Günəş həyat mənbəyidir, amma dərinin qocalmasının və dəri xərçəngi riskinin əsas səbəblərindən biridir. Günəşdən qorunmaq isə yalnız yay mövsümü və ya dəniz tətili üçün deyil, ilboyu vacibdir.
Lent.az bu barədə məlumatları təqdim edir:
SPF-in əhəmiyyəti
SPF (“Sun Protection Factor” – Günəşdən Qoruma Faktoru) – kremın dərini UVB şüalarının səbəb olduğu günəş yanığından nə dərəcədə qoruduğunu göstərir. Lakin günəşin iki növ ultrabənövşəyi şüası var:
UVA - dərinin dərin qatlarına nüfuz edərək fotoyaşlanmaya, qırışlara və ləkələrə səbəb olur.
UVB - günəş yanığına və melanoma riskinin artmasına səbəb olur. Yaxşı günəşdən qoruyucu vasitə hər iki tip şüadan qoruma təmin etməlidir. Qablaşdırmada “Broad Spectrum” və ya “Geniş spektrli qoruma” yazısına diqqət yetirin.
Mineral və ya kimyəvi tərkibli kremlər
Mineral (fiziki) - sink oksidi və ya titan dioksidi tərkibli olur, şüaları əks etdirir. Uşaqlar və həssas dəri sahibləri üçün daha uyğundur, çünki qıcıqlanma ehtimalı azdır.
Kimyəvi - avobenzon, oktokrilen kimi üzvi filtrlərlə UV şüalarını udaraq onları istiliyə çevirir. Daha yüngül teksturaya malikdir, istifadəsi rahatdır, amma həssas dəriyə təsir edə bilər.
Nə zaman və necə istifadə etmək lazımdır
Günəşdən qoruyucu kremi hər gün çəkin – hətta qışda və ya buludlu havada, çünki UVA şüaları bulud və şüşədən keçir. Küçəyə çıxmazdan 15–20 dəqiqə əvvəl çəkin. Hər 2 saatdan bir, eləcə də üzdükdən və ya çox tərlədikdən sonra yeniləyin. Üz üçün təxminən yarım çay qaşığı, bütün bədən üçün isə təxminən 30 ml (bir balaca stəkan) krem kifayətdir.
İnanmamağınız lazım olan miflər
SPF 50, SPF 25-dən iki dəfə çox qoruyur əslində fərq azdır: SPF 50 UVB şüalarının təxminən 98%-ni, SPF 30 isə 97%-ni bloklayır. Əsas olan kremi düzgün və müntəzəm çəkməkdir. Günəşdən qoruyucu krem yalnız çimərlik üçün lazımdır. UV şüaları gündəlik həyatda, hətta qısa gəzintidə və ya avtomobil sürərkən də təsir göstərir. Günəşdən qoruyucu krem kosmetik dəb deyil, dərinin sağlamlığı üçün gündəlik qayğıdır. Onu mütəmadi istifadə etməklə vaxtından əvvəl qocalmanın qarşısını almaq və dəri xərçəngi riskini azaltmaq mümkündür. Öz dəri tipinizə uyğun formul seçin və unutmayın: ən yaxşı SPF hər gün çəkdiyiniz SPF-dir.