdır.
Araşdırmalar sübut edib ki, həftədə 55 saatdan çox işləyən şəxslərdə ürək ritminin pozulması halları, o cümlədən qulaqcıqların fibrillasiyası təxminən 40 faiz daha çox müşahidə olunur. Bu vəziyyət insult riskini kəskin şəkildə artırır. Müqayisə üçün qeyd olunur ki, həftədə 35–40 saat çalışan insanlarda bu risk xeyli aşağıdır.
Terapevtlərin sözlərinə görə, normadan artıq işləmək orqanizmin avtomatik funksiyalarına ürək döyüntüsü və tənəffüsə nəzarət edən vegetativ sinir sisteminin həddindən artıq yüklənməsinə səbəb olur. Daimi gərginlik və istirahətin çatışmazlığı bu sistemin fəaliyyətində pozuntular yaradır və nəticədə ürək sağlamlığına mənfi təsir göstərir.
Ayrı-ayrı tədqiqatlar onu da ortaya qoyub ki, müntəzəm olaraq normadan artıq işləyən şəxslərdə ürək xəstəlikləri riski təxminən 13 faiz artır, insult riski isə 33 faizə qədər yüksəlir
Bundan əlavə, qeyri-standart iş qrafiki ilə çalışanların qulaqcıqların fibrillasiyası ilə daha tez-tez qarşılaşdığı müəyyən edilib. Standart iş rejiminə riayət edən insanlarda isə bu cür problemlər daha az müşahidə olunur.