Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi sosial şəbəkələrdə Hacı Şahinin rəhbəri olduğu icma üzvlərinin məsciddən çıxarılması ilə bağlı yayılan iddialara münasibət bildirib.
Qurumun mətbuat xidmətindən Lent.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Hacı Şahin heç vaxt sözügedən məscidin icmasının sədri olmayıb:
""Dini Etiqad azadlığı haqqında” Azərbaycan respublikasının Qanunun 12-ci madəsinə əsasən dini icmaların dövlət qeydiyyatına alınması Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi tərəfindən həyata keçilir. Bakı şəhəri Nəsimi rayonu “Məşədi Dadaş” məscidi dini icması 27 may 2010-cu ildə qanunvericiliyə uyğun olaraq 11 nəfər olmaqla dövlət qeydiyyatından keçib. Həmin icmanın sədri Rüstəm Hüseynəli oğlu Mirzəyevdir və o, fəaliyyətini bu gün də davam etdirir.
Mərhum Hacı Şahin Həsənli Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə qazısı və “Məşədi Dadaş” məscidinin imamı vəzifələrində çalışıb. Heç vaxt sözügedən məscidin icmasının sədri olmayıb. “Hacı Şahinin rəhbəri olduğu dini icma” deyildikdə onun yanında çalışan bir neçə şəxsdən söhbət gedirsə, onlar icma üzvü olmayıblar".