Bakının məşhur restoranlarındakı saysız-hesabsız nöqsanlar - Müştərilərin  DİQQƏTİNƏ!
09 iyun 2021 16:06 (UTC +04:00)

Bakının məşhur restoranlarındakı saysız-hesabsız nöqsanlar - Müştərilərin DİQQƏTİNƏ!

Kafe və restoranlardakı yoxlamalar, orada qeydə alınan nöqsanlar daim medianın və istehlakçıların diqqətində olub. Həmin obyektlərin mətbəxlərindəki natəmizlik  isə müştəriləri daha çox narahat edir.

Karantin rejimi tətbiq olunandan bəri Azərbaycanın Qida Təhlükəsizlik Agentliyi demək olar hər gün müxtəlif ictimai-iaşə obyektlərində qeydə alınan nöqsanlar barədə məlumat yayır. Görəsən, həmin nöqsanlar nədən ibarətdir? Daha çox hansı pozuntulara rast gəlinir?

AQTA-nın şöbə müdiri Əkbər Əliyev Lent.az-a bildirib ki, indiki dövrdə daha çox koronavirusla mübarizə tədbirləri çərçivəsində ictimai-iaşə obyektlərinə qoyulan tələblərə hansı səviyyədə riayət edilməsi yoxlanılır:

“Fevralın 1-dən bu günədək AQTA əməkdaşları ictimai-iaşə obyektlərində mütəmadi monitorinqlər aparır. Məqsəd karantin qaydalarına nəzarət və pandemiyanın yayılmasına qarşı tədbirlər görməkdir. Bu monitorinqlər isə Nazirlər Kabinetinin 237 saylı qərarı ilə tənzimlənir. Həmin qərar əsasında restoranlardakı sıxlıq dərəcəsi müəyyənləşdirilib. Bu qayda üçün kafe və restoranların girişində məlumat lövhəsi yapışdırılmalıdır. Obyektdə karantin qaydalarına nəzarət etmək üçün məsul şəxs fəaliyyət göstərməlidir.

Aşkarlanan nöqsanların 90 faizi qoruyucu vasitələrdən düzgün istifadə edilməməsi ilə bağlıdır. 6 faiz isə zalda müştərilər üçün təyin olunan sıxlıq qaydalarının pozulmasıdır. Sadalanan xətalarla bağlı İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə cərimə tətbiq olunur”.

Azad İstehlakçılar Birliyinin sədri, AQTA yanında İctimai Şuranın üzvü Eyyub Hüseynov isə deyib ki, bəzi bəzəkli zalları olan restoranların mətbəxində monitorinq zamanı həddən artıq natəmizlik olduğu üzə çıxır:

Azad İstehlakçılar Birliyinin sədri, AQTA yanında İctimai Şuranın üzvü Eyyub Hüseynov

“Kafe və restoranlarda Qida Təhlükəsizlik Agentliyi monitorinqlər aparır. Əvvəlcə birinci yerdə maarifləndirmə işləri aparılır. Karantin qaydalarının pozulması faktları daha çox müşahidə olunur. Masaların bir-birindən hansı məsafədə qoyulması, masa arxasında oturanların sayı, stollarda dezinfeksiyaedici məhlulun olub-olmaması kimi məsələlər önə çəkilir. Onu da qeyd edim ki, ciddi məsələlərdən biri kafe və restoranların mətbəxləridir. Hətta bəzən ən bəzəkli restoranların da mətbəxinə baxış keçirəndə ifrat dərəcədə natəmiz olduğu üzə çıxır. Onu da deyim ki, xüsusən rayonlara gedən yolların kənarındakı restoranların sanitar qovşağı həddən artıq natəmizdir. Düşünürük ki, bu cür nüanslara insanlar fikir verməli, əslində o yerlərə, ümumiyyətlə, getməməlidir”.

Təşkilat sədri Bakının mərkəzində fəaliyyət göstərən məşhur kafenin mətbəxindən də danışıb:

“Biz 4 il əvvəl təşkilat olaraq Bakının mərkəzindəki bir kafenin zalına monitor qoymuşduq. Orada müştərilər mətbəxi izləyə bilirdilər. Ancaq təəssüflər olsun ki, bu yaxınlarda həmin “Kolorit” kafedə olanda monitorda görüntülər olmadığını gördüm. Belə çıxır ki, yenə orada antisanitar vəziyyət davam edir. Bəzəkli zallarda oturan müştərilərin mətbəxdə baş verənləri görməsinə nail olmalıyılq. Ümumiyyətlə, tövsiyə edirik ki, mətbəxi açıq olan restoranlara üstünlük verilsin. Gizli mətbəxlərdə gizli işlər olur. AQTA istəmir ki, ictimai iaşə obyektləri cərimə olunsun, bağlansın və s. İstənilən odur ki, istehlakçılara düzgün xidmət göstərilsin”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2616
avatar

Mehman Nəbiyev

Oxşar yazılar