“Umbakı”dayıq. Bir tərəfi Hacıqabul, bir tərəfi Qobustan, bir tərəfi Abşeron rayonunu olan Çeyildağ qəsəbəsində...
Amma bura Bakının ərazisidir. Onun, Qaradağ rayonunun Çeyildağ qəsəbəsi. O Qaradağ rayonu ki, Bakının ərazisinin yarısını tutur.
Uzun, kimsəsiz, səssiz yol. Yol boyu bir insana belə rastlaşmadıq. Səngəçaldan dönüb üzü bilinməzliyə sanki. Ətraf Ərəbistan səhralığını xatırladır...
Təsəvvür edin, artıq telefonlarımızda şəbəkə yoxdur. Elə bir yerdir ki, dilin qurusa, su tapmarsan.
Bu qəsəbəyə dünyada çox az sayda insanda tapılan Cüzəm xəstəliyinin sorağı ilə gəlmişik. O xəstəlik ki, sağalmazdı.
Amma bu barədə sonrakı yazımızda danışacağıq.
Budur, çatdıq. Bizi girişdə qəsəbənin icra nümayəndəsi Akif Cavadov qarşılayır. O qəsəbə ki, burda 11 illik məktəb, pul çıxarılacaq bankomat, ödəmə terminalı, qida məhsulları ala biləcəkləri supermarket, uşaqların əylənəcəyi park belə yoxdur. Bu qəsəbədə 9-cu sinfi bitirən qızlar təhsilini davam etdirə bilmirlər. Oğlanlar isə uzun yol qət edərək Səngəçala oxumaq üçün gedirlər. O da kim getsə...
Bura elə bir qəsəbədir ki, oğurluq yox, dava yox, balaca məhəllə marketində siqaret də yox. Hər kəs bir-biri ilə mehriban. Bu qəsəbənin yolunu demək olar ki, polis tanımır.
- Bu evlər əvvəl yataqxana olub. 1947-1948-ci illərdə burda neft kəşfiyyatı olub. Yavaş-yavaş neftçilər dağılışdıqca insanlar bura gəlib məskunlaşıblar. Zaman keçdikcə buralar ev olub.
1952-ci ildən qəsəbəyə insanlar yaşamaq üçün gəlib. Burda Azərbaycanın bütün bölgələrindən olan insanlar yaşayıb. Mircəfər Bağırov 4 dəfə qəsəbəyə gəlib. Burada ruslarla azərbaycanlılar sayı eyni olub vaxtıyla. İndi iki rus yaşayır. Onların övladları da köçüb getdi.
Keçmişin qara çantaları var idi ha, camaat onunla içi dolu maaş alırdı. Müharibədən təzə çıxmışdıq, aclıq idi. Hamı axışırdı bura. İndi də neft var, amma çıxarılmır. Çünki verən hasilat çəkilən xərci ödəmir.
Söhbətimizi Akif müəllimin iş otağında davam edirik. O iş otağı ki, 70 yaşı var. Tipik kənd sovetini xatırladır.
- Bu bina 1952-ci ildə tikilib. Elə o vaxtdan heç nə eləməmişik. Əl də dəyilməyib.
Hazırda qəsəbənin 1300 nəfərə yaxın sakini var. Onlardan 25 nəfəri DOST MMC-də işləyir. 2-3 nəfər məktəb kitabxanasında, bir neçəsi məktəbin texniki işinə baxır. Mədənlər indi fəaliyyət göstərmir, amma orda 7-8 nəfər, elə belə çalışır.
Yolda gələndə, yəqin ki, gördünüz. Burdan o tərəfə yol yoxdur. Ancaq torpaq yoludur. O torpaq yolu ilə Şamaxıya, Hacıqabula çıxış var.
Akif müəllim deyir ki, qəsəbədə kommunal xidmətlər Bakıdan da yaxşıdır:
- Kommunal Bakının mərkəzindən də əladır. Gecə-gündüz su, qaz, işığımız gəlir. Düzdü, bir zamanlar sudan əziyyət çəkirdik. Bizim su kəmərimiz Səngəçaldan gəlirdi deyə borular köhnə idi. Tez-tez deşilirdi. Elə olurdu ki, 15 gün suyumuz gəlmirdi.
İcra başçısı “Azərsu”ya bununla bağlı müraciət elədi. 2015-ci ildə bizə ayrıca su çəkdilər. Bir də yollarla bağlı problemimiz var idi. 1952-ci ildə çəkilən yol olduğu üçün pis günə qalmışdı. 2018-ci ildə yeni yol çəkildi”.
İcra nümayəndəsinin sözlərinə görə, qəsəbədə tək problem 11 illik məktəbin olmamasıdır:
- İndiki vəziyyətdə tək problemimiz odur ki, qəsəbədə 11 illik məktəb yoxdur. Qızlar 9-cu sinfi bitirdikdən sonra təhsilini davam etdirə bilmirlər. 15 il ərzində bizim qəsəbədən 2-3 nəfər təhsilini davam etdirə bilib. Həmin uşaqlar isə 11-ci sinfə qədər oxumaq üçün hər gün 25 km yol qət edib Səngəçala gedirdilər.
Neçə dəfə bununla bağlı Təhsil Nazirliyinə müraciət etmişik. Uşaq az olduğu üçün mümkün olmur. Həm də müəllim azdır. Ucqar qəsəbə olduğu üçün müəllimlər gəlmir.
Qəsəbənin problemi bununla bitmir. Belə ki, icra nümayəndəsi günorta 4-ün yarısından sonra qəsəbəyə avtobusların işləmədiyini deyib:
- Əhali az olduğu üçün avtobus səhər saat 7-də qəsəbədən Lökbatana yola düşür. Eyni vaxtda da Lökbatandan qəsəbəyə digər avtobus gəlir. Hər iki avtobus 9-un yarısı məntəqəyə çatır. Yenidən bu proses təkrarlanır. Günorta 4-ün yarısı sonuncu avtobus Lökbatandan qəsəbəyə, qəsəbədən Lökbatana gəlir. Onunla da nəqliyyat bitir. Düzü, gediş-gəliş də çox yoxdur. Bir xoşbəxtliyimiz var ki, qəsəbənin 90 faizinin maşını var. Avtobusa çox minən yoxdur.
Əslində, qəsəbə Qaradağındı, amma ətrafı Abşeronundu. Yəni otlaq sahəsi Abşerona aiddir. Həmin sahələri də yataqlar icarəyə götürüb. Qəsəbə sakinləri isə mal-qarasını otarmağa yer tapmır.
1000-dən çox əhalisi olan qəsəbədə bir dənə də olsun ictimai-iaşə obyekti, uşaqların əylənəcəyi park belə yoxdur:
- Burda kimdir ki, kafeyə gedən. Nə kafemiz var, nə də restoranımız. Heç çayxanamız da. İki manat çaya verincə, 2 manat verib bir qutu çay alıb bir həftə içərlər də (Gülür).
Parkımız da yoxdur. Hərə bir dənə velosiped alıb, uşaqları qəsəbədə sürür. Kimsə övladını parka aparmaq istəyirsə, Lökbatana gedir”. (Gülür)
Akif Cavadov söyləyir ki, bankomat qurulması üçün isə əhali sayı iki mini keçməlidir:
- Bankomatımız yoxdur. Maaş, pensiyalarımızı çıxartmaq üçün Səngəçala gedirik. Bununla bağlı müraciət etdim. Dedilər ki, əhali azdır. Ən azı 2000 nəfər olmalıdır ki, bankomat qurulsun.
Qəsəbəni gəzirik...
Sakin Zülfüqar Mehrəliyev də 11 illik məktəbin olmadığından şikayətlənir:
- 1979-cu ildən burda yaşayıram. Heç bir çətinliyimiz yoxdur. Tək problem 11 illik məktəbin olmamasıdır. Qızlarımız buna görə təhsil ala bilmirlər. Qızların burdan hər gün 25 km Səngəçala getməsi üçün pul da yoxdur”.
Qəsəbəni gəzdikcə hər evin bir küncündə mavinin müxtəlif tonlarına boyanmış nə isə görürsən. Kimisinin qapısı, kimisinin divarı, kimisinin isə pəncərəsi...
Görünüşündən köhnə daxmaları xatırladan bir evin qapısını döyürük. Bir neçə dəqiqə sonra qapı açılır:
- Salam, necəsiniz?
Vladimir Fyodorovdur. 1952-ci ildən burada yaşayır. 70 ildir. Bircə bacısı yanındadır.
- Qaz var, su var. Hər şey yaxşıdır. 700 manat da pensiya alıram. Daha nə lazımdı ki? Evinə dəvət edir, sağollaşırıq.
Akif müəllim qəsəbədəki 224 nömrəli natamam məktəbi haqqında məlumat verir.
- Siyavuş Muradov adına 224 nömrəli natamam orta məktəbdir. Məktəbimiz əvvəllər 1952-ci ildə tikilən köhnə binada yerləşirdi. 2010-cu ildə Heydər Əliyevin Fondunun təşəbbüsü ilə yenidən tikilib, istifadəyə verildi. Bizim qəsəbə ucqar ərazidə yerləşdiyi üçün bura diqqət çox olub. Məktəbdə hazırda 140-a qədər şagird təhsil alır.
Məktəbdə azca aralaşmışdıq ki, bir uşaq diqqətimizi çəkdi:
- Salam, balaca. Necəsən? Adın nədi?
- Salam, yaxşıyam. Adım Murad Umudovdur. 4-cü sinifdə oxuyuram. Sizin adınız nədir?
- Mənim adım Fidandır. Burda nə ilə oynayırsan?
- Dostlarımla ancaq gizlənqaç oynayırıq. Park yoxdu.
Bəli, uşaq düz deyir. Burda onların əylənə biləcəyi park yoxdur. Bir dənə köhnə futbol meydançası var. Deyilənə görə, yenisi tikiləcək. O vaxta qədər isə onlar yalnız velosiped sürməklə əylənəcəklər.
Hər kəsin “Umbakı” kimi tanıdığı bu qəsəbənin adı haradan gəlir?
- Mircəfər Bağırov hər dəfə bura gələndə “Buranı 10 Bakı kimi edəcəm” deyirmiş. O zamanlar on rəqəmi “um”a çevrilib zamanla. Elə hər kəsin dilində “Umbakı” kimi qalıb.
“Umbakı” həm də cüzamlı xəstələrin müalicə aldığı yer kimi xatırlanır. Qəsəbədən kənarda yerləşir bu xəstəxana. Yolumuz da elə oradır.
Bu da belə... Lent.az-da qalın, başqa heç harda oxumayacaqsınız...