Ruh çıxarmaq üçün istifadə olunan iy
11 mart 2021 14:16 (UTC +04:00)

Ruh çıxarmaq üçün istifadə olunan iy

Bədəndən çıxan ruh, 150 yaşlı iy, dirilən uşaq - Lent.az-da UNİKAL REPORTAJ

...Əlindəki oxlovabənzər bir əşya ilə içəri girib oturduğumuz stola yaxınlaşır. Bir tikə çörək və duzu qoyur stolun üstünə. Daha sonra oxlovu xatırladan bu əşyanı duzun və çörəyin üzərindən astaca yelləməyə başlayır. Dodağının altında dualar pıçıldayır. 

- Atanın urfudu. Quran istəyir, bala.

 

...Sahil qəsəbəsindəyik. Yasəmən nənənin evində. 70 yaşı var Yasəmən Səmədovanın.

Ucar rayonunun Müsüslü kəndində dünyaya gəlib, boya-başa çatıb. Sonra müəyyən səbəbdən bu qəsəbəyə köçüb. Onun qonağı olmağımızın isə bir səbəbi var: Bu da onun bir qabiliyyəti ilə bağlıdır – Yasəmən nənə insanı narahat edən ruhları çıxarmaq gücünə malikdi.

Hə, Yasəmən nənə 20 ilə yaxındır ki, ruh çıxarır. Ölmüş insanın ruhunu dirilərin bədənindən. İlk eşidəndə elə biz də təəccübləndik. Heç elə şey olar? Axı ölən birinin ruhu bizim bədənimizdə nə gəzir? Görəsən ölmüş yaxınımızın ruhu niyə bizim bədənimizə girir?

Sən demə olar...

Ruh çıxarmaq üçün istifadə olunan iy

- Əgər rəhmətə gedən bir yaxınımızı, əzizimizi yada salmır, onu yad etmiriksə, onun üçün dualar oxudub ehsan vermiriksə, onda həmin insanın ruhu gəlir və bizə narahatlıq verir. Nəticədə həmin rəhmətə getmiş insanı tez-tez yuxuda görürük. Uruf tutan adama günün şər qarışan vaxtında baxıram. Elə adamda temperatur, üşütmə, titrəmə kimi əlamətlər olur. Qarışıq yuxular görür.

Hə, elə ki, ölmüş əzizimizin ruhu bədənimizdən çıxır onda əhval olur əvvəlki kimi. Amma ruhu çıxaranın halında bir dəyişiklik ola bilər. Çünki...

- Bu vaxta qədər minlərlə insandan uruf çıxarıb, onların rahatlığını geri qaytarmışam. Heç vaxt da pul - filan istəməmişəm. Kim nə qədər veribsə, verib. Amma heç nə verilməsə, bu mənə ağırlıq edir. Özümü narahat, yorğun hiss edirəm. Qarışıq yuxular görürəm. Tanıdığım, tanımadığım ölmüş insanlar gəlir giri yuxuma.  Çünki mən dua oxuyanda ölülərin adını çəkirəm. Məhz uruf çıxaracağım insanın ən yaxın ölülərinin. Əgər o mənə heç nə verməsə, adını çəkdiyim həmin ölülər yuxularıma gəlir. Ona görə də yaxşı olar ki, heç olmasa bir qənd parçası da olsa, nəsə versinlər. Lap bir tikə çörək.

“Əlindəki bu oxlovabənzər nədir, ay nənə” deyə sual verdikdə, belə cavab verir:

- Bunun adı iydir. Urufu ölçən iy.  Yüz əlli ilə yaxın yaşı var bunun. Mənə bibimdən, bibimə də anasından qalıb. Nənəmə kimdən qalıb, bax onu bilmirəm”.

Ruh çıxararkən istifadə olunan duz və çörək

Yasəmən nənə deyir ki, ancaq nəsildən-nəslə, qan bağı olanlara keçir bu qabiliyyət:

- Yad birinə ötürmək günahdır. Onu da deyim ki, bu ancaq qadından qadına ötürülə bilər. Mənə bibim tərəfindən ötürülüb. Sürəyya bibimə də anası, yəni mənim Dursun nənəmdən qalan qabiliyyətdir. Bibim ölənə qədər qulluğunda mən durmuşam. Sürəyya bibi bir gün məni çağırıb dedi ki, indi də mənə verdi bu bacarığı. Oxuduğu duaları, sözləri öyrətdi, üç dəfə tüpürdü əlimin üstünə və onunla da həmin qabiliyyəti keçdi mənə. Mən də elə həmin gündən 40 kəsirəm, qorxunu götürürəm.

Yanıma kimlər gəlməyib ki?! İstər öz rayonumuzun kəndlərindən olsun, ətraf rayonlardan, istərsə də Bakının kəndlərindən. Eşidən - bilən gəlir. Yanımdan çıxanda da canıma dua edirlər. Türkiyədən də gələn olub, Rusiyadan da... Bir də görürsən telefonla zəng edirlər ki, mən özümü narahat hiss edirəm. Bir bax görək uruf tutubmu? Baxıram, varsa, çıxardıram. 

Əməkdaşımız Səbuhi Məmmədli ilə gəlmişik Yasəmən nənəgilə. Bir neçə gündür özünü narahat hiss etdiyini deyir, həmkarımız. Yasəmən nənə əlini onun alnına qoyub deyir:

- İstiliyin də var. Üşüdürsən?

- Hə, axşamlar titrəmə də olur.

- Urufun var. Bu dəqiqə baxaram ki, kimindir, nə istəyir?!

...Əlindəki oxlovabənzər bir əşya ilə içəri girib oturduğumuz stola yaxınlaşır. Bir tikə çörək və duzu qoyur stolun üstünə. Daha sonra oxlovu xatırladan bu əşyanı duzun və çörəyin üzərindən astaca yelləməyə başlayır. Dodağının altında dualar pıçıldayır.

Yasəmən Səmədova və Səbuhi Məmmədli

- Atanın urfudu. Quran istəyir, bala.

- Dünən gecə yuxuma da girmişdi.

- Mütləq Quran oxutdur. Ruhu şad olsun.

- Bəlkə ehsan istəyir?

-Yox, bir-bir adlarını çəkdim, Quran deyəndə dayandı iy. Həm də çörəyin üstündə. Nahaq deməyiblər ki, çörək Qurandan irəlidi.

Mən də bədənimdə ruhun olub-olmadığını yoxlatmaq istəyirəm. Rəhmətə getmiş yaxınlarımın adını deyirəm. Yasəmən nənə dualar oxuyur və eyni qayda ilə davam edir. İy dayanmır...

- Yoxdu. Heç kimin ruhu səni narahat etmir.

Yasəmən nənə qırx da kəsir və deyir ki...

- Bir uşağı diriltmişəm. İşə gedirdim. Gördüm ki, qonşu gəlinin qolunun üstündə sallanıb qalıb. Uşaqda nə hal var, nə taqət. Soruşdum ki, ay Ruhiyə, uşaq niyə bu haldadı? Gəlin də dedi ki, Yasəmən xala, hara aparsaq da xeyri yoxdur. Dərdi də nədir bilmirik. Baxan kimi dedim ki, uşaq qırxa düşüb. Üç çərşənbə gərək uşağın qırxını kəsim. Elə də etdim. Üç çərşənbə ard-arda qırxını kəsdim. Hər dəfəsində uşağın halı bir az daha yaxşı oldu. Axırıncıda sağalıb ayağa qalxdı. O uşaq əsgər gedib gəlib. Həmişə görəndə deyirəm ki, sən mənim oğlumsan. Allah qorudu, saxladı onu. Mən də vasitəçi oldum .

 

Bədəndən çıxan ruh, 150 yaşlı iy, dirilən uşaq - Lent.az-da UNİKAL REPORTAJ

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 21645
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar