Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən martın 7-də dövlət qulluğunda inzibati rəhbər (A növü) və inzibati icraçı (B növü) vəzifələrə aid olan vəzifə qrupları üzrə test imtahanları keçirilib.
DİM-dən Lent.az-a verilən məlumata görə, COVID-19 infeksiya ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binasına yalnız tibbi maska daxil olmağa icazə verilib və namizədlərin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.
İmtahan zalında namizədlərin bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunub.
İnzibati rəhbər (A növü) vəzifələr üzrə olan imtahan elektron qaydada kompüter vasitəsilə keçirilib. Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda namizədə imtahanın nəticələrinə dair arayış təqdim olunub. İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 57 nəfərdən 52 nəfər imtahana gəlib. İmtahan nəticələrinə əsasən, AB4 altqrupu üzrə 1, AC2 altqrupu üzrə 1, AC3 altqrupu üzrə 1, AC4 altqrupu üzrə 5 nəfər olmaqla, ümumilikdə 8 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.
İnzibati icraçı (B növü) vəzifələr üzrə keçirilən test imtahanı Bakı ilə yanaşı, ilk dəfə olaraq Gəncə şəhərində də təşkil olunub. İmtahan materiallarının daşınması və emalı ilə əlaqədar nəticələrin martın 9-da elan olunması nəzərdə tutulur.
Test imtahanlarından müvəffəqiyyətlə keçən namizədlər sertifikatı əldə etmək üçün martın 9-dən 29-dək DİM-in portalında müraciət formasını doldurmalıdırlar. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin skan edilmiş surətləri formaya əlavə edilir:
-ali təhsil haqqında sənədin surəti;
-əmək kitabçasının surəti (olduğu halda).
Müraciət formasına daxil edilmiş məlumatların və əlavə edilmiş sənədlərin düzgünlüyünün dövlət elektron informasiya vasitələri ilə yoxlanılması mümkün olmadığı halda, namizəd həmin sənədin (sənədlərin) müəyyən edilmiş qaydada təsdiq olunmuş surətlərini və ya eyniləşdirmə məqsədi ilə həmin sənədlərin əslini 5 (beş) iş günü müddətində DİM-ə təqdim etməlidir.
İnzibati vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər. Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd qanunvericiliklə müəyyən edilmiş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir. Ümumi şərtlərin tələblərinə cavab verməyən namizəd müsahibədə iştirak edə bilməz.
İmtahan nəticələri ilə bağlı Apelyasiya Komissiyası martın 10-11-də saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə, 28 ( keçmiş Bakı Asiya Universitetinin binası).