Hansı əməliyyatları və müayinələri pulsuz edə bilərik? – MÜSAHİBƏ
05 oktyabr 2023 15:10 (UTC +04:00)

Hansı əməliyyatları və müayinələri pulsuz edə bilərik? – MÜSAHİBƏ

Günümüzdə insanların əksəriyyəti icbari tibbi sığorta haqlarından demək olar ki, bixəbərdir. Bəziləri isə sığortadan necə düzgün şəkildə yararlanacağını bilmir. Elə məhz bu səbəbdən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin baş məsləhətçisi Leyla Lətifova Lent.az-a tibbi sığorta xidmətlərindən və onun istifadə qaydalarından bəhs edib.

Lent.az müsahibəni təqdim edir:

- İcbari tibbi sığorta haqları kimlərdən və hansı məbləğdə tutulur?

- Bütün Azərbaycan vətəndaşları sığorta olunandır. Bu baxımdan bütün vətəndaşlar İcbari tibbi sığorta haqlarından yararlana bilərlər. İcbari tibbi sığortadan istifadə etmək üçün müəyyən kateqoriyalı əhali qrupu sığorta haqları ödəyir. Belə ki, dövlət və neft, qeyri-dövlət və qeyri-neft sektorunda çalışanlar, mülki-hüquqi xarakterli müqavilələr əsasında çalışanlar, eləcə də sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər icbari tibbi sığorta haqqı ödəyirlər. Dövlət və neft, qeyri-dövlət və qeyri-neft sektorunda çalışan şəxslər aylıq hesablanmış əməyin ödənişi fondunun 8 min manatadək olan hissəsindən 2 faiz sığorta haqqı ödəyir. Həmçinin mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri yerinə yetirən fiziki şəxslər üzrə aylıq gəlirlərinin 8 min manatadək olan hissəsinin 2 faizi, fərdi sahibkarlar minimum aylıq əməkhaqqının 4 faizi miqdarında icbari tibbi sığorta haqqı ödəyirlər. Hazırda ölkədə minimum aylıq əməkhaqqı 345 manat olduğu üçün ayda bu məbləğ 13.80 manat təşkil edir. 

- Bəs, heç işləməyən vətəndaşlarla bağlı proses necə idarə edilir?

- Heç bir yerdə işləməyən, təqaüd alan, gəlir mənbəyi olmayan vətəndaşlar sığorta haqqından azaddır. Yəni hər bir vətəndaş icbari tibbi sığortadan yararlana bilər. Bu şəxslər birbaşa xəstəxanaya yaxınlaşaraq sığorta xidmətlərindən yararlana bilərlər.

- Vətəndaşlar icbari tibbi sığorta çərçivəsində hansı tibbi xidmətlərdən istifadə edə bilirlər?

- İcbari Tibbi Sığortanın Xidmətlər Zərfi iki aydır ki, yenilənib. Əvvəl 2550 sayda tibbi xidmət daxil idisə, indi xidmətlərin sayı 3315-ə çatıb. Yeni xidmətlər zərfinə əlavə edilən 775 xidmətdən 469-u cərrahi əməliyyatlardır. Xidmətlər Zərfində ilkin tibbi sanitariya yardımı, laboratoriya, təcili təxirəsalınmaz tibbi yardım, ambulator tibbi xidmət, stasionar terapevtik və stasionar cərrahi tibbi xidmətlər daxildir. Cərrahi əməliyyatlara həyati, vacib əməliyyatlar daxildir. Bundan əlavə əlillik və ya ölüm riski yüksək olan xəstəliklərlə bağlı əməliyyatlar xidmətlər zərfinə daxildir. Əsas yeniliklərdən biri isə odur ki, Xidmətlər Zərfinə ilk dəfə orqan transplantasiyası da əlavə olunub. Orqan transplantasiyası ilkin olaraq limitli qaydada tətbiq edilməklə həyata keçiriləcək. Belə ki, qaraciyər, böyrək və sümük iliyi transplantasiyası əməliyyatları üzrə illik limit sayı müvafiq olaraq 100, 150 və 20 müəyyən edilib. Orqan transplantasiyası əməliyyatı və əməliyyatdan sonra pasiyentin dərmanla təmin edilməsi Xidmətlər Zərfinə daxildir.

- Xidmətlər Zərfində təminata alınan tibbi xidmətlərə sığorta limiti tətbiq olunur?

- İcbari Tibbi Sığortada sığorta limiti anlayışı var. Amma hər xidmət üzrə limit yoxdur. Sığortadan yararlanmaq istəyən vətəndaş xəstəxanaya yaxınlaşıb, il ərzində istənilən sayda əməliyyat oluna bilər. Yəni əməliyyatlarla bağlı sığorta limitimiz yoxdur. Əvvəllər koxlear implantasiya və endoprotezləşdirmə əməliyyatı üçün limit sayı 300 idi. Yeni Xidmətlər Zərfində isə bu əməliyyat limitsizdir. Eyni zamanda fizioterapiya müalicəsinə vətəndaş il ərzində 30 dəfə müraciət edə və hər müraciətində 3 xidmətdən yararlana bilər.

- Ümumiyyətlə, vətəndaş nəyi bilməlidir? Həkimə, tibbi xidmətə ehtiyacı olan şəxs nə etməlidir? İcbari tibbi sığortadan necə istifadə etmək lazımdır?

- İcbari Tibbi Sığortadan yararlanmaq üçün ilk növbədə vətəndaş ailə həkiminə müraciət etməlidir. Çünki ailə həkimi həmin xəstənin ailəsini və onun üzvlərini yaxından tanıyır, həmin şəxsin səhhəti barəsində geniş məlumata malik olur. Ailə həkimi özünün səlahiyyəti çərçivəsində vətəndaşı müayinə və müalicə edir. Artıq hər hansı bir məsələ ailə həkiminin səlahiyyətini aşırsa, ixtisaslı həkimlərə göndəriş olunur. Əgər, ciddi bir narahatlıq varsa, vətəndaş birbaşa TƏBİB-in tabeliyində olan dövlət xəstəxanalarına tək şəxsiyyət vəsiqəsi ilə müraciət edə bilər. Müraciət əsasında vətəndaşı ixtisaslı həkimə yönəldirlər.

- Ailə həkimi anlayışı nədir? Vətəndaş ailə həkimini necə seçir?

- Ailə həkimini seçmək üçün yaşayış yeri üzrə ən yaxın olan ilkin səhiyyə xidməti göstərən dövlət tibb müəssisəsinə müraciət olunmalıdır. Qeydiyyatçıya şəxsiyyət vəsiqəsi və yaşayış ünvanı üzrə qeydiyyata dair sənəd təqdim edilməlidir. Ərizə dolduraraq ailə həkimi seçilməlidir. 18 yaşına çatmayan şəxslərin ailə həkimini seçməsi üçün ərizə onların qanuni nümayəndələri tərəfindən verilir. Sığortaolunan yaşayış yeri üzrə ilkin səhiyyə xidməti göstərən dövlət tibb müəssisəsində çalışan ailə həkimini seçmək və məhdudiyyət qoyulmadan dəyişməkdə sərbəstdir. Ailə həkimi il ərzində istənilən sayda dəyişə bilər. Amma qeydiyyata alındığı poliklinikanı yalnız ildə bir dəfə dəyişə bilər. Vətəndaş yaşadığı ərazini dəyişdikdə isə yeni ərazidəki tibb müəssisəsinə vaxt məhdudiyyəti nəzərə alınmadan qeydiyyata alınmaq üçün müraciət etməlidir.

- Bəs, bir ailə həkiminə neçə vətəndaş təhkim oluna bilər? 

- Tibb müəssisəsində bir ailə həkiminə təhkim olunan sığortaolunanların say həddi kənd əhalisi üzrə bir ailə həkiminə 2000 nəfərdən, şəhər əhalisi üzrə bir sahə həkimi 1800 nəfərdən, bir sahə həkimipediatra 800 nəfərdən çox olmamaqla təhkim oluna bilər.

- Bəs, tibbi xidmətlərin göstərilməsi üçün vaxt necə təyin olunur?

- İcbari Tibbi Sığortada gözləmə müddəti deyə bir anlayış var. Sığortaolunana tibbi yardımın göstərilməsi gözləmə müddəti ərzində həyata keçirilir. Vətəndaş ixtisaslı ambulator xidmət üçün göndəriş verildiyi tarixdən 14 gündən gec olmayaraq müvafiq tibb müəssisəsinə müraciət etməlidir. İnstrumental diaqnostik və laborator müayinələr üçün də göndəriş verildiyi tarixdən 14 gündən gec olmayaraq tibb müəssisəsinə müraciət olunmalıdır. Planlı stasionar tibbi yardım üçün isə sığortaolunan göndəriş verildiyi tarixdən 20 gündən gec olmayaraq müvafiq tibb müəssisəsinə müraciət etməlidir. Burada koxlear implant sisteminin və oynaqdaxili endoprotezlərin yerləşdirilməsi əməliyyatları istisna təşkil edir. Bu xidmətlər növbəlilik prinsipinə uyğun olaraq müvafiq qaydalara əsasən həyata keçirilir.

- Bəs, hansı xidmətlər icbari tibbi sığorta çərçivəsində qarşılanmır? Gələcəkdə həmin xidmətlərin də icbari tibbi sığorta çərçivəsində təminatı nəzərdə tutulub?

- Hələki, kosmetik prosedurlar, plastik cərrahi əməliyyatlar, stomatoloji xidmətlər, süni mayalanma kimi tibbi xidmətlər icbari tibbi sığorta çərçivəsində təminata alınmır. Digər tərəfdən, bir çox xəstəliklərlə bağlı tibbi xidmətlər dövlət hesabına, ödənişsiz göstərilir. Həmin xəstəliklərlə bağlı bir sıra dövlət proqramları, eləcə də tədbirlər proqramları mövcuddur və bu səbəbdən onlar Xidmətlər Zərfinə daxil edilməyib.

- Vətəndaşlar Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən hansı tibb müəssisələrində yararlana bilirlər? 

- Bütün ölkə vətəndaşları icbari tibbi sığorta ilə Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən ödənişsiz istifadə edə bilərlər. Tibbi xidmətə ehtiyacınız yarandığı təqdirdə TƏBİB-in tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 9 elmi-tədqiqat institutuna şəxsiyyət vəsiqəsi ilə müraciət etməyiniz kifayətdir. Dövlət tibb müəssisəsində lazım olan tibbi xidməti göstərmək mümkün olmadıqda vətəndaşa İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı özəl tibb müəssisəsinə göndəriş verilir. Hazırda yeni müqavilə bağlanılan özəl tibb müəssisələrinin sayı 140-a çatıb. TƏBİB-in tabeliyindəki dövlət xəstəxanalarında xidmətdən yararlana bilməyən vətəndaşlara sözügedən özəl tibb müəssisələrinin siyahısı təqdim edilir. Göndəriş əsasında müqavilə bağlanan özəl tibb müəssisələrində xidmətlərdən yararlana bilərlər.

- Bəzi xəstəxanalar icbari sığorta ilə əməliyyat etsə də əməliyyatdan sonra isə reanimasiyanın ödənişini istəyirlər. Ümumiyyətlə icbari tibbi sığorta reanimasiya palata xərclərini də qarşılayırmı?

- Əslində stasionarda yatış zamanı əməliyyat, qida, dərman Xidmətlər Zərfinə daxildir. Xəstəxanadan çıxdıqdan sonra resept əsasında həkim tərəfindən təyin olunan dərmanlar icbari tibbi sığorta ilə təminata alınmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 13842
avatar

Arzu Qurbanlı

Oxşar yazılar