Gəldik çıxdıq “İlin birincisi” nin satıldığı günlərə - REPLİKA
25 dekabr 2023 12:16 (UTC +04:00)

Gəldik çıxdıq “İlin birincisi”nin satıldığı günlərə - REPLİKA

Gəldik çıxdıq saxta diplom paylanma günlərinə.

Zəng gəlib, açmışam, bir tərifnamə, bir mədhiyyə, gəl görəsən. Deyir bəs gözəl yazılarınıza görə sizin ilin yazarı elan eləmək istəyirik. Elə havalanıb təzə-təzə göyə qalxmışdım ki, qayıdasan  400 manatı verin diplom sizin. Qırmızı xalı, fotosessiya filan da olacaq. Sındı qol-qanadım yanıma düşdü. Bəs bayaqdan qələmimi tərifləyirdiniz, pulla verəcəksiniz?

Qayıdasan ki, xanım sizin şeirləriniz, poemalarınız gözəldir e, amma reklama da ehtiyacı var. A balam nə şeir, nə poeama. Mən jurnalistəm.  “Yazı yazıdır da” deyib adboy verdilər.

Həmin an yanımda olan həkim rəfiqəm dedi ki, məndən də ilin həkimi nominasiyasında qalib olmaq üçün 350 dollar istəyiblər. Başqa bir həkim tanışımın dediklərindən:

“Mənə də yazırlar bəzi "şirkətlər". Şəxsi səhifəmdən yox deyirəm, iş səhifəmə yazırlar. Ordan yox deyirəm, iş nömrəmizə yazırlar. Həqiqətən o mükafatı verəcəklərsə, mən niyə ödəniş etməliyəm? Verilişə dəvət edirlər, bütün gün menecerlər yazır. Ödəniş edəcəm və biliklərimi təqdim edəcəm? Vaxtımı aldıqları üçün onların mənə ödəniş etməli olduğunu qeyd edirəm. Deyirlər, tanınmaq istəyirsinizsə, reklam ödənişli olur”.

Bəzi fırıldaqçılar dolanmağın yolunu tapıblar. Şöhrətlənmək, avam qohum qonşularına, ətrafına hava atmaq üçün ürəyi gedənlərə diplom satırlar. Bazarları yaxşı işləyir. Alıcıları çoxdur.

Çoxları var, belə diplomları alıb özünü vacib adam kimi göstərmək istəyir. Sosial şəbəkələrdə paylaşıb bir az tanış-bilişə yandı-qındı verir, sonra ayaq açılar sosial proqramlara - Ekspert kimi camaata ağıl verməyə. Damara baxıb qan alırlar. Heç yerdə tanınmamış adamdan 1000 manat, az-çox sosial şəbəkələrdə aktiv olanlar üçün 300-500 arasında qiymət biçilib.

Üzdə olan, gecə-gündüz özünü sosial şəbəkələrdə reklam edən, özünə  “həkim” statusu vermiş kosmetoloqların hamısının otağının divarını belə diplomlar bəzəyir, öz həkimlik diplomundan başqa nə desən görə bilərsən. Hansısa 5 günlük kursa gedib gəlirsə onun da sertifikatı var.

Tanıdığım 2 xanım var. 9 illik təhsilləri var. Mükafat alma videolarını paylaşıblar. Aparıcı deyir ki, flan-flan universitetlərin məzunu, 10 illik iş təcrübəsi, peşəkar mütəxəssis. Bu gün oxudu oxumadı, hamı özünə fəlsəfə doktoru, psixoloq, vəkil, yazar, jurnalist  kimi adlar taxa bilir axı. Belə saxta mükafat mərasimlərində cəmiyyətin hər təbəqəsindən adam görə bilərsən. Saç ustası, toyuq ferması müdiri, reket jurnalist, insan alverçisi, masajçı, əyalət toylarında “Xalq  artisti” kimi özünü təqdim edən müğənniciklər... Hamısı “İlin ən yaxşısı” nominasiyasında qalibdir. Bircə ilin ən fırıldaqçısı, ən dələduzu diplomu da verilsəydi...

Aldatmaq, olmadığımız kimi görünmək, ona-buna hava atmaq üçün ürəyimiz gedir. Goru çatlasın bunu bizim qanımıza qatan ərəb babaların. Çəkə-çəkə gedib onlara çəkmişik.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5247
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar