Hollandiyanın paytaxtı Amsterdamda avtomobillərin maksimal sürəti saatda 30 kilometrə endiriləcək.
Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, bu şəhərdə avtomobillərin saatda 30 kilometrdən çox sürətlə hərəkətinin qadağan ediləcəyi yenilik 2023-cü il dekabrın 8-də qüvvəyə minəcək. Bu, Amsterdamdakı yolların 80 faizindən çoxuna təsir edəcək.
Oktyabrın 2-dən başlayaraq şəhərdə sürəti aşağı salmağa çağıran 5000-ə yaxın yol nişanı quraşdırılmasına, həmçinin 170 işıqforun və nişanların tənzimlənməsinə başlanılıb. Dekabrın 8-dək yeni nişanlara stikerlər vurulacaq ki, tezliklə yolun bu hissəsində saatda 30 kilometrdən çox olmayan sürətlə hərəkət etmək mümkün olacaq.
Bəzi yerlərdə ictimai nəqliyyat da saatda 30 kilometrə qədər sürət həddinə riayət etməli olacaq. Bununla belə, ayrılmış yolda hərəkət edən avtobus və tramvaylar yenə də saatda 50 kilometr sürətlə hərəkət edə biləcəklər.
Belə məhdudlaşdırıcı tədbirlərin köməyi ilə hakimiyyət ciddi qəzaların sayını 20-30 faiz azaltmağı, həmçinin Amsterdamda səs-küyün səviyyəsini azaltmağı gözləyir.