Əlil pulları kimə verilməlidir? - Acından ölən  Səbinənin aqibəti hamını silkələdi
04 avqust 2025 16:33 (UTC +04:00)

Əlil pulları kimə verilməlidir? - Acından ölən Səbinənin aqibəti hamını silkələdi

Bir neçə gün öncə Yevlaxda ata və qızının faciəvi ölümü bütün gündəmi zəbt etdi. 48 yaşlı III qrup əlilliyi olan Məhəbbət Bayramovun yaşadığı evdə intihar etməsindən sonra onun 23 yaşlı I qrup əlil qızı Səbinə Bayramova köməksiz vəziyyətdə qalaraq aclıqdan dünyasını dəyişib.

Səbinənin anası o, uşaq olarkən dünyasını dəyişib. Ata, qız və oğul bir yaşayıblar. Daha sonra Məhəbbət Bayramov başqa qadınla evlənib və Səbinəyə analığı baxmağa başlayıb. Lakin son günlər qadın da boşanmaq istədiyini bildirib və evdən gedib. Ondan sonra ata və qız evdə tək qalıblar. 

Bəs görəsən intiharın kökü maddi vəziyyətlə əlaqəli olub?Yoxsa ailəyə müavinətlər verilirdi?

Lent.az-ın sorğusuna Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DSMF-nin İctimaiyyətlə əlaqələr Departamentinin müdiri Rəşad Mehdili bildirdi ki, Bayramovlar ailəsi həssas qrupdan olan, sosial müdafiəyəyə ehtiyacı olan ailə olduğuna görə Dövlət Sosial Müdafiə Fondu tərəfindən onlara hər ay 850 manat vəsait ödənilirdi:

“2006-ci ilden serebral iflic diaqnozu ilə yataq xəstəsi olan 1-ci qrup əlil Bayramova Səbinə Məhəbbət qızına əlilliyə görə 300 manat məbləğində müavinət, 250 manat məbləğində təqaüd ödənilirdi. Həmçinin ona qulluq edən atası Bayramov Məhəbbət Əvəz oğluna qulluğa görə 120 manat məbləğində təqaüd ödənilirdi. Bununla yanaşı M.Bayramov 3-cü qrup əlilliyi olan şəxs olduğuna görə ona 180 manat məbləğində müavinət ödənişi də həyata keçirilirdi”.

Görünən odur ki, intiharın predmeti maddi vəziyyətin çətinliyi deyilmiş. Onlara maksimum dərəcədə müavinətlər və təqaüd ayrılıbmış. Lakin rayon kimi bir yerdə qonşuların və yaxınların 3 gündən sonra ata və əlil qızından xəbər tutması, daha doğrusu onların cəsədləri ilə tanış olmaları daha böyük tragediyadır.

Təsəvvür edin, qayğıya möhtac adamın yavaş-yavaş aclıq və susuzluqdan ölməyi necə dəhşətdir! Qızına baxdığı üçün müavinət alan ata, intihar edərək onu öz əllərilə taleyin ağuşuna buraxdı. Halbuki, özü yaşamaq istəmirdisə, bu həyat onun üçün acımasız və mənasız idisə və o çarəsiz qıza baxa bilmirdisə, qulluğa görə aldığı müavinəti başqasına verib, övladını yaşada bilərdi... Özü ölmək istəyən şəxs övladını niyə öldürür? Həm də yavaş-yavaş, əzab çəkdirərək...

Hər iki valideyni olmadığı, özü də I qrup əlil olduğu üçün ona dövlət tərfindən sosial xidmətçi ayrılacaqdı. Onun qayğısına qalan şəxslər olacaqdı, amma ölməyəcəkdi.

Lent.az-a sözügedən hadisə ilə bağlı danışan sosioloq Lalə Mehralı da bildirib ki, Səbinə laqeydliyin qurbanı olub:

“Bu xəbəri mətbuatdan oxuyanda ən çox insanların bir-birinə olan laqeydliyinə kədərləndim. Həmin qız laqeydliyin qurbanı oldu. Bir insanın baxıma möhtac övladı varsa və buna rəğmən intiharı düşünürdüsə belə, özündən sonra köməksiz, baxımsız qalacaq qızına görə bu fikirdən daşınmalı idi. Yox, əgər həqiqətən də ata yaşamaq istəmirdisə, öncədən tədbir görmək məcburiyyətində idi. Çünki o bilirdi ki, öldükdən sonra qızı da mütləq ölümə məhkum olacaq.

Biz indi elə bir dövrdəyik ki, hamı bir-birinə qarşı laqeyddir. Əvvəl hansısa qonşunun 1 gün səsi gəlməsə, həyət-bacada görünməsə, digərləri onun üçün nigaran olurdu. Dərhal başa düşürdülər ki, ya başına hansısa iş gəlib, ya da xəstələnib. O vaxtlar səs-sorağı çıxmayan adamdan yaxınları narahat olurdu. Faciə yaşanan evdə bir neçə gün səs çıxmayıb və heç bir qonşu bundan narahat olmayıb ki, ata və baxıma möhtac olan qızın niyə səsləri gəlmir? Bəlkə nə isə baş verib? İnsanlarda laqeydlik o qədərdir ki, hətta belə vəziyyətlərdə belə, onlar başqası üçün narahatolmurlar İndi heç kim özünü başqasının problemi, dərdi ilə məşğul etmir”.

Qeyd edək ki, Azərbaycanda orqanizmin funksiyalarının 81-100 faiz (I qrup) pozulmasına görə 300 manat sosial müavinət ayrılır. 

Həmçinin, ümumi səbəblərdən orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə ödənilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği 350 manat müəyyən edilib.

Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və ya əlilliyi olan uşaqlara qulluq edən şəxslərə ödənilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği 120 manatdır.

Təqaüd, əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ olmasından, məşğulluq vəziyyətindən asılı olmayaraq, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə və ya əlilliyi olan uşaqlara qulluq edən şəxslərə verilir.

Təqaüd orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs və ya əlilliyi olan uşaq, habelə şəxs vəfat etdikdə və ya yaşayış yerini dəyişdikdə;

Şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə;

Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsin həmin faiz dərəcəsi dəyişdirildikdə və ya ləğv edildikdə, əlilliyi olan uşağın əlillik müddəti bitdikdə və ya ləğv edildikdə;

Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs (fəaliyyət qabiliyyəti olmayan orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla) və ya əlilliyi müəyyən edilmiş 14-18 yaşınadək uşaq (14 yaşadək uşaqlara münasibətdə qəyyumluq və himayə orqanı) təqaüd alan şəxsin onlara qulluq etmədiyi barədə müraciət etdikdə dayandırılır. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 710

Oxşar yazılar