150 illik yol:  "Əkinçi"dən Şuşaya - Vüsalə Mahirqızı yazır
24 iyul 2025 15:26 (UTC +04:00)

150 illik yol: "Əkinçi"dən Şuşaya - Vüsalə Mahirqızı yazır

APA Media Qrupun baş direktoru Vüsalə Mahirqızı Azərbaycan mətbuatının 150 illik yubileyi ilə bağlı Türkiyənin Anadolu Agentliyi üçün yazı yazıb. 

Lent.az həmin yazını təqdim edir: 

19-cu əsrin əvvəllərində varlı və nüfuzlu azərbaycanlılar övladlarına Qərb təhsili verməyə başladılar. Əsrin ortalarında artıq Avropa təhsilli bir çox azərbaycanlı ziyalı meydana çıxmışdı. Bu ziyalılar xalqın maariflənməsi üçün çalışmaq istəyirdilər. Lakin şərait çətin idi. Maarifçilik ideyalarını Çar Rusiyasının repressiv rejimi altında yerli xalq arasında yaymaq asan deyildi.

19-cu əsrin sonlarına doğru Çar Rusiyasının islahat görüntüsü yaratmaq üçün atdığı cüzi addımlar Azərbaycan ziyalıları tərəfindən fürsətə çevrildi. Yerli məktəblər açdılar, cəmiyyətlər qurdular, yeni əsərlər yazdılar, teatrın əsasını qoydular və mədəni-maarifçi bir hərəkat başladılar.

Bu dövrdə Azərbaycanın ən böyük ziyalılarından biri olan Həsən bəy Zərdabi ilk qəzeti nəşr etdi. 22 iyul 1875-ci ildə ilk sayı yayımlanan "Əkinçi" qəzeti Azərbaycanda mətbuatın əsasını qoydu. Həsən bəyin işi yalnız qəzet nəşr etmək deyildi. Bu, Azərbaycanın ictimai, siyasi və mədəni həyatında yeni bir dövrün başlanğıcı idi.

"Əkinçi", xalqın maariflənmə prosesinin kütləviləşməsi yolunda atılan ilk addım idi. Həsən bəy qəzetin nəşr olunma məqsədini kəndlilərə yeni kənd təsərrüfatı üsullarını öyrətmək kimi göstərsə də, "Əkinçi" Azərbaycan fikir tarixində ilk təməllərdən biri oldu. Bu qəzetdən müəllimlər, ziyalılar, oxuma imkanı olan hər kəs faydalanırdı. "Əkinçi" maarifləndirir, aydınladır, dəyişdirir, yol göstərir, öncülük edirdi. Bir müddət sonra onun izindən "Ziya", "Ziyayi-Qafqaziyyə", "Kəşkül", "Füyuzat" kimi nəşrlər meydana çıxdı.

Ardınca Azərbaycan mətbuatı üçün "Molla Nəsrəddin" dövrü başladı. Bu yolda ziyalıların yaydığı işıq Azərbaycanı çox qısa, lakin mənalı bir tarixə – Cümhuriyyət fikrinə apardı və bu fikir reallaşdı.

Cümhuriyyət dövründəki azadlıq mühiti müxtəlif siyasi qütblərin öz qəzetlərini yaratmasına şərait yaratdı. Azərbaycan Xalq Cümhuriyyətinin rəsmi nəşri olan "Azərbaycan" qəzeti çap olundu. Böyük ziyalı Ceyhun Hacıbəyli bu qəzetin ilk baş redaktoru idi.

Şərqin ilk respublikasının yaratdığı azadlıq şəraitində "İstiqlal", "Yeni Həyat", "Qurtuluş" qəzetləri, "Molla Nəsrəddin", "Şəlalə", "Zənbur", "Məktəb və Həyat" jurnalları kimi müxtəlif siyasi baxışları əks etdirən nəşrlər çap olunmağa başladı. 

Lakin ilk Cümhuriyyətin ömrü qısa oldu.

Sovetlərin gəlişi və senzura dövrünün qayıdışı

Sovet rejiminin qurulması və yeni senzura dövrünün başlaması Azərbaycanın ictimai, siyasi həyatını və mətbuatını demək olar ki, iflic etdi. Düşünə bilən, danışa bilən, xalq üçün nəsə edə bilən bir çox insan ya öldürüldü, ya həbs edildi, ya da sürgünə göndərildi.

Buna baxmayaraq, mətbuat ağır senzura şəraitində də Azərbaycan türkcəsində yaşamağa davam etdi. Respublikanın mirası olan "Azərbaycan" qəzeti "Kommunist" qəzetinə çevrildi. Bu dövrdə "Sovet Kəndi", "Azərbaycan Gəncləri", "Bakı", "Ədəbiyyat" kimi qəzetlər; "Ulduz", "Elm və Həyat", "Azərbaycan", "Pioner" kimi jurnallar çap olundu.
Əlbəttə, bu nəşrlərin hamısı Sovetlərin ideoloji təbliğat vasitələri idi. Çox sərt senzura tətbiq olunurdu. Həmçinin, Azərbaycanda rus dilini yaymaq məqsədilə "Bakinski Raboçiy", "Vışka", "İzvestiya Azerbaydjan" adlı rusdilli qəzetlər də nəşr olunurdu.

Lakin bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan türkcəsində nəşr olunan mətbuat və ədəbiyyat öz varlığını qoruyub saxladı. Bunun sayəsində ədəbi dil qorundu, jurnalist nəsli davam etdi, ənənələr yaşadıldı.

Senzuranın yaratdığı maraqlı hallardan biri də bu idi ki, qəzetlərdə senzura tərəfindən silinən sözlərin, cümlələrin yerində ağ boşluqlar qalırdı. O ağ boşluqlar Sovet dövrü Azərbaycan mətbuatının simvoluna çevrilmişdi.

Yenidən azadlıq: senzura sona çatdı

Sovet İttifaqının dağılması ilə Azərbaycanda başlayan siyasi proseslər mətbuat üzərindəki dövlət nəzarətinin aradan qalxmasına səbəb oldu. "Azərbaycan" qəzetinə tarixi adı geri verildi. "Meydan", "Cümhuriyyət", "Səhər", "Yeni Müsavat", "525-ci qəzet", "Şərq" qəzetləri, "Ayna-Zerkalo" kimi nəşrlər fəaliyyətə başladı.

Dövlət informasiya agentliyi ilə yanaşı, özəl agentliklər və televiziya kanalları yaradıldı. Azərbaycanın ümummilli lideri Heydər Əliyev 1998-ci ildə mətbuata həyat verən tarixi bir fərman imzaladı. Bu fərmanla Azərbaycan mətbuatı senzuradan azad edildi. Bu, mətbuatın daha da sərbəstləşməsinə, tənqidi jurnalistikanın inkişafına və media üçün reklam bazarının formalaşmasına şərait yaratdı. Azərbaycanda Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi, jurnalistlər konqres keçirərək özünüidarəetmə orqanı olan Mətbuat Şurasını yaratdılar.

Son 5 il: Yeni mərhələ

Son 5 ildə Azərbaycan mediasının inkişafında yeni bir mərhələyə keçildi. Mediamız artıq daha konseptual inkişaf istiqamətində irəliləyir. Qarabağ zəfəri bizi daha böyük media arenasına çıxardı. Zəfərlə cəbhədə silahlar susdu, müharibə başa çatdı. Lakin informasiya cəbhəsində mübarizə hələ də davam edir.

Bu müddətdə Azərbaycana qarşı hücum edən, hadisələri birtərəfli təqdim edən media qurumlarının sayı heç də azalmadı. Dünyada, xüsusilə ətrafımızdakı müharibələrdə bütün tərəflərə söz haqqı tanımağımıza baxmayaraq, illərlə bizim reallığımızı görmək istəmədilər. Azərbaycanla bağlı xəbərlərdə çox zaman üçüncü ölkələrin media mərkəzlərinə istinad etdilər. Amma biz son 5 ildə bu reallığı dəyişdik.

Artıq Azərbaycan haqqında xəbər hazırlamaq istəyən ilk olaraq Azərbaycan mediasını izləyir. Bu kanalların istinad nöqtəsi bizim mediamızdır. Azərbaycan mediasının 150 illik yolçuluğunda xalqımıza və dostlarımıza verə biləcəyimiz ən böyük müjdə budur: Biz heç vaxt ölkəmizin informasiya məkanını qlobal media şirkətlərinə və ya xarici media nümayəndəliklərinə təhvil vermədik. Bu baxımdan, xalqımız hər zaman xəbərləri yerli mənbələrdən alıb və almaqda davam edir.

Azərbaycan mediası rəqəmsallaşır və transformasiya prosesini uğurla aparır. Məsələn, yaxın zamanda keçirilən III Şuşa Qlobal Media Forumu çərçivəsində 52 ölkəni təmsil edən 80 media qurumu və 7 beynəlxalq təşkilatın nümayəndəsi iştirak etdi. Bu tədbir artıq qlobal səviyyədə tanınmış media müzakirə platformasına çevrilib. Azərbaycan mediası 150 illiyini zəfər qazanmış, arzuladığı qələbə xəbərlərini paylaşan bir media olaraq Şuşa və Xankəndidə qeyd edir. Dünya liderləri Azərbaycan mediasına istinad edərək Prezident İlham Əliyevin çıxışlarından sitatlar paylaşırlar.

Prezident Əliyev, dünya mediasının da maraqla izlədiyi III Şuşa Qlobal Media Forumunda Azərbaycan mediasının fəaliyyətini belə dəyərləndirdi:

"Bu gün Azərbaycan mediası dövlət maraqlarını qoruya biləcək gücdədir. Azərbaycan mediası ölkəmizə qarşı səsləndirilən əsassız ittihamları əsaslandırmalar, dərin təhlillər və konkret faktlarla təkzib etməkdə böyük nailiyyətlər əldə edib. Media yalnız müdafiə deyil, lazım gəldikdə hücuma da keçə bilir. Bu çox vacibdir.

Həqiqət budur ki, bu gün Azərbaycan mediası bir çox ölkələrdə oxunur, təhlil olunur. Məqalələrin Azərbaycanın rəsmi mövqeyi ilə nə dərəcədə üst-üstə düşdüyü müzakirə olunur. Bu vəziyyət, Azərbaycan mediasının həqiqətən böyük inkişaf yolu keçdiyini sübut edir. Rahatlıqla deyə bilərik ki, mediamız artıq istənilən qaralama kampaniyasına cavab verə biləcək gücə sahibdir və bu çox vacib, yeni bir reallıqdır”.

Türkiyə–Azərbaycan media qardaşlığı

"Vətən müharibəsi" Türkiyə ilə Azərbaycan media orqanları arasında əlaqələri daha da gücləndirdi. Qardaş Türkiyənin dövləti və xalqı kimi mediyası da bizi tək qoymadı. Türk jurnalistlər müharibə günlərində cəbhədə bizimlə birlikdə idilər.

Açıq şəkildə xatırlayıram: Tərtərdə azərbaycanlı jurnalistlər hücuma məruz qalmış, Azərbaycan Dövlət Televiziyasının canlı yayım maşını vurulmuşdu. Azərtac, APA, Report əməkdaşları da oradaydı. Yanımızda Anadolu Agentliyi və TRT-nin müxbirləri də var idi.

Zəfərimizdən sonra İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın imzaladığı Şuşa Bəyannaməsi qardaşlığımızın yeni siyasi simvoluna çevrildi. 2022-ci ildə bu təməl üzərində Türkiyə–Azərbaycan Ortaq Media Platforması yaradıldı. Bu da birgə fəaliyyətimizin yeni əsasını təşkil etdi.

Türkiyədə baş verən böyük zəlzələ zamanı Azərbaycan heç bir Türkiyə rəsmisinə soruşmadan yardım təyyarələri və xilasedici heyət göndərdi. O təyyarələrdə azərbaycanlı jurnalistlər də var idi. Yenə birlikdə idik, yenə birgə xəbər hazırladıq, həm kədərimizi, həm də xilas olunan hər canın sevincini birgə çatdırdıq.

Daha sonra Ankarada iştirak etdiyim bir tədbirdə ziyalılardan biri bu günləri belə ifadə etmişdi:

"Əsrin fəlakəti zamanı Türkiyəyə dünyanın hər yerindən yardımlar, xilasedici qruplar gəldi. Hər kəs dəstək oldu. Amma bu fəlakət haqqında şeirlər, yazılar, əsərlər yalnız Türk dövlətlərində yarandı."

Bu cümlələr anlamlı idi. Biz bir-birimizin ruhunu hiss edə bilirik. Bu emosional və mənalı bağ peşəkarlıqla birləşəndə çox böyük güc ortaya çıxır. Bu güc sayəsində informasiya məkanımıza xarici müdaxilələrin qarşısı alınır, şəbəkə qura bilirik, xəbər sahəmizi xarici təsirlərdən və bəd niyyətlərdən qoruya bilirik.

Türk mediasının dünyada, xüsusilə türkdilli ölkələrdə, ərəb coğrafiyasında və Afrikadakı təsiri ilə Azərbaycan mediasının keçmiş Sovet məkanı və Şərqi Avropadakı təsiri birləşəndə çox böyük bir coğrafiyada informasiya üstünlüyü yarana bilər. Bu, yalnız peşəkar media baxımından deyil, dövlətlərimizin informasiya təhlükəsizliyi baxımından da çox əhəmiyyətlidir.

Bu səbəbdən, Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin xəbər şəbəkəsinin genişləndirilməsi, xüsusilə xəbər agentlikləri şəbəkəsi və ortaq xəbər bazasının yaradılması gələcəkdə əsas hədəflərdən biri olmalıdır.

Yazının Anadolu Agentliyindəki linki: 

https://www.aa.com.tr/tr/analiz/ekinciden-susaya-azerbaycan-medyasinin-150-yillik-yolculugu/3640601

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 768

Oxşar yazılar