“Əsgərim sinəsində  bayraq gəzdirirdi ki, Şuşaya taxsın” – Veteran jurnalist
21 iyul 2022 12:28 (UTC +04:00)

“Əsgərim sinəsində bayraq gəzdirirdi ki, Şuşaya taxsın” – Veteran jurnalist

Bir jurnalistin dilindən müharibə günlərinə dair xatirələr, duyğular  eşitmək bir başqadır. Lent.az-ın budəfəki  müsahibi də elə jurnalistdir. “İki sahil” qəzetinin baş redaktorunun müavini, Vətən müharibəsinin iştirakçısı, ehtiyatda olan kapitan Anar Miriyev. 


- Anar, hansı bölgələrdə döyüşdünüz?

- Xocavənddə gedən döyüşlərdə iştirak etdim. Bir neçə kəndin işğaldan azad edilməsində xidmətlərimiz oldu.  Ağdam işğaldan azad olunduqdan sonra bölüyümüz həmin əraziyə keçdi. Əsasən Xocavənd istiqamətindəki döyüşlərin iştirakçısı oldum.  

- Müharibə nə deməkdi sizcə? 

- Müharibə həm də ölüm-itim, qan-qada deməkdir. Çiyin-çiyinə səngərdə dayandığın döyüş yoldaşının gözlərinin qarşısında döyüşə-döyüşə şəhid olması, yaralı əsgər yoldaşını döyüş zonasından çıxarmaq, səngərə gətirmək, onun yaşamasına çalışmaq, ən kiçik qələbəyə də sevinmək,  vətən üçün ölümə getmək - Budur müharibə!  Bizim bölükdən İlqar Əhmədov, Eşqin Gülməmmədov və Qoşqar Üzeyirov şəhid oldu.  Gizir Hacızadə ayağının birini itirərək qazi kimi geri döndü. Bu yol həm çox şərəfli, həm də  çox çətin idi. 

- Döyüş yolunuz necə başladı?

 - Ayın 28-dən müharibə qurtarana qədər iştirak etdim, dekabrın 31-ə qədər xidmətdə olmuşam. Quru qoşunlarında bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini kimi xidmət apardım. müharibə vaxtı əsgərlərimizin döyüş ruhunun yüksəldilməsi, mənəvi psixoloji  hazırlıq vəziyyətinin daima yüksək vəziyyətdə saxlanılması  işləri mənə həvalə edilmişdi.
Ən çətin döyüşlərdə iştirak etdik, ”Ohanyan səddi” deyilən 5 qat müdafiə istehkamlarını aşarkən ordumuz böyük qəhrəmanlıq göstərdi. 


Azərbaycan oğulları raketin dağıda bilmədiyi düşmən istehkamlarını darmadağın etməyi bacardı. Burda onların silahı qədər şücaəti, hünəri də iş gördü. Şuşaya yalın əllə qalxan oğullar o mübarək bayrağı zirvələrdə dalğalandırmağı bacardılar.  Mən şahid oldum ki, 44 günlük  Vətən müharibəsində Azərbaycan ordusu qəhrəmanlıq dastanı yazdı. Şəxsi heyətlə iş zamanı görürdüm ki, istər səfərbərlikdən cəlb olunanlar, istər cəbhəyə könüllü yazılanlar, istərsə də orada həqiqi hərbi xidmətdə olan əsgərlərdə  yüksək mənəvi-psixoloji hazırlıq var. Bir məqsəd ətrafında birləşmişdik. Orada elə bir əsgər yox idi ki, nədənsə qorxsun, çəkinsin. Ordumuzun da, xalqın da Ali Baş Komandana İlham Əliyevə olan inamı çox yüksək idi, bunu deməsək olmaz.

- Baş verənləri həm də bir jurnalist kimi görürdünüz. Nələr edirdiniz?
 
- Mən orda olanda hiss edirdim ki, şəxsi heyətin informasiyaya ehtiyacı var.  Məsul olduğum vəzifəylə yanaşı, həm də jurnalist olduğum üçün məndən hər zaman informasiya almağa çalışırdılar. Müraciət edir, xəbər tutmaq istəyirdilər. Öz  telefonuma qulaqcıq taxıb radionu dinləyir, eşitdiyim gözəl xəbərləri onlarla paylaşırdım.  Hansısa bir kəndin azad edilməsi xəbəri bizdə çox böyük ruh yüksəkliyi yaradırdı.

 
- Xalq televizorların qarşısında  “ keçik çəkirdi”, ən kiçik xəbərə belə ac idik. Bəs əsgərlər  zəfər xəbərlərini   ala bilirdilər?

- Əlbəttə, bu bizim üçün çox maraqlıydı. Hər dəqiqə operativ xəbərlər almaq  mümkün olmurdu. Amma biz özümüz əldə olan imkanlarla məlumatlanmağa çalışırdıq. Qulaqcığa maqnit yapışdıranda radiodalğaları tutmaq asan olurdu. Xəbər alıb  şəxsi heyətə çatdırırdım, bu böyük ruh yüksəkliyi yaradırdı. Hamı müharibənin çox tezliklə böyük zəfərlə bitəcəyinə bir nəfər kimi inanırdı. Düzdür, cənab Ali Baş Komandanın xalqa müraciətlərinin hamısını izləyə bilmirdik, amma bilirdik ki, o hər dəfə mütləq böyük bir müjdə verəcək. Onun hər hansı bir sözü min görülən işdən, təbliğatdan daha güclü təsir göstərirdi, bu bizə daha çox lazım idi, əsgərlərimiz aslana dönürdülər. Döyüş ruhumuz  həddən artıq yüksəlirdi. 19-21 yaşlı gənclər vardı, onların döyüş əzmini, bayraq eşqini görmək biz “qocaları”həm təəccübləndirirdi, həm ruhlandırırdı. Qarabağda yaşamayan uşaqlar Şuşanı, Laçını necə sevə bilərmişlər, bu torpaqlar onlar  üçün necə müqəddəs ola bilərmiş, biz bunun canlı şahidləri olduq. Bu sadəcə təbliğat-təşviqat deyildi, biz vətən sevgisinin qan olaraq torpağa hopduğunu öz gözlərimizlə görürdük.  Heç kim canından qorxmurdu. 98 nəfərlik şəxsi heyətimiz vardı. Birinin gözündə qorxu hiss etmədim.  Bir gənc əsgərim sinəsində  bayraq gəzdirirdi ki,  Şuşaya taxsın.  Döyüşdən çıxan əsgərlərə istirahət verilməliydi, onların yerinə başqa bir qrup əsgər girməliydi, biz əsgərləri dincəlməyə göndərə bilmirdik, narazılıq edirdilər, deyirdilər bura istirahətə gəlməmişik. Hamı yalnız döyüşmək arzusundaydı, heç kim kənarda qalmaq istəmirdi.

- Geridə qoyduğunuz övladlarınızı da düşünürdünüz yəqin

- 9 və 7 yaşlı iki oğlum  yolumu gözləyirdi. Bilirdim ki, Kamranla Kamal ataları ilə fəxr edəcəklər.

- Qələbə xəbərini necə eşitdiniz?

- Həmin  gecə növbəti əməliyyata hazırlaşırdıq. Telefonumdakı radio ilə zəfər xəbərini eşitdik, bu bizim üçün çox böyük sevinc oldu. O gün yaşadığım  sevinci yəqin bütün ömrüm boyu bir daha hiss etməyəcəm. Biz bu qələbəni öz yumruğumuzla, şəhid  verə-verə, qazi ola-ola qazandıq, bütün dünyaya kim olduğumuzu sübut etdik, Qarabağ münaqişəsində həlak olmuş bütün soydaşlarımızın ruhlarını sevindirdik. 44 günlük müharibədən sonra qələbə ən böyük nemət idi və bu duyğunun sözlə ifadəsi yoxdur.

# 4497
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar