Beyləqanda 4 nəfəri öldürəni neçə il CƏZA GÖZLƏYİR?
03 dekabr 2022 15:16 (UTC +04:00)

Beyləqanda 4 nəfəri öldürəni neçə il CƏZA GÖZLƏYİR?

Xəbər verdiyimiz kimi, Beyləqanda 27 yaşlı Fuad Cəlilzadə düşmənçilik etdiyi ailənin dörd üzvünü güllələyərək, öldürməkdə ittiham olunur.

Bu dəhşətli hadisə təbii ki, cəmiyyətin hiddətinə səbəb olmaqla yanaşı, gündəmin müzakirə mövzusuna çevrilib.

Bəs, F. Cəlilzadəni nə qədər həbs cəzası gözləyir? 

Bununla bağlı "Norma" hüquq mərkəzinin direktoru, hüquqşünas Şamil Paşayev Lent.az-a açıqlamasında deyib ki, ittiham olunan şəxs iki və daha çox şəxsi qətlə yetiribsə, cinayət məcəlləsinin 120.2.7-ci maddəsinə əsasən, on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır:

"Nəzərə almaq lazımdır ki, şəxsin törətdiyi əməl xüsusilə ağır cinayətlər kateqoriyasına daxildir. İlkin istintaq müddəti dörd ay davam edir və bu müddət artırıla da bilər. İttiham olunan şəxs ilkin olaraq istintaq təcridxanasına yerləşdiriləcək. Daha sonra cinayət işi ittiham aktı ilə məhkəməyə göndəriləcək".

Hüquqşünas onu da bildirib ki, cinayətin ağır nəticələrə səbəb olması və törədilməsində fəal iştiraketmə, cinayəti odlu silahla törədilməsi cəzanı ağırlaşdıran hallar hesab edilir. 

Xatırladaq ki, hadisə nəticəsində qətlə yetirilənlər 56 yaşı Nadir Quliyev, 51 yaşlı Tərgül Quliyeva, 26 yaşlı Amin Quluzadə və 20 yaşlı Xəyal Quluzadədir. Hazırda istintaq davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5151
avatar

Nigar Namiq

Oxşar yazılar