“Türkiyənin müxtəlif bölgələrində baş verən irimiqyaslı meşə yanğınları ilə əlaqədar olaraq iyulun 30-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında ölkəmizdən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları bu yanğınların söndürülməsinə cəlb edilib. Nazirliyin qüvvə və vasitələri 4 mərhələdən ibarət olaraq qardaş ölkəyə göndərildi. İyulun 31-dən artıq nazirliyin yanğın-xilasetmə qrupları müxtəlif bölgələrdə yanğınların söndürülməsinə başlayıb”.
APA xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) rəis müavini polkovnik Rza Xudiyev bildirib.
R.Xudiyevin sözlərinə görə, Türkiyədə yanğınlar əsasən Marmaris şəhərinə yaxın, Mula bölgəsində, Aydın və Dənizli şəhər ətrafında baş verib: “Prezident İlham Əliyevin tapşırığına əsasən, qarşımıza qoyulan tapşırıq qısa müddət ərzində türkiyəli həmkarlarla birgə genişmiqyaslı yanğınların söndürülməsi idi. Qısa bir zamanda tərəfimizdən cənab Prezidentin tapşırığı yerinə yetirildi. İri şəhərləri, qəsəbələri, kənləri, mülki insanların fərdi yaşayış evlərini yanğından mühafizə edə bildik. Hesab edirəm ki, artıq Fövqəladə Hallar Nazirliyinin qarşısında qoyulmuş tapşırıqlar tam yerinə yetirilib. Hazırda təyyarə ilə gələn 2-ci, axrıncı qrup Vətənə çatıb”.
FHN rəsmisi əlavə edib ki, 90-da artıq avtomobillər – yanğın və xüsusi təyinatlı texnikalar hazırda yoldadır, Türkiyə ərazisindən Azərbaycana gəlir. Birinci avtomobil karvanımız səhər saatlarında Gürcüstan ərazisinə keçəcək. 18 saat sonra isə 2-ci avtomobil karvanı Gürcüstana daxil olacaq”.
Xidmətinin rəis müavini vurğulayıb ki, şəxsi heyət arasında itki yoxdur: “Yüngül xəsarət alanlar olub ki, bu da Türkiyədəki meşələrdə bitən ağacların növündən, mürəkkəb relyefdən asılı olaraq baş verib. Şəxsi heyət 15-16 gün ərzində böyük ruh yüksəkliyi ilə çalışdı. Amfibiyanın və yaxud helikopterlərin pilotlarımız tərəfindən idarə edilməsi Türkiyəni heyran edib. Türkiyə dövləti tərəfindən çox böyük dəstək gördük. Hərtərəfli təchizatla təmin edildik”.