Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə Bakıda kirayədə birlikdə yaşadığı Zəfər Məmmədovu 23 bıçaq zərbəsi ilə öldürməkdə təqsirləndirilən Hüseyn Həsənovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.
Lent.az xəbər verir ki, dövlət ittihamçısı ittiham aktını elan edib.
Təqsirləndirilən H.Həsənov ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bildiyini deyib.
Məhkəmə təqsirləndirilən şəxsə ifadə verməyi təklif edib. Təqsirləndirilən H.Həsənov Zəfər Məmmədovu iki ilə yaxındır tanıdığını, bir aya yaxın müddətdə birlikdə kirayədə yaşadıqlarını bildirib:
"Biz günü dörd manata eyni otaqda kirayədə qalırdıq. Həmin gün çox içmişdik; 500 qramlıq bir butulka şüşəni elə ikimiz boşaltdıq. Mən əvəllər də məhkum olmuşdum. Zəfər bunu bilirdi deyə hər fürsətdə bunu başıma qalxıb məni alçaltmağa, hər dediyimə lağ eləməyə çalışırdı. Həmin gün də içki içəndın sonra möhkəm mübahisəmiz düşdü. Zəfər içkini sona qədər içə bilmədi, gedib yerində uzandı. Mən əsəblərimi sakitləşdirmək üçün siqaret yandırdım. Zəfərin təhqirləri, məni alçaltması gözümün qabağından getmirdi. Çantamda saxladığım bıçağı çıxarıb Zəfər yatan yerə yaxınlaşdım və ona zərbələr endirməyə başladım. O mənə müqavimət göstərməyə, əllərimi tutub saxlamağa çalışırdı. Bir qədər sonra o heydən düşüb xırıldamağa başladı. Mən onu öldürmək istəmirdim, Zəfər özü məni o vəziyyətə gətirdi. Əməlimdən peşimanam. İçkili olmasaydım, bəlkə də bu bədbəxtlik olmazdı".
Məhkəmə şahid ifadələri ilə davam edib.
Şahid X.A təqsirləndirilən və mərhumun birlikdə yaşadıqları evin sahibəsi olduğunu deyib:
"Həmin gün gecə saatları idi. Mən onların otaqlarından gələn taqqıltı səsini eşidib, nə baş verdiyini anlamaq üçün onları səslədim. Cavab gəlmədi, nigaran qalıb yuxarı çıxdım. Qapı, pəncərə bağlı idi. Qapını yumruqlayıb açılmasını tələb elədim. Hüseyn içəridən "Gəlmə bibi, çıx get"- dedi. Təkrar, təkidlə qapını döyəndə Hüseyn qapını açdı.Zəfərin harada olduğunu soruşdum. Cavab verdi ki, yatır. Onu sinəsindən itələyib içəri girəndə Zəfəri yataqda qəribə vəziyyətdə uzanmış gördüm. Yaxınlaşıb " Ay bala, bu necə yatmaqdır?"-soruşdum, ondan cavab gəlmədi. Elə yorğanı qaldıranda Zəfəri qan içində gördüm. Hüseyn getmək istəyəndə, onu sinəsindən itələyib qoymadım, qışqırıb qonşuları çağırdım".
Şahid B.N hadisə baş verən ev sahibəsinin qohumu olduğunu deyib:
"Həmin vaxt bayram günləri idi, həyat yoldaşımın nənəsini ziyarətə gəlmişdik. Evə yaxınlaşanda insan qələbəliyini görüb nənəyə nə isə olduğunu düşünüb qorxdum. Maşından düşüb tez evə yaxınlaşdım.Camaat qapının ağzına toplaşmışdı. İçəri keçəndə Hüseynin başıaşağı vəziyyətdə oturduğunu gördüm. Əvvəl "təcili yardım"a, sonra polisə zəng elədim".
Məhkəmə sənədlərin tədqiqi mərhələsinə başlanıldığını bildirib.
Növbəti proses 24 iyul saat 11:30-a təyin olunub.
Xatırladaq ki, hadisə Bakının Sabunçu rayonu Ramana qəsəbəsi, Şuşa şəhərciyində baş verib. Hüseyn Həsənov və Zəfər Məmmədov bir yerdə fəhlə işləyiblər və eyni evdə kirayədə qalıblar.
Hadisədən əvvəl onlar birlikdə yeyib-içiblər. Daha sonra aralarında sözlü mübahisə düşüb, bir-birinə qarşı qeyri-etik ifadələr işlədiblər. Mübahisə nəticəsində H. Həsənov Z. Məmmədovu 23 bıçaq zərbəsi ilə öldürüb. Daha sonra isə bıçağı qonşunun həyətinə atıb.
Ev sahibi bildirib ki, H. Həsənov hadisəni törətdikdən sonra evi yandırmaq istəyib.
H. Həsənova qarşı AR Cinayət Məcəlləsinin 120.2.2; 120.2.4; 120.2.9 maddələri üzrə cinayət işi açılıb.Təqsirləndirilən Hüseyn Həsənovun 2008-ci ildə CM-nin 120.1 maddəsi ilə 15 il müddətinə həbs olunmuşdu.