Direktora yaxalanan dərsdən qaçanlar, Rəşid müəllimi çilədən çıxaran  şagirdlər... -VİDEO
22 avqust 2024 14:08 (UTC +04:00)

Direktora yaxalanan dərsdən qaçanlar, Rəşid müəllimi çilədən çıxaran şagirdlər... -VİDEO

Telefona gələn bildiriş... Onkoloji testin cavabını unutduran həmin gün

Türkiyədəydim. Ankaranın küçələrində bir az yorğun, bir az halsız, bir az da təlaşlı gəzirəm. Onkoloji testlərin cavabları nədənsə gecikir. Nə yalan deyim, zaman keçdikcə səbirsizləşir, özümə heç cürə yaxın buraxmadığım qorxu, ümidsizlik isə yanımda atılıb düşürdülər.

Telefonuma gələn hər bildirişə atlayıram ki, aha testlərin cavabı gəldi... Yox bu da deyil, işdə uşaqlar nəsə maraqlı bir video düzəldiblərmiş, onu atdılar qrupa. Harada qaldı bu cavablar?..

Elə bu dəm gördüm ki, kimlərsə məni yeni yaradılan WhatsApp qrupuna əlavə etdi. Düşündüm ki, ay dadi-bidad onsuz da 30-dan çox media qrupunda varam, bu yaranan yenə nədir belə? Turşumuş sifətlə telefonu açıram. Əvvəlcə heç nə anlamadım. Qrupun adı “Rəşid müəllimin şagirdləri” idi. Nə??? Bıy, sən demə bu mənim 35 il əvvəl may ayında ayrıldığım sinif yoldaşlarımdı. Təsadüfə bax yenə maydır... Sadəcə aramıza minlərcə kilometrlər girib. Rusiyanın bir çox şəhərindən, Çinlə sərhədindən, Sibirdən, Azərbaycanın uzaq kəndlərindən və daha haralardan insanlar qoşulub bu qrupa. Hələ nəyin baş verdiyini anlamağa çalışdığım zaman bir də gördüm videoçata başladılar, əlim-ayağım rəsmən bir-birinə dolaşıb. Yollardakı bütün çuxurlara düşsəm də, maneələrə ilişsəm də gözümü bu videoçatdan ayıra bilmirəm. Düzünü deyim heç birini tanımıram, amma gözləri onları yavaş-yavaş ələ verirdi. Dedim bir imkan verin, kafelərin birinə keçim oturum sizlə danışım. Ankaranın məşhur “Karanfil Sokak”ında ilk qarşıma çıxan kafeyə girdim. Zalım uşağı, burda da xidmət “özünə qulluq”dur. Sevincdən necə yeridiyimi bilirəm ki, bir özümə də qulluq edim? Böyük bardaq mokanı siniyə qoyub masama yaxınlaşırdım ki, ayağım burxuldu. Qəhvə bir gəncin üstünə töküldü, amma o qədər zərif idi ki, mənə üzr diləməyə aman vermədən dönə-dönə “hanım efendi sizə bir şey olmadı ki...” deyə soruşurdu. Sonra kafedəkilər yaxınlaşıb dedilər ki, bu tökülən qəhvə bizdən olsun, siz əyləşin özümüz sizə yenə moka gətiririk. Ankaradakı bu isti münasibət, orda telefonda gözləyən uşaqlığımın həyəcanın üstünə gəlib məni elə təsirləndirdi ki... Bax o hissin adı nədirsə vallah tapa bilmirəm ki, ifadə edim. Amma o enerjini az da olsa sizə ötürdüyümdən əminəm.

Videoçatda indinin biznesmeni, həkimi, hüquqşünası, müəllimi, şef ustası, qrafik dzayneri, bankiri və daha kimlər-kimlər çönüb olmuşdu balaca uşaqlar. Hamı bir-birini belə çağırırdı “Leyloş, Südüş, Bili, İsoş, Eka, Səbiş...”. Elə bil bir sehrli dəyənək dəymişdi, 80-ci illərin sonuna getmişdim. Yenə Naftalan şəhər 1 saylı orta məktəbinin o ən dəcəl sinfi bir arada idi. Heç kim-heç kimə danışmağa aman vermirdi, xorla söhbət gedirdi. Əmin oldum ki, hə bu bizim uşaqlardır. Telefona da dayanmadan bayaqdan gözlədiyim bildiriş gəlir. “Sayın Sabina Mammadova, test sonuclarınız çıxdı”, “Sabina hanım sonuclarınızı aldınızmı?” deyə tibb bacısı qız dayanmadan mesaj atır. Ay qız bir o yana dur, heç hənanın yeridir? Mən indi təzəcə 12 yaşlı uşağa dönmüşəm, kim deyir ki, xəstəyəm? İnanın inandığınıza ki, həmin zaman heç bir qüvvə məni xəstə olduğuma, 50 yaşımı keçdiyimə inandıra bilməzdi. Hansı ki bütün günü bu mesajları gözləyirdim...

Nə başınızı ağrıdım, xeyli danışdıq. Gördüm birazdan kafeni bağlayacaqlar, daha durası oldum, Ankara küçələri ilə dolaşa-dolaşa gözümü telefondan çəkmirəm. Birdən məndən soruşdular ki, sən niyə Ankaradasan? Elə bil o parıltılı sehr söndü. Başıma gələnləri, çox çətin bir onkoloji müalicə yolunu keçdiyimi söyləməli oldum. Tökülən saçlarımdan, kirpiklərimdən, ağır əməliyyatlarımdan danışanda hamının üstünə su tökülmüşdü sanki. Dedim bircə dəqiqə dayanın testlərin cavabına baxıb sizə dönəcəm. Bəh-bəh cavab nə cavab? Göz dəyməsin, hər şey əla görünür. Tez çata qayıdıb bu xəbəri ailəmdən öncə onlara verdim. Oralar da toy-bayrama çevrildi...

Çox uzatmayım. 3 ay boyunca qrupdakı uşaqların (orda olarkən uşaqdırlar – red.) hərəsi xatirələrdən bir kərpic gətirdi və biz beləcə 35 il əvvələ heç kimin yıxa bilməyəcəyi o güclü zaman körpüsünü inşa edib bitirdik. Bircə qalmışdı vaxtında görüş yerinə çatmaq. Göylərdə təyyarələr, yerlərdə avtomobillər gətirirdi bizi o zaman körpüsünün üstünə. Həyəcan tavanda...

Artıq sabah görüş günüdür. İşdən gələn kimi çamadanı hazırlamışam. Gecədən həyat yoldaşımın zəhləsini tökürəm ki, tez ol-tez ol, birdən gecikərik. O da hirsli-hirsli “burdan Naftalana 3 saat yarımlıq yoldu uzağı, get yat”. Yox ey nə yatmaq. Nə özüm yatdım, nə ona imkan verdim. Axırda bezib dedi ki, yaxşı gəl çıxaq yola... Heç evdə övladlarımla da vidalaşmadım, onları yatılı qoyub hövlənk qaçıb oturdum maşına. Ürəyim boğazımda vururdu. Naftalana gedərkən heç vaxt, hətta nişan mərasimimə yollananda belə bu qədər sevincli deyildim. Həvəsin qarışdığı bir həyəcanın gətirdiyi adrenalin insana elə bir duyğular hiss etdirir ki, onu yalnız yaşamaq lazımdır. Kim desə ki, bax bu belə olur, inanmayın. Onun izahı yoxdur. Gecədən səhərə kimi qrupun çatında danışırıq. Gələn səslər: “Mən Hacıqabulu keçdim”, “Ay qız mən Yevlaxdayam”, “Görem uşax gelermi işdən, məni indijə Qazaxdan sizə çatdırajax, öyümüzün qavağına gederəm”, “Tez olun Gorandan Naftalana dönürəm”. İlahi bu dəfə Naftalanın yolları, ətri, daşı-kəsəyi niyə daha təsirli olub mənim üçün? Sükanın arxasındakı həyat yoldaşım heç cür mənim bu təlaşlı halımı anlamır. Amma təsadüfə baxın, bəxtim onda gətirib ki, bizim Bili yoldaşımın universitetdən dostudur və Bilalı görəcəyi üçün sevinclidir.

Zaman yetişir. Budur qapıda məni sinfimizin Leyla demiş “Su Sonası” gözləyir. Bir-birimizə necə sarılıb, hoppanıb-düşürüksə kənardan heç kim inanmaz ki, bunlar 50 yaşını keçən həkim və jurnalistdir. Onu da deyim ki, məktəbə ən birinci biz ikimiz çatdıq. Orada sanki heç nə dəyişməyib. İndi idmandan dərs deyən Vaqif müəllimimiz (ruhu şad olsun) qışqıracaqdı ki, sıraya düzlənin, səhər idmanı başlayır. Qapıda mühafizə xidmətini yerinə yetirən xadimələr və ya yuxarı sinif şagirdləri “basa-bas salmayın, bu Rəşid müəllimin uşaqları bizi boğaza yığıb da” deyəcək.

Məktəbə girən kimi gözüm direktorun kabinetinə sataşır. Demək sinfimizə gedən yol onun otağının qarşısından keçirdi. Dəhlizin döşəməsinə isə şahmat formasında ağlı-qaralı metlax vurulmuşdu. Usta naşı olub deyəsən, bəzi yerlərdə ağlarla qaraların arası çox uzaq idi. Mən də ağların üstündən hoppana-hoppana gedirdim, çox vaxt sürüşüb çırpılırdım yerə. Səsə direktorumuz Şahmar müəllim çıxırdı çölə həmişə. Bir gün də bezib məni boynumun arxasından tutub sürüyə-sürüyə apardı otağına və başladı nə başladı: “Abdullayeva, heç utanmırsan? Sən bizim məktəbimizin ən yaxşı müəllimələrindən birinin qızısan. Səndən böyük burda 1 bacın, iki qardaşın oxuyub. Heç o oğlanlar bu hoqqanı çıxartmırdı. Mənim kabinetimin qarşısından keçəndə bu nə oyunlardı çıxardırsan?”. Mamam gələnə kimi məni 1 saat küncdə saxladı.

İndi onun otağından çıxan direktor Fuad Zamanovun yaşı bizdən belə azdır. Yeri gəlmişkən, çox sağolsunlar Naftalan 1 saylı orta məktəbinin əməkdaşları, tətil zamanında bizə görüşmək, sinfimizə yığışmaq üçün gözəl şərait yaratmışdılar.

Direktorla bağlı ən yadda qalan xatirəm isə bu idi. Dərsdən qaçmaq istəyəndə... Məktəbimizdə tədris müddətində əlində çanta ilə qapıdan çıxmağa icazə vermirdilər. Mən də gedib 2-ci mərtəbənin tualetinin pəncərəsindən çantamı məktəbin böyrünə tullayıb, heç nə olmamış kimi qapıdan çıxıb aradan çıxırdım. Bir dəfə də çantamı atıb, heç hara düşdüyünə də baxmadan dərsdən qaçıb kinoteatra getməyə hazırlaşıram. Gedib atdığımı götürmək istəyəndə gördüm Şahmar müəllim əlində çantam məni gözləyir. Nə yemisən “turşulu aş”... Naftalanlı uşaqlar onun danlamaq və tənqid etmək metodlarının heç vaxt unutmazlar. Burda deməyim, ayıb olar...

Özü də əlaçıydım, o vaxtdan çox aktiv idim, əksər tədbirlərin aparıcısı, Novruzun bahar qızı, məktəb qəzetinin yazarı, teatr dərnəyinin rejissoruydum. Ona görə də çox vaxt baş rolları özümə verirdim. Amma etiraf edim ki, sakit, sözə baxan deyildim. Çünki sinif yoldaşlarım məni həmişə yoldan çıxardırdı. Qoşulurdum onlara çıxarmadığımız hoqqa qalmırdı, anam mənim əlimdən müəllimlər otağına utana-utana girirdi ki, indi görən nə şikayətlə gələcəklər? Məni də Əkrəm Əylisli kimi söyməsəniz, bir şey də demək istəyirəm. Ən çox tərəfimizi tutan milliyətcə erməni olan (Naftalanda onların sayı az deyil idi-red), rus dilindən dərs deyən Maretta müəlliməmiz idi. Sinfimizin uşaqları ilə bağlı tez-tez müəllimlər otağında müzakirələr aparılanda o deyirdi ki, o uşaqlar yaxşı oxuyur, bir zəhmət şıltaqlıqlarına dözün. Gündəliyimə 6+ yazırdı. Özü də deyir ki, heyf ki, bunu jurnala yaza bilmirəm.

Məktəbin həyətində xatirələr aləmində dolaşdıqca gördüm ki, yavaş-yavaş uşaqlığım toplaşır. Hə, hamısı özüdür, sadəcə əyinlərindəki paltarların ölçüsü böyüyüb. Lakin o gözlər, o məsum baxışlar heç, özü də bir cıqqana belə dəyişməyib. Mənim sarıldığım o böyük kişilər və xanımlar deyildi, fürsət düşən kimi sinif rəhbərimiz Rəşid müəllimi (ruhu şad olsun) çilədən çıxaran o cılız uşaqlarıydı. Həmin zaman oradakı enerjini elektrikə çevirsəydilər, inanın ki, o gün Azərbaycana Mingəçevir Su Elektrik stansiyası lazım olmazdı. Təəssüf ki, elm hələ bunu icad edə bilməyib.

Ürəyim doludur. Təəssüratların heç yüzdə birini yaza bilmədim. Redaktor yoldaşım, məşhur yazarımız Azər Hüseynbala dedi ki, ta saxla, bəsdir, uzatma çox...

Görüşdə dediyim kimi, bizlər hələ yalanın və nifrətin nə olduğunu bilmədiyimiz günlərdə dost olmuşduq, indi onların arasında kim-kimə xəyanət edə bilər ki?..

Deməli belə, keçən günləri də geri qaytarmaq olarmış. Yetər ki, sizlər bunu ürəkdən istəyin.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2520
avatar

Səbinə Əvəzqızı

Oxşar yazılar