Əcnəbi futbol azarkeşlərinin Bakı təəssüratları - REPORTAJ
12 iyun 2021 19:34 (UTC +04:00)

Əcnəbi futbol azarkeşlərinin Bakı təəssüratları - REPORTAJ

Dünən açılış mərasimi keçirilən AVRO-2020 bu gün Bakıda Uels və İsveçrə arasında keçirilən oyunla davam edir.

APA TV-nin xəbərinə görə, Azərbaycan paytaxtı turnirin keçirildiyi 11 şəhərdən biridir.

AVRO-2020-nin 4 oyunu Bakıda baş tutacaq. Məhz bu məqsədlə paytaxtımıza xeyli sayda turist axın edib. Biz də onların Bakı haqda təəssüratlarını öyrənməyə gəlmişik.

İsveçrə azarkeşi olan Julius Andreu bir həftədir ki, Bakıdadır. O deyir ki, buradakı futbol sevgisi eynən Avropa ölkələrində olduğu kimidir: “Bakı çox gözəl şəhərdir. Mən hələ də buranı kəşf etməyə çalışıram. Dünəndən buradakı tarixi abidələri, görməli yerləri gəzirəm. Düşünürəm ki, futbol üzrə Avropa çempionatını keçirməyə ən layiqli şəhər elə Bakıdır. Azərbaycanlılar çox mehriban və qonaqpərvər insanlardır. Düşünürəm ki, mən gələcəkdə burada yaşaya da bilərəm”.

Frank Toppets isə deyir ki, Bakıdakı oyunları izləmək üçün Belçikadan min kilometrlərlə yol qət edib və Bakıdakı istirahəti onun yol yorğunluğunu canından çıxarıb: “Gün ərzində şəhəri kəşf etməyə çalışdım. Qafqazın digər ölkələrində olmuşam. Birinci dəfədir Azərbaycanda, Bakıda oluram. Sözün açığı, Bakının bu qədər müasir bir şəhər olduğundan xəbərsiz idim. Bura möcüzələr aləmidir sanki. Düşünürəm ki, AVRO-2020 bitəndən sonra burada bir neçə gün qalacam ki, şəhəri tam olaraq gəzim. Çünki vaxt azdır. Bir həftə ərzində Bakı kimi tarixi şəhərin hər guşəsini gəzmək mümkünsüzdür”.

Oyun günü Bakı Olimpiya Stadionunun ətrafında da qələbəlik müşahidə olunur. Şotlandiyadan Uels millisinin oyunlarını canlı olaraq izləmək üçün paytaxtımıza gələn Ceyms Simpson isə deyir ki, Bakı şəhəri Uels millisinə düşərli olacaq: “Çox gözəl şəhəriniz var. Buradakı ab-hava məni valeh etdi. Bakı haqda dostlarımdan çox eşitmişdim, amma bu qədərini gözləmirdim. Bu məkan həm tarixi, həm də müasirliyi özündə ehtiva edir. Ona görə də düşünürəm ki, AVRO-2020-yə ev sahibliyi etmək üçün paytaxtınız ən ideal məkanlardan biridir. İnanıram ki, azarkeşi olduğum Uels millisi Bakıdakı oyunlarında qələbələr qazanacaq”.

Qeyd edək ki, İtaliya, Uels, İsveçrə və qardaş Türkiyənin milli komandalarının qərarlaşdığı A qrupunda baş tutacaq 3 görüş və AVRO 2020-nin 1/4 final mərhələsinin 1 qarşılaşması paytaxtımızda keçiriləcək.

# 2118
avatar

Oxşar yazılar