Diplomu saxta cərrah,  gözəllik standartı axtaran nazir, ölümə gedən gənclik
24 dekabr 2024 20:15 (UTC +04:00)

Diplomu saxta cərrah, gözəllik standartı axtaran nazir, ölümə gedən gənclik

Saxta cərrah... Əziz oxucu, saxta düyü, içki, vermişel çox eşitmisiniz bilirəm, amma cərrahın saxtası yeni məsələdir. Cərrah o insanlara deyilir ki, 12 ilə yaxın tibb elmləri oxuyur, illərlə təcrübə keçir, sonra bu ixtisasın sahibi olur. Day kiminsə “day-dayı”lığı ilə yox. Cərrahın saxtası necə mümkün ola bilər? Bunların yanına maşın, tozsoran yox, can aparırıq. Canın saxtası ola bilmədiyi kimi, ona baxan ustanın da hiyləgəri, fitnəkarı olmamalıdır. Lakin bizdə belələri var, özü də nə qədər...

***

Hüquq-mühafizə orqanlarının apardığı son əməliyyatlardan sonra məlum olur ki, gözəlim məmləkətimdə tibbə adiyyatı olmayan qeyri-peşə sahibləri belə cərrahlıq edirmiş. Necə? Bunu kim soruşubsa, utanmazcasına “ixtisas dəyişib” deyirlərmiş. Başımıza, xeyir. Ay əziz insanlar, orta əsrləri araşdıran bir tarixçi ixtisas dəyişərək yalnız başqa bir dövrü araşdıra bilər. O, daha gəlib cərrah, fizioterapevt ola bilməz axı. Bu vəziyyət bütün əndazələri aşmaqdır. Cərrahlıq necə oldu ki, belə bir “dəli yığıncağına” çevrildi? Sizlər nə etdiyinizin fərqindəsiniz? Cərrahiyə kimi ağır bir sahə ilə belə zarafat sizə baha başa gəlməz? Heç məsuliyyət duyğunuz yoxdurmu? Necə olur ki, biri tibbə heç bir dəxli olmayan sevgilisini, digəri dostunu, nə bilim, arvadını, qardaş-bacısını öyrədib insan həyatı ilə çilingağac oynayırlar. Yox, əgər bu məsələ kiminsə öyrətməyi ilə olursa, onda day Tibb Universitetini ləğv edin, abituriyentlər gözlərini kor qoyub 600-dən yüksək bal toplamasın, 6 il oxumasın, sonra 4-5 il rezidentura təhsili almasın. Sanki maşın ustası öyrədirlər.

***

Demək saxlanılan saxta cərrahların içərisində ən yaxşı halda anestezioloqa rast gəlirsən. Hansı ki, cərrah və anestezioloq fərqli-fərqli iş görürlər. Bunu gördükcə, fikirləşdim ki, yəqin qanunda ciddi boşluqlar var. Bir balaca araşdırma edəndə isə aydın olur ki, belə baxanda kağız üzərində hər şey aydın yazılıb və normal görünür. Məsələn, Azərbaycan qanunvericiliyinə əsasən, 2000-ci ilə kimi cərrahlar Həkimləri Təkmilləşdirmə İnstitutunda 3-6 aylıq kurs keçib, ixtisasını artırıb, plastik əməliyyat edə bilirdilər. Hazırda da bir çox yaşlı cərrahlar var ki, onların bu sənədi və əməliyyata girmək icazəsi var. Yəni işləri qanunidir. Lakin 2011-ci ildən artıq qanun dəyişib. Azərbaycanda nəhayət, plastik cərrahiyyəni də ciddiyə almağa başladılar və bu üzrə rezidentura təhsili yaradıldı. Beləliklə, qanunən hansısa həkimin kurs bitirməklə plastik cərrah olması rəsmən qadağandır. Yəni kağız-kuğuzda yazılanlara görə, hazırda Tibb Universitetini bitirən tələbə yenidən imtahan verib rezidenturaya qəbul oluna və seçdiyi ixtisas üzrə daha 4-5 il oxuyub plastik cərrah ola bilər. Bununla bağlı diplom isə, yalnız rezidenturanı uğurla bitirənlərə verilir. Bu o deməkdir ki, ən azı 2011-ci ildən sonra heç bir həkim plastik cərrah diplomunu kursla, xaricə gedib-gəlməklə, kiminsə əlinə baxıb öyrənməklə ala bilməz. Məsələn, nevroloq, terapevt və sair həkimlər yaxşı pul var deyə, təzədən estetik cərrah olmaq istəyirlərsə, zəhmət çəkib yenidən rezidenturaya imtahan verməli və oranın diplomunu almalıdır. İxtisas dəyişmə yalnız bu cür ola bilir. O da sadəcə Tibb Universitetini bitirənlər üçündür. Day başqa sahədən gələnlərin ixtisas dəyişməsi qeyri mümkündür. Bu isə ən azı 11 il təhsil deməkdir.

Bəziləri var ki, 1,2 aylıq xaricə gedib-gəlib “mən plastik cərrah oldum” deyir. Bu isə saxtakarlıqdan başqa bir şey deyil. Bu ixtisası 1 aya, heç 1 ilə də dəyişmək mümkün deyil. Havayı otaqlarınızı başa düşülməyən sertifikatlarla bəzəməyin. Bir daha aydın şəkildə söyləyək. Ey gözəl həmvətəndaşlarım, bilin və agah olun ki, hansısa endokrinoloqun, stomatoloqun əlində plastik cərrahiyyə ilə bağlı sənəd, sertifikat varsa, o saxtadır.

***

Hər şey belə açıq-aydın yazılıbsa, bu saxta cərrahlar göbələk kimi haradan çıxır, bu qədər çoxalırlar? Yazıq müəllimin gözünə "od salıb" dəfələrlə imtahan edirsiniz. Bəs cərrahlıq niyə bu qədər boş buraxılıb? Belə baxanda müəllimin bir naziri var, amma cərrahlara iki ayrı qurumdan nəzarət edilir. Səhiyyə Nazirliyi və TƏBİB. Nazir Teymur Musayev də bununla bağlı "insanlara süni və yanlış gözəllik standartları təlqin edilir” deyir. Cənab nazir, bəzi insanlarımızın süniliyə, vulqarlığa qaçması başqa bir dərddir, amma cərrahın saxta çıxması dözülməz bir məsələdir. Əgər bu cərrahlarımızın vicdanı və diplomu yerli-yerində olsa, inanın ki, heç vulqar görünüşlər də olmayacaq. Ağlı başında olan bir cərrah heç kimi eybəcərləşdirmək və ya öldürmək istəməz.

***

Hə ölüm... 29 yaşlı Aybəniz Almuradova, 17 yaşlı Aygül Orucova, 23 yaşlı Arzu Əzimova, 32 yaşlı Gülyaz Hacıyeva, 22 yaşlı model Leyla və daha kimlər bu saxtakarlığın qurbanı oldu. Siyahı kifayət qədər uzundur. Hər gənc bizim üçün ayrı bir yaraya çevrilir.

***

İnsanlarımıza onu da demək istəyirəm ki, canınızı hər həkimin əlinə buraxmayın, bir özünüz də gözü açıq olun. Bərbəzəkli otaqlarda divarlardan asılan saxta diplomlar, sertifikatlar sizi aldatmasın. Bunu bir neçə dəfə, məcburən əməliyyata girən biri kimi deyirəm. Əməliyyata girməzdən əvvəl, cərrahın elmi dərəcəsi professor olsa belə, araşdırmışam ki, hansı Tibb Universitetini bitirib, neçə illik və hansı müəssisələrdə təcrübəsi olub. Canınızı küçədən tapmamısınız axı... Siz makiyaj etdirmirsiniz ki, bəyənməsəniz durub siləsiniz. Saxta estetik cərrahların etdiklərini silmək olmur, o eybəcərliklə bir ömür yaşamalı, ya da ki, elə əməliyyat masasındaca bu dünyadakı həyatınıza son verməli olursunuz.

***

Onu da deyim ki, mənim ailəmdə, yaxın qohumlarında xeyli həkimlər var. Onların bu ixtisasa sahiblənmək üçün yuxusuz gecələrinin, gözlərini kor etdiklərinin, gecə-gündüz demədən xəstəxanalarda qaldıqlarının canlı şahidiyəm. İnsafınız olsun, heç olmasa bu əziyyətlərə qıymayın. Qanun, qaydadan qorxmursunuzsa, sizə güvənən məsum insanların ahından çəkinin. Ümid edirəm ki, kimlərisə ayılda bilərik...

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3492
avatar

Səbinə Əvəzqızı

Oxşar yazılar