Dünyada bu gün-VİDEO
11 yanvar 2021 09:24 (UTC +04:00)

Dünyada bu gün-VİDEO

AZƏRBAYCANIN MÜSTƏQİLLİYİNİN DE-FAKTO TANINMASI

(1920)

1920-ci il yanvarın 11-də Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi Versal Sülh Konfransının Ali Şurasında de-fakto olaraq tanınıb. Qərarda göstərib ki, "müttəfiq və birlik ölkələri Azərbaycan və Gürcüstan hökumətlərini birlikdə de-fakto səviyyəsində tanıyırlar". Hazırlanan sənəd yanvarın 12-də Ali Şura üzvləri tərəfindən imzalanır, yanvarın 15-də isə qərar Fransa Xarici İşlər Nazirliyinə dəvət olunan Azərbaycan nümayəndə heyətinin rəhbəri Əlimərdan bəy Topçubaşova rəsmən təqdim olunur. Azərbaycan Cümhuriyyətinin de-fakto tanınması barədə məlumatı alan Azərbaycan xalqı yanvarın 14-15-də bu hadisəni böyük bayram kimi qeyd edir.

ƏBDÜLKƏRİM ƏLİZADƏ

(1906-1979)

Tarix elmləri doktoru, akademik Əbdülkərim Əli oğlu Əlizadə 11 yanvar 1906-cı ildə Bakı yaxınlığındakı Bilgəh kəndində anadan olub. 1930-cu ildə Leninqrad Şərq İnstitutunu bitirib. 1941-1963-cü illərdə SSRİ EA Azərbaycan filialının Tarix İnstitutunda baş elmi işçi, direktor, Tarix və Fəlsəfə İnstitutunun qədim və orta əsrlər tarixi şöbəsinin rəhbəri, Azərbaycan EA İctimai Elmlər bölməsinin akademik-katibi vəzifələrində çalışıb. 1958-1963-cü illərdə Azərbaycan EA Şərqşünaslıq İnstitutunun ilk direktoru olub. Əməkdar elm xadimi fəxri adı, “Qırmızı Əmək Bayrağı”, “Şərəf nişanı” ordenləri və medallarla təltif olunub. A.A.Bakıxanovun "Gülüstani-İrəm" əsərinin elmi-tənqidi mətninin hazırlanmasında iştirak edib və redaktoru olub. Əbdülkərim Əlizadə 3 dekabr 1979-cu ildə Bakıda vəfat edib.

FUAD MUSAYEV

(1938-2017)

AFFA-nın ilk prezidenti Fuad Ənvər oğlu Musayev 1938-ci il yanvarın 11-də Bakıda dünyaya gəlib. 6-cı rus məktəbində, inşaat fakültəsində təhsil alıb. 1977-ci ildə Dövlət Planlaşdırma Komitəsində sədrin 1-ci müavini təyin olunub. Elə həmin il Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib və 1995-ci ilə kimi deputat mandatı daşıyıb. 1981-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin sədr müavini, Mərkəzi Komitənin tikinti üzrə katibi, 1983-1988-ci illərdə Bakı şəhər Partiya Komitəsinin I katibi vəzifələrində çalışıb. 1992-ci ildə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının ilk prezidenti seçilib və 2003-cü ilə kimi AFFA-ya rəhbərlik edib. Fuad Musayev 16 iyun 2017-ci ildə Bakıda vəfat edib.

SƏNAN RÜSTƏMOV

(1973-1992)

Şəhid Sənan Əkbər oğlu Rüstəmov 1973-cü ilin bu günü Ağdamda doğulub. Burada orta təhsil aldıqdan sonra 1989-cu ilə kimi Texniki İstehsalat Kursunda oxuyub. 1984-cü ildən “Qarabağ bülbülləri” ansamblının ən fəal üzvü olub və 1988-ci ilə kimi ansamblda özünəməxsus yer tutub. 1991-ci ilin may ayında həqiqi hərbi xidmətə çağırılıb, hərbi xidmətini Qusar rayonunda davam etdirib. 1992-ci il aprelin 4-də III batalyonun II rotasına komandir təyin edilib. Ağdərə rayonunun Sırxavənd, Qazançı, Kiçan, Canyataq, Gülyataq döyüşlərində qəhrəmanlıqla vurub. Sənan Rüstəmov 1992-ci il mayın 15-də gedən döyüşdə şəhid olub. Ağdam şəhər 2 saylı orta məktəbinə onun adı verilib.

MİRZƏ QULİYEV

(1974)


Azərbaycanın Milli Qəhrəmanı Mirzə Məcid oğlu Quliyev 11 yanvar 1974-cü ildə Bərdə rayonunun Saatlı kəndində anadan olub. 1980-1991-ci illərdə burada təhsil alıb. 1992-ci ildə hərbi xidmətə çağırılıb. 1993-cü il iyulun 28-də Ağdam cəbhəsinə göndərilib. Daha sonra Füzuli, Tərtər, Ağdərə uğrunda gedən döyüşlərə atılıb və PDM-i ilə xeyli erməni tankını məhv edib. 15 yanvar 1995-ci ildə “Hərbi xidmətlərə görə” medalı, 4 aprel 1995-ci ildə Azərbaycanın Milli Qəhrəmanı fəxri adı ilə təltif edilib. Polis Akademiyasını bitirdikdən sonra daxili işlər orqanlarında işə qəbul edilib.

NADİR SOLTANOV

(1984-2020)

Şəhid Nadir Nazir oğlu Soltanov 11 yanvar 1984-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Ordusunun giziri olan Nadir Soltanov 2020-ci il sentyabrın 27-də başlanan Vətən Müharibəsinə qatılıb və müharibənin ilk günündə qəhrəmanlıqla şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

EMİL ƏSƏDOV

(1998-2020)

Şəhid Emil Balaqardaş oğlu Əsədov 1998-ci il yanvarın 11-də Salyan rayonunun Çuxanlı kəndində anadan olub. Çuxanlı kənd orta məktəbində, Cəmşid Naxçıvanski adına Hərbi Liseydə və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. Hərbi xidmətinə 2019-cu ildə leytenant hərbi rütbəsi ilə başlayıb. 2020-ci il sentyabrın 27-də başlayan Vətən Müharibəsində taqım komandiri kimi Hadrut, Füzuli, Qubadlı, Xocavənd və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Döyüşlər zamanı düşmənin 90-dan çox canlı qüvvəsini və 14 texnikasını məhv edib, bir neçə dəfə silah yoldaşlarını mühasirədən çıxarıb, buna görə də "Qaya 11" ləqəbini qazanıb. Yaralanıb hospitala təxliyə olunsa da, bir müddət sonra yenidən döyüş meydanına qayıdıb. Emil Əsədov noyabrın 8-də Xocavənd döyüşləri zamanı şəhid olub və Salyan rayonunda dəfn olunub. Ölümündən sonra "Qarabağ" ordeni və "Vətən uğrunda" medalı ilə təltif edilib.

ƏLİAĞA QULİYEV

(1917-1998)

Azərbaycanın xalq artisti, tarzən Əliağa Eyvaz oğlu Quliyevin anım günüdür. O, 1917-ci il mayın 9-da Bakıda dünyaya göz açıb. Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin tar sinfində təhsil alıb. Azərbaycan Dövlət Konservatoriyasının xor-dirijorluq fakültəsinə qəbul olsa da, ali təhsilini başa çatdırmadan İkinci Dünya müharibəsinə qatılıb. Müharibədən sonra Azərbaycan radiosunda baş redaktor və xalq çalğı alətləri ansamblının rəhbəri olub, Opera və Balet Teatrında, Mahnı Teatrında solist-tarzən kimi fəaliyyət göstərib, musiqi konsertlərinin təşkilatçısı, rejissor işləyib. Əliağa Quliyev 1998-ci il yanvarın 11-də Bakıda vəfat edib.

SÖHRAB ƏSGƏROV

(1972-1994)

Şəhid Söhrab Telman oğlu Əsgərovun xatirə günüdür. O, 1972-ci il aprelin 1-də Laçın rayonunun Arduşlu kəndində anadan olub. Bakı dəmiryolu texnikumunda təhsil alıb. Biləcəri vaqon deposunun vaqonyığma sexində çilingər işləyib. 1992-ci ildə könüllü olaraq Milli Orduya yazılıb. Füzuli, Qubadlı, Laçın və Ağdərə uğrunda gedən döyüşlərdə böyük şücaət göstərərək, xeyli sayda düşmən əsgərini məhv edib. Söhrab Əsgərov 11 yanvar 1994-cü ildə Ağdərə rayonunda öz döyüş yoldaşlarını mühasirədən çıxarmaq üçün girdiyi qeyri-bərabər döyüşdə bir neçə erməni əsgəri ilə üz-üzə gəlib, son patronuna qədər vurub. Sonda əsir düşməmək üçün əl qumbarası ilə onları və özünü partladaraq şəhid olub. Ağdərə rayonunda dəfn edilib.

VÜQAR HƏŞİMOV

(1986-2014)

Azərbaycan şahmatçısı, qrossmeyster Vüqar Qasım oğlu Həşimov da bu gün xatırlanır. O, 1986-cı il iyulun 24-də Bakı şəhərində anadan olub. 2002, 2004, 2006 və 2008-ci illərin Şahmat olimpiadalarında Azərbaycan yığmasının tərkibində çıxış edib. 2009-cu ildə Azərbaycan yığmasının heyətində Avropa çempionu adını qazanıb. 2011-ci ilin yanvarında İtaliyada 1958-ci ildən müntəzəm olaraq keçirilən Recco-Emiliya şahmat turnirinin qalibi olub. Vuqar Həşimov 11 yanvar 2014-cü ildə Almaniyanın Heydelberq klinikasında dünyasını dəyişib və Bakıda dəfn olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1272
avatar

Oxşar yazılar