"Binaları yuyanda nazirləri də görürdük, bizə...": "Hörümçək adam"  Lent.az-a elə şeylər danışdı ki...
05 may 2021 16:03 (UTC +04:00)

"Binaları yuyanda nazirləri də görürdük, bizə...": "Hörümçək adam" Lent.az-a elə şeylər danışdı ki...

Bakıda tez-tez qarşılaşdığımız çoxmərtəbəli şüşə binalar göz oxşayır. Daha çox rəsmi dövlət qurumları, otellər və böyük şirkətlərə məxsus binaların bir də təmizlik məsələsi var. Müxtəlif dizaynda inşa edilən bu göydələnləri təmizləmək elə də asan deyil.

Lent.az-ın budəfəki həmsöhbəti uzun illərdi bizlərin baxanda belə az qala gözümüz qaraldığı həmin o binaların ən yüksək mərtəbələrində gördüyü, şahidi olduğu hadisələrlə birgə, yaşadığı çətinliklərdən də danışacaq. Adı Emil, necə deyərlər, “Hörümçək adam”...

Emil Nurullayev və Nigar Adil 

İlk dəfə təmizlik şirkətlərinin birində süpürgəçi işləyib, Emil. Aldığı məvacib onu qane etmədiyindən, yeni, fərqli sahələrdə özünü sınayıb. Hündürlük mütəxəssisi olana qədər çalışmadığı sahə, öyrənmədiyi sənət qalmayıb:

- Tatu ustası, fotoqraf, montajçı, videoqraf, gitaraçı... Heç birində ürəyim istəyən alınmadı. Elə o ərəfələr çoxmərtəbəli binaları təmizləməyə başlamışdım artıq. Ailəmin mənim qazancıma ehtiyacı olmasa da, işləmək, normal qazanmaq istəyirdim. Nə qədər çalışırdım, alınmırdı. Atam, ailəm məni heç vaxt sevmədiyim, istəmədiyim işdə çalışmağa məcbur etməyib. Ona görə, bu qədər yerdə özümü sınaya bildim. Bilirdim ki, haradasa alınacaq, hansındasa özümü tapacam.

Sınaq mərhələsində təmizlədiyi ilk çoxmərtəbəli bina Bakı Biznes Mərkəzi, işə qəbul edildikdən sonra təmizlədiyi birinci bina isə Mərkəzi Bank olur:

“Təmizlik şirkətində işləyəndə bir çox dövlət binaları, özəl şirkətlər, otellərə məxsus çoxmərtəbəli binaların şüşələrini təmizləmişik. Hərəsində bir maraqlı hadisə ilə qarşılaşırdıq. Dövlət binalarının şüşələrini yuyanda nazirləri belə görürdük - Sahil Babayevi, Ziya Məmmədovu, Misir Mərdanovu... Bəziləri bizə yaxşı bəxşiş də verirdi.”

Bir müddətdən sonra yoldaşlarından ayrılan “Hörümçək adam” tək işləmək qərarına gəlir:

“Tək işlədiyim vaxtlarda avadanlıqlarım həmişə zəif olurdu. İp hər il dəyişilməli idi, amma 6 ili eyni iplə, 10 ili eyni təchizatla işlədim. Ayda 200 manat qazanırdımsa, necə dəyişə bilərdim? Orda artıq hündürlüyə çıxanda deyirdim ki, indi düşəcəm, bir azdan düşəcəm”.

Emil Nurullayev

İşində xeyli uğur qazanan müsahibimin hazırda özünün təmizlik şirkəti var:

“Bu işi qurmaq üçün riskə getdim, yüksək məbləğdə kredit götürdüm. Avadanlıqlar çox bahadır. Əvvəl bir nəfər işçi götürdüm, binaları ikimiz yuyurduq. Son 6 aydır özüm sadəcə rəhbərlik edirəm.”

İşin maddi tərəfi ilə maraqlandıqda Emil bəy ürəkli danışır. İşçilərinin maaşını 500 manatdan 1000 manata qaldırıb:

“Biz də belə sistem yoxdur. Türkiyədə belədir və yaxşı üsuldur. İşçilər həvəslənir. Mən bunun əziyyətini çox çəkmişəm. İstəyirəm, komandam ən yaxşı olsun.”

Bu iş üçün tələb olunan ən vacib məqam isə hündürlük qorxusuna qalib gəlməkdir:

Emil Nurullayev

- İşçilərdə yaş, çəki məhdudiyyəti yoxdur, amma uzun və arıq olmaq üstünlükdür. Ağıq çəkili adam çətinlik çəkir, cəld hərəkət edə bilmir. Bu iş cəldliyi sevir. Yuxarıdan aşağı hamı eyni vaxtda düşməlidir. Biri gecikəndə, digərinin yuduğu şüşə batır. Boyu balaca olmaq çətinlik yaradır.”

İşçilərin maddi təminatına və təhlükəsizliyinə həssas yanaşsa da, peşə prinsiplərində ciddidir:

“İşi bilməyəni götürmərəm. Bu riskdir! Ən azı iki-üç il təcrübəsi olmalıdır. İş yerlərində təcrübə tələb edənlərin əleyhinəyəm, amma bu iş o işdən deyil. Bir balaca ehtiyatsızlıq və ya naşılıq olsa, ağır nəticələnə bilər. Əslində, mənə təcrübəsiz adam sərf edir, maaş baxımından. Amma bu riskdir və mən o riskə heç vaxt getmirəm. İşçinin sertifikatı var, kurs bitirib və hündürlükdə işləmək hüququ verilib. O zaman məsuliyyət məndən çıxır, çünki adam artıq peşəkardır”.

İşçilərin təhlükəsizliyini isə ən yaxşı avadanlıqlarla təmin etmək mümkündür. Elə aidiyyatı dövlət müəssisələri də şirkət rəhbərlərindən ilk olaraq bunları tələb edir:

Emil Nurullayev

“Avadanlıqlar istehsal edildiyi firmaya və qiymətə görə dəyişir. Elə firma var çox keyfiyyətli istehsal edir, qiymət də yüksəkdir. Elə firma var qiymət normaldır, zəmanəti də etibarlıdır. On il orta təminatlı avadanlıqla işləmişəm. Heç nə olmayıb. Bizim bağlandığımız iplərə 2 maşını bağlayıb dartmaq mümkündür. İçərisində bir neçə qat “tros” var. Təhlükə yalnız səhv bağlayanda, ya kimsə bilə-bilə kəsəndə, yaxud da avadanlıqda başqa nəyisə səhv edəndə ola bilər. İpin qırılması mümkün deyil. İkili iplə qoşuluruq. Birinə nəsə olsa, o biri insanı saxlayır. Ağırlıq saxlama gücü yarım tondur. Yuxarıda 50 kiloluq insan aşağıda 200 kilo ola bilir. Aşağı düşdükcə çəki artır. Ona görə də hər il avadanlıq dəyişilir. Gündə və ayda 15-20 dəfə işlənən ip ildə bir dəfə dəyişilməlidir.”

İş prosesi də maraqlıdır. Yuyulacaq binaya yerində baxış keçirilir. Qiymət kvadrata, şüşənin çirklilik dərəcəsinə görə dəyişir:

“Bir də yuyulma vaxtı önəmlidir. Məsələn, min kvadratmetri normalda üç-dörd nəfər ən geci iki günə yuya bilər, amma bir həftəyə qədər də uzana bilər.

Binanın nə qədər əlverişli olması, dizaynı da şərtdir. Əlverişsiz binanı yumaq sərf eləmir. Vaxt çox gedir və növbəti şüşəyə keçəndə yuduğun şüşələr yenidən çirklənir. Bu, qiymətə təsir edir.”

Emil Nurullayev

“Hörümçək adam”ın qalxdığı ən hündür bina 50 mərtəbə olub. Yuyulması ən çətin bina isə “SOCAR”ın binası və “Alov qüllələri”dir:

“Həm külək tutan yerdir, həm də binanın quruluşu elədir ki, onu yumaq məşəqqətdir!”

Bəzən, yüksək vəzifəli məmurların, məşhur iş adamlarının evlərinin də şüşələrini yumaq ona etibar edilir:

“Evi zəngin olmayan vəzifə sahibi yoxdur. Bilirsiniz, çox zənginlik olanda zövq itir. Azərbaycan əsilli dünyaca məşhur iş adamının evində işləyirdik. Evdə xəritə ilə gəzsək də, qapını tapmaq mümkün deyildi. İnsan birinci, ikinci evini zövqlə dizayn edə bilər. Evlər çoxaldıqca artıq absurdlaşmağa başlayır, qəribə fantaziyalar meydana çıxır. Yüksək vəzifəli bir şəxsin evi piramida formasındadır. Ev, həyət Misir piramidaları, Misir allahları ilə doludur. Buna nə ehtiyac var? Bu evlərin içi də, çölü də daşdır. Bildiyiniz muzeydir. Ev evdən çox hər şeyə oxşayır. Təsəvvür edin, muzeydəsiniz. İnsan heç muzeydə rahat oturub çay içə bilərmi?”

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12480
avatar

Nigar Adil

Oxşar yazılar