Sentyabrın 12-si gecə saatlarından etibarən Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədilib.
Azərbaycan Ordusunun həyata keçirdiyi qətiyyətli cavab tədbirləri zamanı Ermənistanın təxribatının qarşısı alınıb, bölmələrimiz tərəfindən strateji əhəmiyyətə malik bir sıra hakim yüksəkliklər nəzarətə götürülüb.
Lent.az xəbər verir ki, əməliyyat çərçivəsində Ermənistan silahlı qüvvələrinə məxsus Gorus rayonu və Novruzlu (Kaxnut) yaşayış məntəqəsi istiqamətlərində 2 ədəd S-300 5N63 İYR radarı, 3 ədəd S-300 5P85 BQ buraxıcı qurğusu, Basarkeçər rayonu və Aşağı Qaranlıq (Martuni) yaşayış məntəqəsi istiqamətlərində isə 2 ədəd S-125 RTS-125 radarı, eləcə də xeyli sayda canlı qüvvəsi məhv edilib və yaralıları var.
Qarşı tərəfin bu istiqamətdə Hava Hücumundan Müdafiə (HHM) sistemi çökdürülüb. Həmçinin qarşı tərəfə məxsus 1 ədəd radioelektron mübarizə (REM) vasitəsi JİTEL, 20-dək ədəd top və haubitsa, 10-dam çox minaatan və 6-sı sursatla dolu olmaqla ümumilikdə 32 ədəd avtomobil texnikası sıradan çıxarılıb.
Bundan başqa Ermənistan silahlı qüvvələrinin bölmələrinə məxsus 1-i sursatla dolu olmaqla 3 ədəd KAMAZ, 1 ədəd URAL və 1 ədəd UAZ-3962 markalı avtomobil və 3 ədəd mühəndis texnikası, 3 ədəd minaatan, 1 ədəd “İqla-S” daşınan zenit-raket kompleksi, 135 ədəd müxtəlif avtomat, pulemyot, qumbaraatan, 20 qutu əl qumbarası, 2 ədəd optik cihaz, 2 ədəd rabitə vasitəsi və 14500-dən çox döyüş sursatı qənimət olaraq ələ keçirilib.
Ümumilikdə qarşı tərəfin 53 döyüş mövqeyi, 2 minaatan atəş mövqeyi, xeyli sayda hakim yüksəkliklır nəzarətə götürülüb, Zod istiqamətində yerləşən 538-ci əlahiddə dağatıcı briqadasının daimi dislokasiya məntəqəsi, 2 ədəd S-300 və 2 ədəd S-125 divizionlarının start mövqeləri darmadağın edilib.