Didərgin düşdüyü yurdda şəhidliyə ucalan qəhrəman: “Ölsəm, dərdim yoxdu...”
25 yanvar 2021 14:46 (UTC +04:00)

Didərgin düşdüyü yurdda şəhidliyə ucalan qəhrəman: “Ölsəm, dərdim yoxdu...”

Sən heç vətən gördünmü, onun uğrunda döyüşüb şəhid olmağa hazır oldun…

Vətən sənin üçün nədir sualına necə cavab verərdin, igid? “Uğrunda şəhidliyə gedəcəyim  yer”mi deyəcəkdin?

1988-ci ildə Cəbrayıl rayonun Məzrə kəndində o dünyaya gələndə kəndin də, rayonun da, ölkənin də başının üstünü qara buludlar almışdı artıq.

Hələ bunlardan nə ailəsinin nə də dünyaya gələn oğlan uşağının xəbəri yox idi. Adını Zamin qoydular. Alnına bu adla taleyi də yazıldı, Zamin olacaqdı yurduna, torpağına…

1993-cü ildə yurd-yuvalarından didərgin düşəndə Zaminin 5 yaşı vardı. 5 yaşında uşaq nəyin niyə necə olduğunu hardan bilsin ki… Bir onu xatırlayırdı ki, çox çətin yollardan qorxu, həyəcan içində keçib, bir düzəngahlığa vardılar. Sonradan həmin düzəngahlıq ucsuz-bucaqsız çadır şəhərciyinə çevrildi…şəhərcik ha… Şəhərcik deyilən bu yerdə gecələr ilanlar dolurdu yataqlarına, gündüzlər o ilanlar mələyirdi bomboz düzəngahlıqda.

Zamin 5 yaşına qədər yaşadığı yerlər yaşıllıq, axar suyla bol olardı, bura isə elə bil cəhənnəmdi. Çadırdan qeyri kölgələnməyə bir yer yox, lilli suya içməli su deyib yapışmışdılar. Hamı qarın ağrısına düşmüşdü, insanların siması dəyişmişdi.

O ümidlə yaşayırdılar ki, bu keçəcək, tezliklə Cəbrayıla qayıdacaqlar. O tezlik gəlib çıxmırdı, illər bir-birini əvəz edirdi.

1995-ci ildə Zamin 2 saylı çadır düşərgəsində 1-ci sinfə gedir. Sinifdə hamısı onun kimi küskün, ürkək baxışlı, qəmgin uşaqlar idi, ana, vətən kəlmələrini yazmağı öyrənməkdən başlamışdılar dərsə. Ana, vətən ayrı-ayrı kəlmələr olsalar da bir birindən ayrılmaz bir mənanı ehtiva edir. Bunu tezliklə Zamin də öyrəndi, həm də yurddan çox uzaqda, ona həsrət çəkdiyi illərdə. 

Bir müddət sonra ailə başçısı Vahid Rəhimov gördü ki, illər keçir, vəziyyət dəyişmir, uşaqların təhsili, iş  tapmaq bir az da müşkülə dönür. Ailəsini də götürüb, üz tutur Bakıya - dolanışıq dalınca. 

Zamin də orta təhsilini Abşeron rayonunun Masazır qəsəbəsində yerləşən Ə.Veysəlov adına Cəbrayıl rayonu Sirik kənd tam orta məktəbində davam etdirir.

Masazır qəsəbəsində Cəbrayıl məktəbinin olması, ətrafda yerlilərinin məskunlaşması onu da burda yerləşməyə sövq edir.

2006-cı ildə orta məktəbi bitirəndən sonra Zamin Şəmkir rayonunda yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçib.

Ordudan sonra evlənir, bir qızı dünyaya gəlir, adını İnci qoyurlar. Zamin Asəf Zeynallı adına Musiqi Kollecində qarmon sinfində təhsilini başa vurub, Mahmudlu kənd Uşaq musiqi məktəbində  qarmondan dərs deməyə başlayır.

Öyrəndiklərini, musiqinin sirlərini özü kimi məcbur köçkün övladlarına öyrədir.

Həyat adi axarıyla gedirdi, amma Zaminin rahatlığı yox idi. Əslində, o rahatlığı heç ailədə, atada, anada da tapmaq olmazdı. Hamısı doğma yurd həsrəti ilə qovrulurdu. Sözləri-söhbətləri Cəbrayıl, Məzrə kəndi olardı. Orda qalan ata-baba məzarlarını, yurdlarını yada salır, danışır arxasınca da dərin ah çəkərdilər.

Atasının ata-ana məzarını ziyarətə gedə bilməməsi dərdi artıq Zaminin qayğısına çevrilmişdi.

Qızı böyüyürdü, məktəbə gedəcəkdi. Zamin özünün yaşadıqlarını qızına heç rəva görmürdü, o məcburi köçkün məktəbində oxumasın, doğma yurdunda, öz doğma məktəbimizə getməsini istəyirəm deyirdi.

Səfərbərlik elan olunanda Zamin ilk yazılanlardan oldu. Mən getməyim, sən getmə, o getməsin-hərəmizin də bir səbəbimiz, yaxud bəhanəmiz olsun, bəs torpaqları kim azad etsin-deyirdi: “Hamımız getməliyik, yurdlarımızı azad etməliyik”.

Musiqi məktəbində uşaqlar onu çox sevərmiş. Mahmudlu kənd musiqi məktəbinin yaxınlığında yerləşən binaların hamısında böyüyən uşaqlar onun sorağını eşidib, qarmona meyl edərdilər. 

Xanımı Leyla danışır ki, orduya yazılanda sevincindən uçurdu:

“Həyətdə oturmuşduq. Zamin gülə-gülə gəldi. Sevincinin səbəbini soruşduq, cəbhəyə getmək üçün könüllü yazılmışam dedi. O qədər sevincli, xoşbəxt idi ki, doğma torpaqlarına qayıdacağı günü gözləyirdi. Heç birimizə deməmiş gedib könüllü yazılmışdı”.

Oktyabrın 1-i səhər saatlarında zəng edib deyib ki, avtobusdayam, cəbhəyə gedirəm. Ailəsi isə onu işə yola salmışdı. Ailəsini Allaha əmanət edib, gedib.

“Erməni öldürməmiş geri qayıdan deyiləm” – deyib, gedəndə.

Ən böyük arzusu bütün işğal altındakı torpaqlarımızın, o cümlədən doğma yurdu Cəbrayılın düşməndən azad olunması idi.

Bu istəklə döyüşlərə qatılır. Sonuncu zəngində evdəkilərə deyib ki, bilsəniz indi hardayam, əyilib o torpağı öpərsiniz. Xanımı deyir ki, bu sözləri deyəndə səsi titrəyirdi sevincdən, ürəyi ağzından çıxacaqdı elə bil. Biz də çox sevindik deyir, sevindik ki, arzusuna çatıb öz yurdunun azad edilməsində əməyi var.

Sağollaşanda isə deyib ki, özünüzə əmanət olun.

Ən son dayısı ilə danışıb; “Dayı, ölsəm də gözüm arxada qalmaz, Cəbrayılı azad etmişik, ayağım öz torpaqlarımıza dəyir”.

Zaminin böyük qardaşı Zabil də hərbiçidir. Yurdu işğal olunanların çoxu hərbiçi olub, zamanınmı tələbidir, taleyinmi?

Cəbhəyə gedəndə həmin qardaşına zəng edib ki, mən cəbhəyə gedirəm, pul qabımı və telefonumu sənə çatdıracaqlar. Sevinclə, gülə-gülə danışırmış.

Zamin uşaqkən yurdunu məcburən tərk edib, onun yolunda şəhid, qazi olan minlərdən biridir.

5 yaşında əliboş, ayaqyalın çıxdığı yurda 32 yaşında əlində silah qayıtdı, azad etdi və o torpaqda şəhidliyə qovuşdu.  

Zabil deyir ki, qardaşı üç gün Ağcabədidə qalıb, daha sonra Cəbrayıla yola düşüb:

“Son danışığımızda da yaralı gələn hərbçilərin vəziyyəti ilə maraqlanırdı. Deyirdi, torpağımızdayam, bel axtarıram ki, torpaq yığıb, evimizə gətirim.  Oktyabrın 6-da son dəfə danışdıq. Səhəri gün zəng etdim, telefon sönmüşdü. Oktyabrın 8-də isə şəhid xəbərini aldıq”.

Cəbrayıl oktyabrın 4-də işğaldan azad edilir. Oktyabrın 8-də isə Zaminin Cəbrayıl rayonu ərazisində gedən döyüşlərdə şəhid olması xəbəri gəlir.

Şəhidliyindən sonra Zamin Rəhimov “Vətən uğrunda” medalı ilə təltif olunub.

Uşaqkən çıxdıqları yurd uğrunda şəhidliyə ucalan, qəhrəman oğulların ruhuna ehtiramla...

# 8535
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar