…Gözlərimizi barmaqlarına, daha doğrusu barmağında tutduğu mizraba zilləyib baxırdıq. Adam tar çalmırdı sanki. Ürəyindən gələnləri barmağındakı mizrabla tarın sehrli simlərinə sığal çəkirdi elə bil. Və bir an mənə elə gəldi ki, o tar dil açıb oxuyacaq indi. Seyid Əzimin bu misralarını xatırladıq anındaca:
Guş qıl, ey ki bilirsən özüvi vaqifi-kar,
Agah ol gör ki, nədir naleyi-ney, nəğmeyi-tar.
“Çoban bayatı” çalırdı Rövşən müəllim...
Əsrarəngizliyi ilə ruh ovsunlayan çəmənlər, arıların vızıltısından məst olan çiçəklər, kəklik qaqqıltılı yamaclar, qurd ulartısından səksənən barlı-bərəkətli ağaclar, min dərdə dərman olan bitkilər və loğman bulaqlar gəlirdi adamın gözləri önünə.
Tarzən Rövşən Zamanov
“Çoban bayatı” çalırdı Rövşən Zamanov...
Baş alıb gedirsən ənginliklərə. Sehrlənmisən elə bil. Cadu edib sanki tar səni. Matın-qutun quruyub, nə deyəcəyini belə bilmirsən...
Kimdi axı Rövşən Zamanov? Nədən onun, tarının sehrinə yığışmışıq? Əslində, onu bizə dostumuz Vasif Ayan nişan vermişdi. “Göyçayda Aydın müəllimlə görüşəndən sonra, mütləq Rövşən müəllimi də tapın”. Vasifin verdiyi telefon nömrəsinə zəng edəndə bircə bunları dedi: “Xoş gəlirsiz. Aydın müəllim ustadımızdı. Elə onun evində də görüşərik”.
Maşınımızı Göyçay Uşaq Musiqi Məktəbinin qarşısında saxlayırıq. Bizi gözləyirdi bayaqdan. Salamlaşdıqdan sonra oğlu Mürsələ səsləndi: “Get tarı gətir”. Mürsəl də əmrə müntəzir kimi atasının dediklərini elədi...
Aydın müəllimgildəyik. Bu iki sənətkarın əhatəsində sözün həqiqi mənasında ruhumuz qidalanır. Aydın müəllim şeir deyir, tar da dil açır eyni zamanda…
Tarzən Rövşən Zamanov, şair Aydın Kərimov və qonaqları
Konservatoriyanı bitirib Rövşən Zamanov. Ramiz müəllimin, hə, düz tapdınız, virtuoz sənətkarımız Ramiz Quliyevin tələbəsi olub. Ağız dolusu danışır Ramiz müəllim tələbəsindən. 60 illiyi ərəfəsində böyük sənətkarımızdan da soruşmuşdular Rövşən müəllim haqda. “Ən gözəl tələbələrimdən olub” demişdi. Ardınca da əlavə etmişdi: “Tar musiqi alətlərimizin şahıdır. Bu alətdə hər adam çala bilmir. Mən çox sevinirəm ki, Rövşən müəllim bu gün ifaçılığını da paralel olaraq davam etdirir. Ara-sıra eşidirəm ifalarını və buna sevinirəm. Ona görə sevinirəm ki, zəhmətimiz hədər getməyib. Bütün bunlar məni sevindirir”.
Tarzən Rövşən Zamanov müəllimləri ilə
Onun haqqında deyirlər: “Rövşən Zamanov sizi tarın pərdələrindən qopan ilk xallardanca cazibəsində saxlayan, məftun edən bu qıvraq barmaqların sahibi qətiyyən sıradan olan ifaçı deyil, həqiqətən Azərbaycanın seçilən tarzənlərindən biridir”.
Bir maraqlı əhvalat danışır tarzən bizə. Gənc yaşında Yevlaxda keçirilən, necə deyərlər, bir musiqi yarışmasına qatılır. Deyir, məni görən kimi o biri tarzənlər dilləndilər. “Daha heç nə. Durub gedək. Rövşən gəldisə, bizə burda yer yoxdu”.
Hə, böyük sənətkardı Rövşən Zamanov. Hələ də onun ifasını belə qiymətləndirilər, belə çağırırlar – Rövşənin “Segahı”, Rövşənin “Çoban bayatısı”, "Rövşənin “Rastı”.
Və bir də onun barmaqları. Tar, mizrab, eyni ola bilər bəlkə də. Amma barmaqları, ürəyi, tara olan platonik, bitməyən sevgisidi onu sənətkar edən həm də...
Tarzən Rövşən Zamanov və şair Aydın Kərimov
...Bir dəfə xalq artisti Şövkət Ələkbərova Göyçayda konsert verirmiş. Onu o vaxt gənc olan Rövşən müşayiət edirmiş. Son mahnının ifa edəndən sonra alqış sədalarından Mədəniyyət evinin divarları titrəyir. Bu vaxt mikrofona yaxınlaşan böyük sənətkar üzünü zala tutub deyir: “Xahiş edirəm, siz məni yox, bax bu cavan oğlanı, cavan tarzəni alqışlayın”.
Rövşən Zamanov Ağasəlim Abdullayevlə, Möhlət Müslümovla gənclik illərindən dostluq ediblər. Vaxtilə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbində də birgə təhsil alıblar. Və bu nəsil tarzənlər sözün həqiqi mənasında öz möhürün vurublar sənətə.
Tanınmış yazıçı-publisist, millət vəkili Rafael Hüseynov Rövşən Zamanov haqqında yazır: “Özünüz Rövşən Zamanovun ifalarını dinləyin. Şahidi olacaqsınız ki, bu ifanı eşitməkçün böyük konsert salonlarına getməyinizə, telekanallarımızı izləməyinizə ehtiyac yoxdur. Əslində həmin ifaya heç oralarda rast gəlmək də asan iş deyil. Rövşən Zamanov nə vaxtaşırı məşhur səhnələrimizdə görünür, nə də onun çalğısını hər cür yaxşı və yaman musiqiyə, bəzən heç ölkə əhalisinə göstərilməyə layiq olmayan ifalara gen-bol yer ayıran televiziyalarımızda dinləyə bilərsiniz. Olsa da nadir hallarda ola bilər. Əsas səbəblərdən biri budur ki, Rövşən Zamanov paytaxtdan, sənət həyatının qaynadığı Bakıdan aralıdadır. Göyçayda yaşayır. Elə təhsil və hərbi xidmət illərini çıxmaqla həmişə də orada ömür sürüb. Ona görə də bir zamanlar böyük sənətə doğru yolu onunla birgə başlayanların neçəsi çoxdan xalq artisti, əməkdar artist və digər yüksək titullara, fəxri adlara layiq görülsələr də, o bu diqqətdən kənarda qalıb”.
Tarzən Rövşən Zamanov və şair Aydın Kərimov
Elə Rövşən müəllim də müsahibələrinin birində deyir: “İndi hansı kanalı açırsan, eyni adamları görürsən. Meyxanaçılar, şairlər mənası-məntiqi olmayan söz yığınını tamaşaçıya şeir kimi sırıyırlar. Mən belə verilişlərdə özümü necə görə bilərəm? Başa düşürəm, bütün kanallar pul qazanmalıdır. Ancaq gərək dəyərli sənətkarlara da qiymət verələr, qonaq çağıralar. Hər şey pulla ölçülə bilməz”.
Amma sənətkar, sənətkardı. Əyalətdə yaşasa belə. Onun haqqında deyirlər - Rövşən Azərbaycan ifaçılıq sənətini ən mötəbər tədbirlərdə təmsil etmək qüdrətinə sahibdi. “Rövşən kimi insanlar ad-san, təltiflər, lent yazılarının, vallarının miqdarı baxımından yarımasalar da, bu fədakarlar Azərbaycan xalq musiqisinin yalnız mərkəzdən deyil, ölkənin dörd bucağından inkişafına, yüksək səviyyənin, tələbkarlığın, zövq və səliqənin ölkə boyu qorunmasına xidmət ediblər. Şübhə etmirəm, günü yetişəcək, heç vaxt ardınca düşmədiyi, can atmadığı fəxri adlar da Rövşəni tapacaq!
Tarzən Rövşən Zamanov, şair Aydın Kərimov və qonaqları
Bunu isə özü deyir: “İfaçılıq sənətində yenilik, novatorluq sənə qədər olanı, yəni köhnəni öyrənmək, mənimsəmək və yaradıcılıqla davam etdirməkdir. Artıq fakta çevrilmiş irsi öyrənib öz yaradıcılığında yeni forma və biçimdə yaşatmasan sənin yeniliyin əndrabadilikdən, hoqqabazlıqdan başqa bir şey deyil. İfaçının missiyası artıq dadı hamıya bəlli olan təama təzə dad verən nə isə yeni bir şey tapmaqdır”.
Sən öz missiyanı yerinə yetirmisən zamanla, Zamanov!
Lamiyə Məmmədova
Səbuhi Məmmədli
Göyçay