Ölkəmizin müxtəlif bölgələrində insanlar torpaqlarımızın erməni işğalından qurtulması üçün qəhrəmancasına döyüşən ordumuza bacardığı qədər dəstək göstərməyə çalışır. Məsələn, sosial şəbəkədə yolun kənarında "Əsgər payı" yazılan meyvə-tərəvəz piştaxtalarını, müxtəlif şəxs və müəssisələrin Silahlı Qüvvələrə Yardım Fonduna ianə köçürmələrini göstərmək olar.
Belə təşəbbüslərdən biri də Bakıda yeniyetmələr tərəfindən həyata keçirilir. Lent.az xəbər verir ki, Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsində yaşayan bir neçə məktəbli evlərində olan kitabları elə yaşadıqları binanın həyətindəcə satmağa başlayıblar. Onlar satışdan əldə etdikləri pul ilə ordumuza dəstək olmaq istədiklərini deyiblər:
“Biz 5, 6 və 7-ci siniflərdə oxuyan qonşularıq. Hərə öz evindən bir neçə kitab gətirib. Burada Azərbaycan və rus yazıçılarının kitabları var. Əvvəllər də kitab satırdıq. İndi yığdığımız pul ilə əsgərlərimizə az da olsa, maddi kömək etmək istəyirik. Kitabları 1-10 manat arası qiymətə satırıq. Hələ ki, 17 manat pulumuz var. Biz də əsgərlərimizə belə dəstək olmağa çalışırıq".