<span style="color:red;">Elçin Şıxlı:  “Qəfil başımı çevirib gördüm, ətrafda heç kim qalmayıb...” –<span style="color:red;"> LENT.az-da YENİ LAYİHƏ
26 oktyabr 2017 14:14 (UTC +04:00)

Elçin Şıxlı: “Qəfil başımı çevirib gördüm, ətrafda heç kim qalmayıb...” – LENT.az-da YENİ LAYİHƏ

 

Vüsalə Məmmədova ilə “Künefe Evi”ndə “50+” söhbətlər...

 

Lent.az-da “50+” adlı yeni layihəyə başlayırıq. Burada yarım əsrdən çox ömür yaşayan ziyalılarımızla söhbətləri təqdim edəcəyik. Yaşı 50-nin üzərində olan insanların cəmiyyəti bürüyən qlamurluq, “cool” görünmə dərdi olmadığından, çox səmimi olurlar. Buna görə də həyatda nələr görüblər, qarşılaşdıqları çətinlikləri necə dəf ediblər, yaşadıqları həyatdan nələr öyrəniblər, bu haqda çox səmimi danışırlar. Müdriklər həyatı başqalarının səhvindən öyrənərək yaşamağı tövsiyə edir. Ümid edirik, bu baxımdan 50+ söhbətlər oxucularımız üçün faydalı olacaq.

İlk müsahibi müəyyən etmək çətin olmadı. Tarixdə ən çox tədqiq edilən 100 şəxsiyyətdən biri olan alman mütəfəkkiri Yohann Volfhanq Höte deyirdi ki, kimlərdən öyrəniriksə, müəllimimiz onlardır, yoxsa bütün bizə dərs keçənlər bu ada layiq deyillər. Mən də ilk müsahibimi özümə müəllim hesab etdiyim şəxslərin arasından seçmək istədim. Və müəllim sözünün tam haqqını verən Elçin Şıxlı ilə 50+ söhbət etmək qərarına gəldim. Görüşəndə də söhbətə bu günlərdə qeyd etdiyi yubileyindən başladıq:

 

- Elçin müəllim, bir neçə gün öncə 60 yaşınız oldu. Sosial mediada profilinizə təbrik üstündən təbrik yağırdı. Ötən il sizinlə 4 il əvvəlki müsahibəmizi paylaşıb, təbrik yazmışdım. Bu dəfə isə çəkindim. Öz-özümə Elçin Şıxlının oxucuları da peşəkardır, dedim. Elə hər il eyni müsahibəni paylaşıb təbrik etsən...

 

Gülür...

 

- Amma demək olar ki, yubiley müsahibələrinizin hamısını oxudum. Sanki hamı yubilyardan hesabat tələb edir. Bu, jurnalistikanın problemidir, yoxsa milli xüsusiyyətimizdir ki, yubilyardan sanki ömrü biz vermişik, indi də necə xərclədiyini soruşurmuş kimi, hesabat tələb edirik...

 

- İnsan hesabat üçün yaşayırsa, demək, düz yaşamır. Mən bu ömrü hesabat vermək üçün yox, özüm üçün yaşayıram. Əslində, hər kəs özü üçün yaşayır. Tənhalığı da özü üçün olur... Şad günləri, ola bilsin, başqaları ilə bölüşürsən, amma tənhalığı bölüşmək olmur... Məndən soruşsalar ki, əhvalınız necədir, özünüzü necə hiss edirsiniz... (Gülür) Vallah, elə soruşurlar da...

 

- Mən soruşmayım. Sanki ömür ağır bir xəstəlik imiş kimi “indi özünüzü necə hiss edirsiniz” soruşmayım...

 

- Doğrusu, belə suallara cavablar da şablon olur. Mən isə şablonları sevmirəm. Sadəcə, bəzən yorğun oluram, elə istədikləri cavabı verirəm. (Gülür)

 

- Elçin müəllim, onilliklər sonra müstəqil Azərbaycan mətbuatının inkişafını araşdıran tədqiqatçılar “Ayna-Zerkalo” qəzetinin hər səhifəsindən yararlanacaqlar. O zaman dillərdə bir də Elçin Şıxlı adı dolaşacaq...

 

- (Gülür) “Zerkalo”nun işçiləri hamısı indi də mənə “şef” deyirlər. Hərdən soruşurlar, “Şef, yadındadır, filan vaxt belə elədin...” Doğrusu, çoxu yadımda olmur... Mənə təsir edən məqamlar yadımda qalır, ayrı-ayrı detallar isə... Ad çəkməyəcəyəm, artıq Bakıda da yaşamayan bir həmkarımızla o gün yazışanda dedi ki, mən sənin o yaxşılığını heç vaxt yadımdan çıxartmayacağam... Yadıma sala bilmədim... Bir detalı deyəndən sonra xatırladım...

 

- Nə baş vermişdi?

 

- Hardasa 24-25 ilin söhbətidir. Atası nahaqdan xoşagəlməz bir vəziyyətə düşmüşdü. Dedi, bilirəm, bu qəzetin prinsiplərinə uyğun deyil, amma mənə çox lazımdır. Cavab verdim ki, insanlıq üçün bir dəfə qəzetin prinsiplərini pozmaq olar. Yaşayırıq... Əgər insan hər bir epizod üçün hansısa şablona uyğun gəlməyə çalışırsa, deməli, yaşamır... “Zerkalo” qəzeti ilə bağlı onu deyə bilərəm ki, mən bu işi sevə-sevə görürdüm. Çətin idi, gözəl məqamlar da var idi, bir çox halda “mən də özümə iş tapmışam”, deyirdim... Amma bir şey var idi ki, həmişə işə biyara gedən kimi yox, istəyərək getmişəm...

 

- Tarixin bütün dövrlərində insanlar sahib olduqları sərvəti, nüfuzu, əlaqələri, imkanları qorumaq üçün o qədər çaba xərcləyiblər ki, fərqində olmadan ləyaqət əldən gedib. Bütün zamanlarda ən çətini ləyaqəti qorumaq olub...

 

- İnsan tək olanda 100 faiz maksimalistlik etmək olur. Amma himayəndə kimsə varsa və xüsusi ilə ailə qurmusansa... Dəfələrlə şahidi olmuşam... Ləyaqəti qorumaqda çox önəmli bir məqam da var - əgər evdəkilər sənə arxa olur, dığdığla zəhləni tökmürlərsə, sən ləyaqətini qoruyub saxlaya bilirsən və hətta onlar səndən tələb edirlər ki, sınma! Məqamlar var idi ki, atamın bizə görə narahat olduğunu hiss edirdik. O zaman anam deyirdi ki, “kişi deyəsən zəifləyib, getdik kabinetə!” Yığışıb otururduq, deyirdik ki, bizə görə heç nə eləmə. İşləyirik, uzaqbaşı işimizdən çıxarıq. Anam da deyirdi ki, heç nədən çəkinmə! Görürdük ki, artıq atama rahatlıq gəldi... Ailəndən bu dəstək gəlməyəndə ləyaqəti qorumaq çətindir...

 

- Bizim insanlar üçün İsmayıl Şıxlının yaratdığı Cahandar ağa obrazı daim məğrurluq simvolu olub. Bunun davamı kimi onun yaratdığı növbəti qəhrəman isə Rauf Mirqədirov məsələsində sərgilədiyiniz duruşunuzla siz oldunuz... Yuxarıda ləyaqət məsələsinə boşuna toxunmadım...

 

- Əvvəlcə bir az yazıçılıqdan başlayım... “Azərbaycan” kinoteatrında ilk dəfə Jan Pol Belmondonun “Əsrarəngiz” filminə baxmışdıq. O, yazıçı idi, qəhrəmanı isə supermen. Kimdən acığını çıxmaq istəyir və gerçək həyatda çıxa bilmirsə, əsərdə o adamdan acığını çıxırdı. Yəni, mənim aləmimdə istənilən sənətkar gerçək həyatda müasirliyə uyğun olaraq ata bilmədiyi addımı – daxilindəki obrazı kağıza köçürür.

 

İkinci məsələyə gəlincə... Olur ki, həyatda milyon dəfə qəhrəmanlıq etmək istəyirsən, alınmır. Milyonbirinci dəfə isə alına bilər! Yol eynidirsə, nə vaxtsa alınacaq! Ola bilsin, mən hansısa yerdə, xırda məqamlarda nəsə etməyə çalışmışam və alınmayıb, amma milyonbirincidə alınıb. Demək istəmirəm ki, Raufla olan məsələ təsadüfi alınıb, yox. Sadəcə, mən milyon dəfə o hadisələri xırda-xırda keçmişəm. Haradasa alınıb, haradasa uduzmuşam... Amma burada geriyə durmaq mümkün deyildi. Hər tərəfdən bilirdim ki, bu, belə ola bilməz. Mümkün deyil! Ola bilsin, bir az qabağa da gedə bilərdim, amma nə isə də... Nə olub, olub.

 

Dəqiq bilirdim ki, qəzeti bağlamasam, daha bir-iki müxbir tutulacaq. Raufun həbsi ondan ötəri idi ki, mən, ya da qəzet ağlını başına yığsın. Elə şeylər var idi ki, danışmırdım, amma artıq Rauf çıxıb gedib, danışıram...

 

Rauf məhbəsdə olanda anasının yanına gedib-gəlirdim. Rəfiqə xanım olduqca dəyanətli xanımdır. Bir gün qayıtdı ki, bir sual verim, inciməzsiz? Dedim yox, o nə deməkdir... Soruşdu ki, yaxşı, Rauf yazırdı, yazırdı. Bəs siz niyə onu çap edirdiniz? Dedim ki, Rəfiqə xanım, Rauf gənc müxbir deyil, onun yazdıqları elə idi ki, onları gərək ya verəydin, ya da verməyəydin. Verməmək mümkün deyildi, çünki sadəcə olaraq ürəyimdən yazırdı. Mən müəyyən yerləri bir az yuvarlaqlaşdırırdım. Rauf özü deyirdi ki, “şef, mən yazıram, nə lazımsa özün düzəldərsən”. Yəni orada başqa cür hərəkət etmək mümkün deyildi. Elə etməsəm, özüm içimi yeyib ölərdim...

 

- Lütfən, sualımı hesabat saymayın. Bilmək istəyirəm, vicdan rahatdırmı? İçinizdə özünüzə bağışlamadığınız hansısa məqam varmı? Rəfiqə xanımın sualına görə bilmək istəyirəm...

 

- Yox, elə bir narahatlığım yoxdur. Raufun atası rəhmətə gedəndə onu 3 günlük evə buraxdılar. Qəbir üstündə Arif Əliyevə dedim ki, atası öz ölümü ilə oğluna üç günlük azadlıq bəxş elədi. Bu həqiqətdir və dəhşətdir...

 

Bir məqam da var. Rauf 23 aylıq təkadamlıq kamerada məhbəs həyatı yaşamaqla övladlarına İsveçrədə oxumaq və yaşamaq şansını verdi. Bu saat onun 15-16 yaşlı qızı 7 dil bilir. Sürix Universitetinin kollecində İT təhsili alır. Onun təhsil haqqını İsveçrə hökuməti ödəyir. Mən deyə bilmərəm ki, Rauf orada xoşbəxtdir, ya yox. Ailəsi ilə bir yerdədir, doğrudur. Amma Raufun 60 yaşı olacaq, dil problemi var, dost-tanış dairəsinin yoxluğu var. O dairə olmayanda çox çətindir. Gənc olanda mühitə uyğunlaşmaq olur.... Raufla danışanda soruşdu sən necə düşünürsən, mən uşağı o təhsildən məhrum edə bilərəm? Dedim, haqqın yoxdur!

 

- İsmayıl Şıxlını nə qədər sevsəm də, sizinlə onun oğlu kimi yox, Elçin Şıxlı kimi söhbət etməyi düşünürdüm. Amma bütün hadisələr ora çəkir... Sizdən öncə yolunuzu cızan bir ad var.

 

- Doğrudur. Rus aktyoru Sergey Bezrukov “uşaqlar bizim gələcəyimizdir” fikrinə belə cavab verib: “Uşaqlar yox, valideynlər bizim gələcəyimizdir. Çünki biz onların yolunu təkrarlayırıq”. Bu cavab mənə çox ləzzət edir. İstədik-istəmədik, vaxt keçdikcə daha çox əmin oluram ki, biz onları təkrar edirik. Ola bilsin, şəraitdən asılı olaraq hadisələr müxtəlif cür cərəyan etsin, amma o daxili nüvə ki, var, o heç yerə getmir. İstənilən anda istənilən övlad öz valideynini təkrar edir.

 

- Siz də öz övladlarınıza o cığırı açmısınız... Şıxlı soyadının bizim xalq üçün mənəvi çəkisi var.

 

- Doğru. Həmişə öz-özümə deyirəm ki, bəlkə də atam İsmayıl Şıxlı olmasaydı, mən başqa cür hərəkət edərdim. Çox məsul məqamlar olur, birdən beynimdə bir sual doğur: “Görən kişi nə deyərdi mənə?”

 

- Bu davamı övladlarınızda da görürsünüz?

 

- Bilmirəm, özləri bilərlər. (Gülür) Baxıram ki, işlərində fırıldaq edə bilərdilər, etmirlər. Yaltaqlıq – bu sahədə məndən də beşbetərdirlər! Hətta fikirlərini daha kobud şəkildə də deyə bilirlər. Görünür, bu cəhətləri nənələrindən gəlir. Anam sözü dəhşət üzə deyən idi. Hətta bəzən atam deyərdi: “ay qız sən neylədin?”

 

- Dediniz ki, atanız çətin məqamda qalanda ananız sizinlə birlikdə kabinetə gedirdi... Eyni dəstəyi övladlarınızdan görmüsünüz?

 

- Rauf həbs olunanda düz 8 ay məni və həyat yoldaşımı istintaqa aparıb-gətirdilər... Yoldaşım bizimlə işləyirdi, buna görə də məndən çox onu dindirdilər... O məqamda nə yoldaşım, nə də uşaqlar bir kəlmə narazılıq etmədilər. Təbii, gəlirimiz azaldı. Maddi tərəfdən onlar istədiyini verə bilmədim. Amma heç vaxt “sən belə eləsəydin, elə olardı” söhbəti olmadı. Şikayət etmirəm, həyatdır... Amma ətrafımda o qədər adam var idi ki, birdən-birə də yox oldular... Qəfil başını çevirib görürsən ki, heç kim qalmayıb...

 

- Həyatın ən çətin məqamlarından biridir başını qaldıranda kimsəni görməmək... Ən qiymətlilər isə gördüklərinizdir. Kimlər idi?

 

- Arif Əliyev, Qulu Məhərrəmli, İbrahim Nəbioğlu... Bir ailə dostumuz var, özü və xanımı həddindən artıq dayaq oldular...

 

- Əslində vəziyyət o qədər də pis deyil! Bir köşəyə çəkilib həyatın bütün ləzzətini dadmağın tam zamanıdır. Zatən ətrafdakı məqsədli xaosu başqa cür dağıtmaq mümkün deyildi...

 

- (Gülür) Təxmin edirdim ki, belə hallar ola bilər. Amma elə adamlar var ki, onlardan umursan. Maddi anlamda yox, insan kimi nə isə umursan və onların üz çevirməsindən sonra deyirsən ki, ilahi, gör mən kimə ümid edirdim...

 

- Bu durum, meydandakı “dostların” ələnməsi həyata baxışınızı dəyişdi?

 

- Çox vaxt yoldaşım deyir ki, sən yenə də hamıya inanırsan. Amma inanmasam, yaşaya bilmərəm. Şüur deyir belə etmə, amma mümkün deyil...

 

- Dəyişmək necə, mümkünmü?

 

- Yox. Səni nəyəsə məcbur edə bilərlər, amma daxildə heç nə dəyişmir. Sadəcə, qapanırsan və daha çox nifrət toplanır, acıqlı olursan... onun da sonu heç vaxt yaxşı olmur.

 

- Elçin müəllim, jurnalistikada bir Elçin Şıxlı imzası yarandısa, ədəbiyyat çox güclü bir qələmi itirdi. Qəzetçiliyi tarixin səhifələrinə göndərmişkən qələmə sarılıb, böyük ədəbiyyat yaratmaq zamanı deyilmi?

 

- Daxilimdəki səsin arxasınca getdim. İsmayıl Şıxlıdan sonra yazırsansa, ortaya çox sanballı əsər qoymalısan.

 

- Amma qələmə sarılmanın tam zamanıdır. Artıq ilk kitabınız da işıq üzü görüb...

 

- Dostlarım 60 illiyimdə mənə 2 sürpriz etdilər. Biri məndən xəbərsiz hazırladıqları, yazılarım toplanan “Sükutdan sitat” kitabı. İkinci isə haqqımda 25 dəqiqəlik film çəkdilər... Biz istəyirdik ki, “Ayna” müəlliflərinin ayrıca kitabını çap edib, bir qovluqda dördünü də təqdim edək. Amma maddi çətinlik yarandığından bu ideyamızı reallaşdıra bilmədik. Dostlar sağ olsunlar, ilk kitab mənimki oldu... Yazmağa gəlincə, bəlkə də zamanıdır. Sadəcə, hələ ki, ürəyimdə belə bir şey yoxdur.

 

- Ayna.az özü mətbuatdakı elə bir ciddi boşluğu qapatdı ki... Hər yazı jurnalistikada imza olmağa çalışan şəxslər üçün bir ustad dərsidir. Yazılarınız olmadığınız auditoriyalarda sizsiz dərs keçir...

 

- Bilmirəm, görək də... İndi “Ayna”ya cavanların cəlb edilməsi ilə bağlı bir neçə nəfərlə danışmışıq.

 

- Jurnalistika nanəcib peşələrdən hesab edilir. Bəzən bir mövzunu günlərlə araşdırırsan, amma məqalə əhəmiyyətini 24 saat saxlaya bilmir. Peşənizdən incikliyiniz var?

 

- Qətiyyən! Müəyyən məqamları kənara atsaq, bu illər ərzində mən xoşbəxt olmuşam. Çünki istədiyim işlə məşğul olmuşam. Doğru, çətinliyi var... Biri var sadəcə yazırsan, biri də var idarəetmə. Məsələn, mən işləyəndə heç nə yaza bilmirdim. Axıra yaxın mənə dəfələrlə xəbərdarlıq etmişdilər ki, Raufun ipini çək, filankəsi işdən çıxart. Razı olmamışdım.

 

Özüm qazandığım üçün işçiyə istədiyim məvacibi verə bilmirdim. Mirqədirovdan başqa yaxşı yazan uşaqlar da var idi. Amma daha yaxşı məvacib hesabına qəzeti tərk etdilər. Bu, şüurlu şəkildə aparılan xətt idi. Nəhayət elə alındı ki, gerçəkdən qəzet zəiflədi. Son vaxtlar görürdün qəzeti təkcə Raufa görə alırlar. Deyirdim, istənilən komandanın bir superulduzu olur, Rauf “Zerkalo”nun Messisidir. Özüm yazmağa başladım və “Raufun ipini çək” deyənlər başladı ki, Raufun yazmağı bəs deyildi, indi də özün başlamısan? Eh, nə isə...

 

- Və sonuncu sualım. Sevgi adamı yoldan çıxardır. Mən sizi sevməyən insana heç rast gəlmədim. Adınız çəkilən hər yerdə bir ehtiram, sevgi gördüm. Facebooka gəldiniz və qısa müddətdə oxucularınız ətrafınızda toplaşdı, sevgi şərhlərlə axın etdi...

 

- (Gülür) Xoş söz adama çox ürəyəyaxın gəlir, təbii. Amma bu sevgidən başın gicəllənirsə, yanında arxadaşın – xanımın varsa, qəfil qayıdır ki, “yaman yuxarıdan getdin, en aşağı...”

 

- Çox dəyərlisiniz. Sonuncu yazınızdan yaddaşımda ilişib qalan “Gözləmədən, durmadan yaşamaq lazımdır” fikrinizi düşünürəm və sizə gözləmədən, durmadan yaşamaq arzulayıram...

 

***

 

Lent.az dadlı söhbət üçün “Künefe Evi”nə təşəkkür edir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 578
avatar

Vüsalə Məmmədova

Oxşar yazılar