Ev və maşın elanlarındakı FIRILDAQLAR  - İşbazlar hər anı güdür 
17 sentyabr 2024 10:53 (UTC +04:00)

Ev və maşın elanlarındakı FIRILDAQLAR - İşbazlar hər anı güdür 

Yeni tədris ilinin başlaması ilə əlaqədar minlərlə tələbə artıq oxuyacağı şəhərdə kirayə mənzil axtarışındadırlar. Hazırda kirayə evlərə həddindən artıq tələbat isə xüsusilə də bu sahədəki bəzi işbazların işini xeyli asanlaşdırır. Belə ki, vətəndaş evi almaq və ya kirayəyə götürmək istəyəndə ona elandakı qiymətdən daha yüksək qiymət göstərilir. Təəssüf ki, bu məsələ kirayə mənzil bazarında deyil, həmçinin avtomobil alqı-satqısında da müəyyən narazılıqlara səbəb olub.

Maraqlıdır, görəsən, ev və ya avtomobil alarkən, kirayə götürərkən nələrə diqqət etmək lazımdır?

Məsələ ilə bağlı əmlak məsələləri üzrə ekspert Elnur Azadov Lent.az-a açıqlamasında bildirib ki, belə hallar həmişə olub. 

Onun sözlərinə görə, bu cür hadisələr bəzən bilərəkdən, bəzən də bilməyərəkdən baş verir:

“Məsələn, hər hansı bir elanı yerləşdirərkən insanların ən çox müraciət etdiyi elanlara və onların qiymətinə diqqət yetirilir. İlkin qiymət qoyulur və həmin elana həddindən artıq müraciət edən olduqda qiyməti avtomatik olaraq dəyişdirirlər. İkinci yanaşma isə odur ki, sahibkar insanları cəlb etmək üçün bilərəkdən aşağı qiymətdə elan yerləşdirir. Daha sonra isə qiyməti qaldırır. Bundan əlavə, xaricdə olan işbazlar ölkədəki elanları görüb. Sahibkarları aldadaraq onların bank məlumatlarını ələ keçirməyə və bundan yararlanmağa çalışırlar. Bu səbəbdən belə işbazların sözünə aldanmamaq lazımdır”.

Sosioloq Lalə Mehralı isə saytımıza açıqlamasında bildirib ki, bu hadisə xüsusilə tələbələrin başına gəlir. 

O fikirlərinə davam edərək, həmçinin qeyd edib ki, yeni tədris ilində minlərlə tələbə özünə ev axtarır:

“Hamı öz büdcəsinə, cibinə uyğun ev axtarmağa çalışır. Belə bir vəziyyətdə necə davranmağı vətəndaşların əksəriyyəti bilmir. Vətəndaşların əksəriyyəti pulu mənimsənildikdə, müqavilə bağlamadan kirayə ev götürdükdə və s. digər vəziyyətlərdə hara və necə müraciət edəcəyi barəsində məlumatsızdır. Əsasən də reklam fırıldaqçılığı daha çox yayılıb. Yəni olmayan bir qiyməti təqdim etmək reklam bazarında daha çox yayılmış fırıldaqlardan biridir. Xüsusilə də maşın və ya kirayə mənzillərdə bu fırıldaqçılıqdan istifadə edirlər. Elan saytlarında evin və ya maşının qiymətini aşağı tutur, xüsusiyyətlərini isə çox şişirdirlər. Məsələn, evin metro yaxınlığında olduğunu qeyd etsə də, gedib evə baxanda metrodan 3 kilometr uzaqda olduğunu görürük. “Hər şəraiti var” dedikləri evə baxdıqda orada heç normal şəraitin olmadığını da görürük”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4245
avatar

Arzu Qurbanlı

Oxşar yazılar