Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) Türkiyənin zəlzələ bölgəsindəki axtarış-xilasetmə qrupları fəaliyyətini davam etdirir.
Lent.az-ın məlumatına görə, APA-nın zəlzələ bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir ki, FHN-in xilasediciləri Kahramanmaraşın Heydər Əliyev prospektində çökən yeddimərtəbəli binada axtarış işləri həyata keçirir.
Hazırda FHN-in 50-dən çox canlı qüvvəsi, xüsusi təlim görmüş itləri əraziyə cəlb olunub.
Yerli sakinlərin sözlərinə görə, burada dağıntılar altında 20-dən çox adam qalıb. Onların dağıntıların altından çıxarılması istiqamətində axtarış tədbirləri görülür.
Qeyd edək ki, APA Media Group-un 3 əməkdaşı Türkiyədə təbii fəlakət zonasında çalışır. APA informasiya agentliyinin əməkdaşı Səlcuq Elçin və operatorumuz Fariz Quluyev Azərbaycan FHN-in xilasediciləri ilə birgə zəlzələnin episentri olan Kahramanmaraşa ezam olunub. Digər əməkdaşımız, APA-nın Türkiyə müxbiri Tural Əsədi isə zəlzələnin ağır təsirlərinə məruz qalmış Hatay bölgəsindədir. Əməkdaşlarımız xilasetmə əməliyyatları barədə son məlumatları hadisə yerindən çatdırırlar.