“Burada qara tryufel göbələyi 130, quanabana 95, çerimoyya 75, gold ananas 18, durian 50, cekfrut 48, Braziliya qozu 40, mini tumsuz qarpız 16, sarı qarpız 28, Mərakeş portağalı 2, salak 6, malina 16 manata təklif olunur”
Bəli, qara tryufel göbələyi, quanabana, durian, Braziliya qozu … Gündəlik eşitmədiyimiz, bəlkə də çoxlarının dadından xəbərsiz olduğu bu meyvələrin qiyməti də ən azı dadı qədər təəccüb və maraq doğurur.
Bu meyvələrin vətəni haradı? Ölkədə satışı necə təmin olunur? Ən əsası adını, dadını bilmədiyimiz bu ekzotik meyvələrin qiymətini kim və nəyə əsasən təyin edir?
Bütün bu suallara cavab tapmaq üçün yolumuzu ekzotik meyvələrin satıldığı mağazaya saldıq. Bizi maraqlandıran suallara mağazanın sahibi Əşrəf Şıxəliyev cavablandırdı.
- İdeya 4 il bundan öncə İndoneziyaya səfər zamanı gəldi. Əvvəl azərbaycanlı müştərilərin diqqətini cəlb etmək çətin olsa da, artıq bütün bunlar geridə qalıb. İndi maddi vəziyyətindən asılı olmayaraq, hər kəs ən azı bir dəfə də olsa, bu fərqli meyvələrin dadını bilmək istəyir. Payız və qış aylarında kifayət qədər müştərimiz olur. Yaz aylarında yerli giləmeyvələr çox olduğu üçün bu meyvələrə tələbat azalır.
Mağaza sahibi hazırda müştərilərin yüksək vəzifəli məmurlar, məşhur simalar olduğunu deyir:
- Davamlı olaraq xüsusi müştərilərimizdən böyük səbət təklifi alırıq. Bundan əlavə məşhur simalardan bizə müraciət edənlər var. Onlardan Bəhrəm Bağırzadə miks, Faiq Ağayev manqo, Renkanın qızı çiyələk və kokosu, çox sevir. Pandemiyadan öncə iri restoran səbətlərindən də sifarişlər qəbul edirdik.
Bu butikdə qara tryufel göbələyi 130, quanabana 95, çerimoyya 75, gold ananas 18, durian 50, cekfrut 48, Braziliya qozu 40, mini tumsuz qarpız 16, sarı qarpız 28, Mərakeş portağalı 2, salak 6, malina 16 manata təklif olunur.
Qiymətlərin baha olmasının müştərilər tərəfindən necə qarşılandığı ilə maraqlandıqda, Əşrəf bəy nə demək istədiyimi anlayır. Meyvələrin gətirilmə və qiymətləndirmə prosesindən öncə dünyanın ən bahalı meyvəsi ilə bizi tanış edir:
- Dünyanın ən bahalı meyvəsi yubana yemişidir. Qiyməti 13000-15000 dollar civarındadı.
- Satdığımız meyvələr isə öz yerində çox ucuzdu. Biz bir az çox alırıq deyə, ümumiyyətlə kq 1-2 dollar civarinda olur. Məsələn, bizdə manqo peru satılır. Manqonun dünyada 200 dən çox növü var. Ən dadlısı peru hesab olunur. Ona “king manqo” da deyilir. Peruda meyvələr toplanır, Frankfurta gəlir, oradan İstanbula. Daha sonar təyyarə ilə Bakıya gəlir. 3 təyyarə reysi dəyişilir. Bakıda Qida Təhlükəsizliyi Agentliyi yoxlayır. Fitosanitar yoxlama, gömrük rəsmiləşməsi ilə yekun satış qiyməti belə baha gəlib çıxır.
Bəzi meyvələrdə müştərilərə dequstasiya xidməti təklif olunur. Məsələn, makadamia fındığı, malina, fizalis. Amma elə meyvələr də var ki, onların dadına baxmağa icazə verilmir. Buna səbəb isə o meyvələrin iri və bütöv şəkildə satılmasıdır.
- Elə meyvələr var ki, onların dadına baxılmasına icazə versək, bizim üçün fəlakət olar. Manqo perunun bir ədədinin qiyməti 30-35 manatdır. Onu kəsib vermək mümkün deyil.
Gözəl görünüşə və fərqli dada malik olan ekzotik meyvələr, eyni zamanda insan sağlamlığı üçün də faydalıdı.
- Manqustin dəri problemi və ekzema zamanı çox faydalıdı. Manqo göz sinirləri, lonqan qaraciyəri təmizləyir. Koronavirusa görə bu il ən çox C vitamini ilə zəngin olan pomelo, marakuyya, blueberry meyvələrinə üstünlük verilib. Bundan əlavə, Naxçıvan da daxil olmaqla, bütün rayonlara, Gürcüstana, Türkiyəyə çatdırılma var.
İlk illərdə butikin rəqibi olmasa da, hazırda satış bazarında tək deyil. Çeşid çoxluğu və müştəri sayına görə liderliyi əldə saxlan Əşrəf bəy marketoloq olduğundan müştərinin diqqətini çəkmək, məhsulu sevdirməyi gözəl bacarır.
- Əsasən, meyvələr haqqında məlumat verərək faydaları, dadı barədə doğru-düzgün informasiya verilir. Müştərilər daha çox şirin meyvələrə üstünlük verir. Məsələn, manqustin, rambutan, jackfruit.
Dəfələrlə biznesi yüksək qiymətə satmaq təklif olunsa da, Əşrəf bəy və xanımı bu təklifdən imtina ediblər.
Müştərilərlə bağlı bir çox maraqlı məqamları xatırlayan Əşrəf bəy deyir:
- Bir müştərimiz evlilik təklifi edən zaman bizdən səbət yığdırdı və bu qarşı tərəfdən möhtəşəm reaksiyaya səbəb oldu. Təşəkkür əlaməti olaraq, bizi toylarına dəvət etdilər.