Azərbaycan tək deyil. Hazırda bir çox ölkələr yenidən sərt karantin rejimin tətbiqinə başlayıb. Ölkədə iyunun ortalarından başlayaraq COVİD-19 virusu təsdiq olunmuş yoluxma sayı 600-ə yaxınlaşdı.
Düzdür, 21 iyun tarixindən tətbiq edilmiş ciddi karantin rejimi nəticəsində gündəlik halların sayında müəyyən qədər sabitləşmə təmin edildi. Amma, bununla belə, ölkədə epidemioloji vəziyyəti qənaətbəxş hesab etmək olmaz. Söhbət ondan gedir ki, gündəlik yeni yoluxan xəstələrin sayı sağalananların sayından artıq olur ki, bu da öz növbəsində təcili-tibbi yardımın operativliyinə mənfi təsir göstərir, səhiyyə müəssisələrinin işini bir qədər də ağırlaşdırır. Amma istisna deyil ki, hazırda tətbiq edilmiş ciddi karantin rejimi nəticəsində növbəti günlərdə vəziyyət nisbətən yaxşılaşsın, müsbət dinamikanın əldə olunsun.
Etiraf edək ki, üzləşdiyimiz vəziyyət kifayət qədər mürəkkəbdir və bütün dünyada bu problemin qısamüddətli və asan həlli yoxdur. Pandemiya dövrünün bir neçə həftə deyil, daha uzun müddət davam edəcəyini başa düşməli, davranış və həyat tərzimizi yaranmış vəziyyətə uyğunlaşdırmalıyıq.
Yoluxma hallarının təhlili göstərir ki, insanlar əsasən iş yerlərində, ailədaxili, ictimai nəqliyyatda, kütləvi yerlərdə virusa yoluxurlar.
İş yerlərində ümumi istifadə yerləri (mətbəx, sanitar qovşaqlar, görüş otaqları) və qoruyucu vasitələrdən istifadə etməmək (məsələn, maska taxmamaq, məsafə gözləməmək) yoluxmaya əsas səbəb olan amillərdəndir.
Maskanı çənəsinə, boğazına, alnına, biləyinə taxanlar, ağzını bağlayıb, burnunu açıq qoyanlar, çibində, çantasında gəzdirib polis görən kimi taxanları hələ də heç kim inandıra bilmir. İnamı, deyəsən, elə virusun özü yaradır və yaratmaqdadır
Dünənə kimi bu düşüncədə olanlar virusa yoluxan axtarışında idi: “O virus hardadır ki, heç ona yoluxanı görmədik, niyə tanıdıqlarımız da yoluxmur?” İndi "virus hardadır" deyənlərin özləri yoluxub. Kimi yüngül, kimi ağır formada keçirir. Amma indi də barışmaz mövqedə olanlar yeni “arqumentlər” tapır. Reallıq isə nə qədər çətin qəbul etsək də belədir - bu virus hələ uzun zaman bizimlə yaşayacaq. Hər halda, dünyanın ən aparıcı tibbi, elmi mərkəzləri, ən tanınmış virusoloqları, epidemioloqları, infeksionistləri belə deyir.
Bəs nə etməli? Əslində Azərbaycan insanından tələb olunan çox sadə şeylərdir. Amma bu sadə şeylərin fövqündə sosial məsuliyyət deyilən bir anlayış durur.
Mövcud pozuntuların miqyasını azaltmaq və karantin rejimi dövründə daha təsirli nəticələr əldə etmək üçün iş yerlərində sayların azaldılması, növbəli və məsafəli iş rejiminin tətbiqi, xüsusi zərurət olmadıqda ictimai nəqliyyatdan istifadə edilməməsi və başqa qaydalara əməl etmək vacibdir.
Hazırda mövcud olan epidemioloji vəziyyət mövcud karantin tədbirlərinin uzadılmasını tələb edir. İctimai yerlərdə müştərilərin hərarətinin ölçülməsi prosedurlarına və tibbi maskadan istifadəyə nəzarət daha da gücləndirilməlidir.
Bir sözlə, virusa qalib gəlməyin yeganə yolu məsuliyyətli davranmaq, karantin qaydalarına riayət etməkdir. Təkcə özünün yox, digərlərini də qaydalara riayət etməyə dəvət etmək mütləq hala çevrilib.
Biz nə qədər həmrəy olub həm özümüz, həm də ətrafda olan insanlar, yaxınlarımız tərəfindən sadə qaydalara əməl etməyi təmin edə bilsək, bir o qədər tez bu vəziyyətdən çıxa biləcəyik və həyat öz adi axarına qayıdacaq. Biz nə qədər pozuntulara qarşı barışmaz olsaq, ətrafımızdakı insanların biganəliyinə qarşı mübarizlik nümayiş etdirsək, bir o qədər də tez və yaxşı nəticə əldə edəcəyik.
Hansısa həkimin paylaşımında idi, sosial şəbəkələrdə yayılmışdı: “Cəmiyyət içinə çıxanda maskanı özüm üçün yox, sizin üçün taxıram. Mən virus qorxusu ilə yaşamıram. Problemin həllinin iştirakçısı olmaq istəyirəm, problem qaynağının hissəsi yox. Hökumət məni nəzarətdə saxlayır düşüncəsi ilə yaşamıram, cəmiyyətə yetkin və məsuliyyətli bir fərd kimi töhfə vermək hissi ilə yaşayıram”.
Hə, gəlin hərəmiz bu amansız virusla mübarizədə öz töhfəmizi verək!
Bu gün Milli Məclisdə deputatlardan biri dedi. Azərbaycan Prezidentinin təşəbbüsü əsasında BMT Baş Assambleyası pandemiya ilə mübarizə üçün toplaşır. Təsəvvür edin, 130 dövlət bu təşəbbüsə dəstək verib. Sitat: “Xalq da buna uyğun nümunə göstərməlidir. Gərək nizam-intizamla başqa xalqlara da nümunə olaq”.