Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları Yevlax şəhəri, Fizuli küçəsində fəaliyyət göstərən hüquqi şəxs “Yevlax-Mərkəzi Bazar” Açıq Səhmdar Cəmiyyətinə məxsus ərzaq məhsullarının satışı bazarında yoxlama aparıb.
Qurumdan Lent.az-a verilən məlumata görə, yoxlama zamanı bazarın qida təhlükəsizliyi baxımından dövlət qeydiyyatına alınmadığı, satışa çıxarılan heyvan mənşəli məhsulların (süd və süd məhsulları, yumurta və s.) baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçirilmədiyi, temperatur rejiminə və sanitar-gigiyena qaydalarına əməl olunmadığı, bazar ərazisində antisanitar şəraitdə, baytarlıq ekspertizası aparılmadan quşların kəsiminin, həmçinin mənşəyi məlum olmayan turşuların satışının həyata keçirildiyi, ərzaq satışı mağazalarında mal qonşuluğu prisipinin pozulduğu müəyyənləşdirilib.
Eyni zamanda, qida məhsulları ilə birbaşa təmasda olan şəxslərin ilkin və dövri tibbi müayinədən keçmədiyi, vaxtaşırı dezinfeksiya və deratizasiya işlərinin aparılmadığı məlum olub. Laborator müayinələrin aparılması üçün baytarlıq (baytarlıq-sanitariya) ekspertizasından keçməmiş nehrə yağı adı altında satışa çıxarılan məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub. Aparılmış müayinələr nəticəsində nehrə yağının istehsalı zamanı bitki mənşəli yağlardan istifadə edildiyi aşkar edilib. Faktla bağlı araşdırmalar davam etdirilir.